Məhkəmə qərarları › İş №2(037)-103/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-103/2024

03.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-103/2024 03.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə və istifadədə olan həyətyanı torpaq sahəsindən çıxarılması, torpaq sahəsindən istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulması və zərər” tələbinə dair mülki işə 03 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 26 dekabr 2018-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********54 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarış üzrə İsmayıllı rayon Buynuz kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsinə dair mülkiyyətçi X4 ilə onun arasında Qəbələ regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən 21 noyabr 2023-cü il tarixdə təsdiq edilmiş, reyestrdə 4Ə-2192 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında onun sahiblik və istifadə hüququ əldə etdiyi 0.12 hektar həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması,onun tərəfindən istifadə və sahiblik hüququna edilən maneçiliklərə qadağa qoyulması,cavabdehdən ona vurduğu maddi zərərin əvəzi kimi 100 manat və iddianın verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumu olmaqla, cəmi 200 manat pul məbləğinin alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu,Topçu kəndində yaşayır. İsmayıllı rayon Buynuz kənd sakini olan əmisi Ağasəf Zərbaliyev mülkiyətində olan,İsmayıllı rayon Buynuz kəndində yerləşən 0,12 hektar həyətyanı,yəni fərdi yaşayış evi tikintisi təyinatlı torpaq sahəsini 21 noyabr 2023-cü il tarixda Qəbələ regional "Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 43-2192 nömrə ilə qeydə alınmış "Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında qanunamüvafiq qaydada ona bağışlamışdır.Həmin torpaq sahəsini əmisi X8 rayon Buynuz kəndini də əhatə edən İsmayıllı rayon Topçu bələdiyyəsindən qanunamüvafiq qaydada satın almış, torpaq sahəsinə dair əmisinin mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 26 dekabr 2018-ci ildə dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********54 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.Ona əmisi tərəfindən bağışlanan sözügedən həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün müraciət etmişdir. Torpaq reyestr mütəxəssisləri tərəfindən yerində müayinə edilərək koordinatları tam dəqiqləşdirilərək yerləşmə yeri ona göstərilmiş və ərazi tərəfindən ağac dirəklər basdırılmaqla və tikanlı məftil çəkilməklə hasara alınmışdır. Lakin Cavabdeh həmin qanuni istifadəsində və sahibliyində olan torpaq sahəsinin ətrafına basdırdığı ağac dirəkləri çıxarıb atmaqla torpaqdan onun istifadə etməsinə torpağın ona məxsus olması bəhanəsi ilə maneçilik törədir.Həmin işlərin görülməsi üçün o fəhləyə 100 manat əmək haqqı ödəmişdir. Cavabdehdən bu qanunsuz hərəkətlərinə son qoymasını tələb etməsinə baxmayaraq cavabdeh qeyd edilən torpağa dair mülkiyyət hüququnu pozaraq ona məxsus torpaqdan istifadə etməsinə icazə vermir.Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı izahatını dinləyib, mütəxəssis rəyini və işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Qəbələ regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-2192 nömrə ilə qeydə alınmış 21 noyabr 2023-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsindən görünür ki, X1 rayonu,Buynuz kəndində yerləşən 0.12 hektar həyətyanı təyinatlı torpaq sahəsini Qəbələ regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-2192 nömrə ilə qeydə alınmış 21 noyabr 2023-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi əsasında qardaşı oğlu İddiaçı bağışlamışdır. İşdə olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 13 may 2024-cü il tarixli 3-21-3-42/2-2567/2024 saylı mütəxəssis rəyindən görünür ki, işin araşdırılması üçün mütəxəssislər 09 fevral 2024-cü il tarixdə İsmayıllı rayonu,Buynuz kəndi ərazisində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar.Kamerial qaydada electron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki,Hüquqların Dövlət reyestrində xx.xx.2018-ci il tarixli **********54 reyestr nömrəli çıxarışla X3 (bağışlanma müqaviləsi əsasında halhazırda İddiaçı mülkiyyətində olan) mülkiyyətinə verilmiş 0.12 hektar torpaq sahəsinin 0.0670 hektar hissəsi Cavabdeh istifadəsindədir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Qəbələ regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-2192 nömrə ilə qeydə alınmış 21 noyabr 2023-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi əsasında X5 tərəfindən bağışlanılmış halhazırda İddiaçı mülkiyyətində olan 0.12 hektar həyətyanı təyinatlı torpaq sahəsinin 0.0670 hektar hissəsi Cavabdeh istifadəsindədir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmamasının müəyyən olunması məqsədi ilə mütəxəssis rəyi verilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli 3-21-3-42/2-2567/2024 saylı mütəxəssis rəyində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2018ci il tarixli **********54 reyestr nömrəli çıxarışla X3 (bağışlanma müqaviləsi əsasında halhazırda İddiaçı mülkiyyətində olan) mülkiyyətinə verilmiş 0.12 hektar torpaq sahəsinin 0.0670 hektar hissəsinin Cavabdeh istifadəsində olduğu qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğunun nəticəsi olaraq hazırda mübahisəli torpaq sahəsinə dair iddiaçı ilə cavabdeh arasında hər hansı alğı-satqı müqaviləsinin bağlanmadığı və qeyd edilən torpaq sahəsinin cavabdehin adına qeydə alınması müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini,nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını,həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki,iddiaçı mülkiyyətçi olmalı,əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq,belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının sözügedən zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər Cavabdeh münasibətdə məcmu halında mövcuddur.Belə ki,iddiaçının zəbt olunmuş mübahisəli 0.0670 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır.Buna baxmayaraq,həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır.Ona görə də cavabdehin sahibliyi qanunsuzdur.İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Mülkiyyət hüququ,o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.Mülkiyyət hüququ mülkiyyətçilərin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan «insan hüquqların və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs,cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla,öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.4,157.2 və 157.4-cü maddələrinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təmin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar,bu hüquqların məhdudlaşdırılması,əmələ gəlməsi,başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.Mülkiyyət hüququ,istifadə hüququ,ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin,habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadədən fayda gəlir,artım,bəhər,törəmə şəklində və başqa formalarda ola bilər. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 26 dekabr 2018-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********54 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarış üzrə İsmayıllı rayon Buynuz kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsinə dair mülkiyyətçi X5 ilə İddiaçı arasında Qəbələ regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən 21 noyabr 2023-cü il tarixdə təsdiq edilmiş, reyestrdə 4Ə-2192 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında İddiaçı sahiblik və istifadə hüququ əldə etdiyi 0.0670 hektar həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsindən iddiaçının istifadə və sahiblik hüququna cavabdeh tərəfindən edilən maneçiliklərə qadağa qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib),əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər.Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir.Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə iddianın torpaq sahəsinin ətrafında hasarlama işlərinin görülməsi üçün fəhləyə 100 manat əmək haqqı ödənilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbində torpaq sahəsinin ətrafında hasarlama işlərinin görülməsi üçün fəhləyə 100 manat əmək haqqı ödədiyini və nəticədə cavabdehin təqsiri üzündən ona 100 manat məbləğində maddi zərər dəydiyini qeyd etsə də, həmin zərərin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir və həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir.Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs,o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 26 dekabr 2018-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********54 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarış üzrə İsmayıllı rayon Buynuz kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsinə dair mülkiyyətçi X5 ilə İddiaçı arasında Qəbələ regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən 21 noyabr 2023-cü il tarixdə təsdiq edilmiş, reyestrdə 4Ə-2192 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında iddiaçı X2 və istifadə hüququ əldə etdiyi 0.0670 hektar həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsindən iddiaçının istifadə və sahiblik hüququna cavabdeh tərəfindən edilən maneçiliklərə qadağa qoyulsun. Cavabdeh 100 manat dövlət rüsumu məbləği alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar