Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-997/2025 21.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: şəxsin vəfat etməsi faktının müəyyən edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı ərizəçinin 19 mart 1965-ci il təvəllüdlü həyat yoldaşı X2 07 noyabr 2024-cü ildə İmişli şəhəri, H.Əliyev prospekti 3B, ev 116 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. Ərizəçi maraqlı şəxsə qarşı ərizəçinin 19 mart 1965-ci il təvəllüdlü həyat yoldaşı X2 07 noyabr 2024-cü ildə İmişli şəhəri, H.Əliyev prospekti 3B, ev 116 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı xx.xx.1965-ci il təvəllüdlü X3 07 noyabr 2024-cü ildə İmişli şəhəri, H.Əliyev prospekti 3b ev 116-da vəfat etmiş və İmişli rayonu Rəsullu kənd qəbristanlığında dəfn olunmuşdur. Hazırda sənədləşmə işləri ilə əlaqədar mərhum həyat yoldaşının ölüm sənədi tələb olunur. O, İmişli "Asan xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə mərhum həyat yoldaşının ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamə verilməsi barədə müraciət etmiş, lakin Qeydiyyat şöbəsi bundan imtina rəyi vermiş və buna ölüm faktını təsdiq edən tibbi sənədin olmamasını səbəb göstərmişdir. Ona İmişli rayon məhkəməsinə ölüm faktının müəyyən edilməsi barədə müraciət etmək məsləhət bilinmişdir. O, tibbi şəhadətnamə almaq üçün İmişli Rayon Mərkəzi Xəstəxanası PMH-nə müraciət etmiş, ona həmin sənədin verilməsinin mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Maraqlı şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
8. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları: 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. AA0736583 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 19 mart 1965-ci il tarixdə doğulmuşdur.
10. İmişli rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi isə qeydiyyat şöbəsinə ölüm faktını təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Mərhum, X2 ölümünün qeydə alınmasından imtina edilmişdir.
11. İmişli rayon MKTİB tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X3 07 noyabr 2024-cü il tarixdə vəfat etmiş və İmişli rayonu Rəsullu kənd qəbiristanlığında dəfn edilmişdir.
12. İşin müəyyən edilən hallarından görünür ki, X3 07 noyabr 2024-cü il tarixdə İmişli şəhəri, H.Əliyev prospekti 3B, ev 116 ünvanında ölmüş və o, İmişli rayonu Rəsullu kənd qəbiristanlığında dəfn edilmişdir. Onun ölümü haqqında həkim şəhadətnaməsi yoxdur. Ərizəçi həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərilmişdir.
13. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X2 07 noyabr 2024-cü il tarixdə İmişli şəhəri, H.Əliyev prospekti 3B, ev 116 ünvanında ölməsi faktı müəyyən edilməlidir.
VI. Nəticə:
14. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. 19 mart 1965-ci il tarixdə doğulmuş X2 07 noyabr 2024-cü il tarixdə İmişli şəhəri, H.Əliyev prospekti 3B, ev 116 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamə 19 mart 1965-ci il təvəllüdlü X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev.