Məhkəmə qərarları › İş №2(036)-87/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-87/2025

10.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-87/2025 10.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı Ərizəçi, habelə onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə "doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, Təsviri hissə: Ərizəçi maraqlı şəxs İmişli Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə "doğum faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində doğulmağı faktının müəyyən edilməsi, doğum akt qeydində atasının X7, anasının X34 yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. Əvvəllər hər bir Azərbaycan vətəndaşı kimi Azərbaycan SSR pasportunu daşımışdır. Azərbaycan Respublikası müstəqil olduqdan sonra Rusiya Federasiyasına gedərək hazırda Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Anası mərhum X23 məxsus İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən həyətyanı və pay torpaq sahəsinin onun vərəsələri tərəfindən qəbul edilməsi üçün mərhumun oğlu olaraq onun doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur. Qeydiyyat şöbəsinə müraciət etdikdə Qeydiyyat şöbəsindən ona bildiriblər ki, doğum haqqında şəhadətnamə verilməsi üçün doğum qeydə alınmalı və ya doğum bərpa olunmalıdır. Doğumun qeydə alınması üçün tələb olunan sənədlərdən biri də doğum faktını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi və ya uşaq tibb müəssisəsindən kənarda doğulduğu zaman doğuma kömək göstərmiş və doğuşdan sonra həkimin verdiyi sənəddir. Qeyd edir ki, anası vəfat etmişdir. Onun hansı formada dünyaya gəldiyinə dair hər hansı bir məlumatı olmadığı üçün həmin sənədləri müvafiq orqana təqdim etmək imkanı yoxdur. Ərizəçi İmişli Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə "doğum faktının müəyyən edilməsi" barədə ərizəsinə əsasən iddia ərizəsini dəqiqləşdirərək, xx.xx.1962-ci ildə İmişli rayonu, Bəhrəmtəpə (keçmiş bir May) qəsəbəsində doğulmağı faktının müəyyən edilməsi, doğum akt qeydində atasının X7, anasının X27 olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda həmin iddianın hüquqi əsasları ilə əlaqədar aşağıdakı əlavəni qeyd edərək iddia tələbi aşağıdakı formada dəqiqləşdirilmişdir. Belə ki, Ərizəçi Azərbaycan SSR vətəndaşlığını təsdiq edən pasportundan görünür ki, o, xx.xx.1962-ci ildə İmişli rayonu bir May (hazırkı Bəhrəmtəpə) qəsəbəsində anadan olmuşdur. Belə ki, doğulduğu Bəhrəmtəpə qəsəbəsi əvvəllər bir May adlandığı üçün ərizəçinin Azərbaycan SSR vətəndaşı olmasına dair pasportunda da bu cür qeyd olunmuşdur. Bundan başqa İmişli rayon İHB-nın Qaragüvəndikili inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayışdan görünür ki, İmişli rayonu, Qaragüvəndikli kəndi 1991-ci ilədək İmişli rayonu, bir X37 tərkibində olmuş, Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-Xİİ saylı Qərarı ilə İmişli rayonu, Bəhrəmtəpə (keçmiş 1 May qəsəbə) Sovetindən ayrılaraq hazırda Qaragüvəndikli inzibati əriazi dairəsi tərkibindədir. Qeyd olunanlarla bağlı iddia tələbi ilə əlaqədar aşağıdakı formada dəyişiklik edərək “xx.xx.1962-cı il təvəllüdlü Ərizəçi İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində (keçmiş bir May) anadan olması, atasının X7, anasının X27 olması faktının müəyyən edilməsi” xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs İmişli Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən Səfa Baxış məhkəməyə məktubla müraciət edərək bildirmişdir ki, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə üzürlü səbəbdən iştirak edə bilməməsini və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 bildirmişdir ki, o, ərizəçi – Ərizəçi həmkəndlisidir. Valideyinləri- atası X7, anasının adını xatırlamır. Ərizəçi xx.xx.1962-ci ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 bildirmişdir ki, o, ərizəçi – Ərizəçi həmkəndlisidir. Valideyinləri- atası X7, anası X27 olmuşdur. Ərizəçi xx.xx.1962-ci ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində doğulmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İmişli “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 09 iyul 2024-cü il tarixli “Doğumun qeydə alınmasından imtina haqqında” rəyindən görünür ki, Azərbaycan Respublikası xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası“nın 2.5.3-cü yarımbəndinə əsasən doğumun qeydə alınması doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında aparılır. Tibbi şəhadətnamə olmadığından hazırda doğumun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan İmişli RİHB-nın Qaragüvəndikli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 120 saylı arayışından görünür ki, Ərizəçi həqiqətən də İmişli rayonu, Qaragüvəndikli kəndində yaşamış, onun və ailə üzvlərinin 0,15 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yaşayış üçün evləri və 1997-ci il torpaq islahatı gedən zaman qeyd edilən ölçüdə pay torpaq sahəsi vardır. İş materiallarında olan İmişli RİHB-nın Qaragüvəndikli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 06 saylı arayışından görünür ki, İmişli rayonu, Qaragüvəndikli kəndi 1991-ci ilədək İmişli rayonu, bir X37 tərkibində olmuş, Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli ,54-Xİİ saylı Qərarı ilə İmişli rayonun Bəhrəmtəpə (keçmiş Bir May) Sovetliyindən ayrılaraq hazırda Qaragüvəndikli kənd inzibati ərazi dairəsi tərkibindədir. İş materiallarında olan 66 ******* nömrəli Rusiya Federasiya vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Azərbaycanda anadan olmuşdur. İş materiallarında olan Xİİ-JQ 719232 nömrəli SSRİ vətəndaşının pasportunun surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Azərbaycan SSR İmişli rayonu, bir May qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli AZ-İ 685088 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2024-cü ildə İmişli rayonu, Qaragüvəndikli kəndində vəfat etmiş və xx.xx.2014-cü il tarixdə 427 nömrəli akt qeydləri kitabında qeydə alınmışdır. İş materiallarında olan Ülvi Abasovun, Ələmdar Hüseynovun, X8, X10 və X11 iştirakı ilə İmişli rayon RİHB-nın İmişli rayon Qaragüvəndikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Ərizəçi atası X7 hal-hazırda Rusiya Federasiyasında yaşayır. Aktı öz imzaları ilə də təsdiq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli «hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən planda sərhədləri göstərilmiş 9.7773 ha torpaq sahəsi X9, X1, X32, X19, X5, X2, X3, X4, X6 və X12 ümumi mülkiyyətinə verilmişdir. Əsaslandırıcı hissə: Ərizəçi xx.xx.1962-ci ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində doğulduğu, lakin doğumun qeydə alınmaması səbəbindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir: İş materialları ilə yanaşı məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla da müəyyən edilmişdir ki, Ərizəçi həqiqətən də xx.xx.1962-ci il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. Qeyd edilən xüsusatlar iş üzrə dindirilmiş şahid ifadələri və təqdim olunmuş tibbi sənədlər əsasında öz təsdiqini tapır. Ərizəçi doğum haqqında şəhadətnamə alınması üçün qeydiyyat orqanına müraciət etsə də, qeydiyyat orqanı şəxsin doğumunu təsdiq edən tibbi şəhadətnamə olmadığından doğum haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Məhkəmə şahid ifadələrinə qiymət verərək, onun ərizəçinin qohumları olduğunu, eləcə də həmin şahid ifadələrində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə də təsdiqləndiyini nəzərə alaraq, X20 və X24 ifadələrini mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə, iş materiallarına hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizəçinin xx.xx.1962-ci il tarixdə anadan olması iş materialları və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapdığından, həmçinin həmin faktın təsdiq edilməsi başqa yolla mümkün olmadığından, həmin faktın müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində doğumunun qeydə alınması faktının müəyyən edilməsi məqsədə uyğundur. Məhkəmə xüsusi ilə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.5-ci maddəsinə əsasən valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, nikah haqqında şəhadətnamə və uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında doğum haqqında şəhadətnamə almaq mümkündür. Məhkəmə qeyd olunanları, eləcə də ərizəçinin qardaşının doğumunun qeydə alınmasını təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1962-ci ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində doğumunun qeydə alınması faktı müəyyən edilməli, ata qrafasında X7, milliyəti azərbaycanlı, ana qrafasında isə X34, milliyəti azərbaycanlı göstərilməklə müvafiq məlumatlar qeyd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1962-ci ildə İmişli rayonu, Bəhrəmtəpə (keçmiş bir May) qəsəbəsində doğumunun qeydə alınması faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında akt qeydi icra olunaraq, akt qeydində doğum tarixi qrafasında – xx.xx.1962-ci il, doğum yeri qrafasında – İmişli şəhəri, Bəhrəmtəpə (keçmiş bir May) qəsəbəsi, ölkə qrafasında - Azərbaycan, ata qrafasında - X7, milliyəti - azərbaycanlı, ana qrafasında - X27, milliyəti - azərbaycanlı məlumatları qeyd edilsin. Hazırki qətnamə Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar