Məhkəmə qərarları › İş №2(036)-966/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-966/2024

30.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-966/2024 30.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı ərizəçinin 10 mart 1992-ci il təvəllüdlü mərhum arvadı X1 21 noyabr 2023-cü ildə Biləsuvar rayonu, Arazbari kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. Ərizəçi maraqlı şəxsə qarşı ərizəçinin 10 mart 1992-ci il təvəllüdlü mərhum arvadı X1 21 noyabr 2023-cü ildə Biləsuvar rayonu, Arazbari kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin xx.xx.1992-cı il təvəllüdlü arvadı X2 21 noyabr 2023-cü ildə vəfat etmiş və Beyləqan rayonu, İmamverdilər kənd qəbristanlığında dəfn olunmuşdur. Onun ölümünü vətəndaşlıq vəziyyəti qeydiyyatı orqanında qeyd etdirməmişdir. Hazırda sənədləşmə işi ilə əlaqədar mərhum arvadının ölüm sənədi lazımdır. Ərizəçi maraqlı şəxsə mərhum arvadının ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmişdir. Lakin maraqlı şəxs bundan imtina rəyi vermiş, səbəb də ölüm faktını təsdiq edən tibbi sənədin olmaması göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Maraqlı şəxs ərizəylə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, ərizəçi həmkəndlisidir. Ərizəçinin arvadı ölmüş, dəfndə iştirak etmişdir. Mərhum Beyləqan rayonundan olduğu üçün Beyləqan rayonu, İmamverdilər kənd qəbristanlığında dəfn olunmuşdur.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, dəfndə və yas mərasimində iştirak etmişdir. Mərhum Beyləqan rayonundan olduğu üçün Beyləqan rayonu, İmamverdilər kənd qəbristanlığında dəfn olunmuşdur.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

IV. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

10. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları: 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. İmişli Rayon İcra Hakimiyyətinin Aranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İmişli rayonunun Aranlı kəndində qeydiyyatda olan X2 21 noyabr 2023-cü il tarixdə atasının yaşadığı Biləsuvar rayonunun Arazbari kəndində ölmüş və Beyləqan rayonu, İmamverdilər kənd qəbirstanlığında dəfn edilmişdir.

12. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi isə qeydiyyat şöbəsinə ölüm faktını təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Mərhum, X1 ölümünün qeydə alınmasından imtina edilmişdir.

13. İşin müəyyən edilən hallarından görünür ki, X2 21 noyabr 2023-cü il tarixdə Biləsuvar rayonu, Arazbari kəndində ölmüş və o, Beyləqan rayonu, İmamverdilər kənd qəbirstanlığında dəfn edilmişdir. Onun ölümü haqqında həkim şəhadətnaməsi yoxdur. Ərizəçi həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərilmişdir.

14. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X1 21 noyabr 2023-cü il tarixdə Biləsuvar rayonu, Arazbari kəndində ölməsi faktı müəyyən edilməlidir.

VI. Nəticə:

15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. 10 mart 1992-ci il tarixdə Biləsuvar rayonu, Arazbari kəndində doğulmuş X1 21 noyabr 2023-cü il tarixdə Biləsuvar rayonu, Arazbari kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə 10 mart 1992-ci il təvəllüdlü X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar