Məhkəmə qərarları › İş №2(037)-13/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-13/2020

06.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-13/2020 06.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanuni istifadədə olan icarə torpaq sahəsindən cavabdehlərin əmlakları ilə birlikdə çıxarılması, torpaqdan istifadəyə edilən maneəçiliklərin qadağa qoyulması, maddi və mənəvi ziyan tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək icarəsində olan İsmayıllı rayonu ərazisində yerləşən “Bəyimli-İ” 78 və “Bəyimli-İİ” 79 saylı 144 hektar yay otlaq sahəsindən cavabdehlərin çıxarılmaları, onlar tərəfindən torpaqdan istifadəsinə törədilən maneəçiliklərə qadağa qoyulması, 73.300 manat maddi ziyan və 20.000 manat mənəvi ziyan məbləğinin birinci cavabdehdən, 116 manat maddi ziyan məbləğinin ikinci cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, Ağsu rayonu Maşadqanlı kəndində yaşamaqla heyvandarlıqla məşğul olur. Ağsu rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2012-ci il tarixli, 323 saylı sərəncamı ilə İsmayıllı rayonunun ərazisində yerləşən “Bəyimli-İ” 78 və “Bəyimli-İİ” 79 saylı 144 hektar yay otlaq sahələri 15 il müddətinə icarəsinə verilmişdir. Həmin torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən dövlət kadastr kitabında xx xxxxxxxx 2013-cü il tarixdə 1004 nömrə ilə qeydə alınmış, A 461720 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq ona verilmişdir. Torpaq sahəsi mütəxəssislər tərəfindən ölçülmüş və sərhədləri müəyyən edilmişdir. Onun torpaq sahəsi birinci cavabdehin icarəyə götürdüyü torpaq sahəsinin qonşuluğunda yerləşir. Qanuni istifadəsində olan torpaq sahəsinin bir hissəsini birinci cavabdeh zəbt edərək istifadəsinə maneəçilik törədir. O, 2013-cü ildə birinci cavabdehlə torpaq sahələrinin aralarındakı sərhədi dəqiqləşdirmək məqsədi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müaricət etmiş, müraciətinə əsasən Komitənin, Ağsu və Şamaxı rayon torpaq şöbələrinin, habelə digər əlaqədar təşkilatların nümayəndələrinin və onların iştirakı ilə istifadələrində olan torpaq sahəsinin sərhədləri müəyyənləşdirilmiş və sərhəd nöqtələrində mərzlər qoyulmuşdur. Birinci cavabdeh bununla razılaşmamış və tərtib olunmuş akta imza etməkdən imtina etmişdir. Həmin vaxtdan birinci cavabdeh onun torpaqdan istifadə hüququnu pozmuş və torpaqdan istifadəsinə maneəçilik törətmişdir. Bütün cəhdlərinə baxmayaraq birinci cavabdeh qanunsuz hərəkətlərini davam etdirməkdədir. Birinci cavabdeh 2012-ci ildən onun qanuni istifadəsində olan 144 hektar yay otlaq sahəsinin zəbt etdiyi hissəsini hər il ayrı-ayrı şəxslərə 1 illik pulunu qabaqcadan alaraq icarə adı altında qanunsuz olaraq istifadəyə verir. Birinci cavabdeh 2020-ci ildə zəbt etdiyi 40 hektarı 1 il müddətə ikinci cavabdehdən 5000 manat almaqla qeyri-qanuni olaraq icarəyə vermiş və ikinci cavabdeh özünə məxsus heyvanlarını həmin əraziyə yerləşdirərərək otarır. O, ikinci cavabdehə həmin torpaq sahəsinin ona aid olduğunu bildirərək ərazini boşaltmasını tələb etsə də o, həmin torpaq sahəsinin icarə haqqını ödəməklə birinci cavabdehdən aldığını bildirmişdir. İkinci cavabdehdən icarə müqaviləsi barədə sənəd tələb etdikdə müxtəlif bəhanələr gətirərək həmin sənədi ona verməmişdir. Birinci cavabdeh onun qanuni icarəsində olan 144 hektar torpaq sahəsindən 40 hektar hissəsini 2012-ci ildən olmaqla 8 ildir ki, ayrı-ayrı şəxslərə icarə adı altında qanunsuz olaraq istifadəyə vermiş və həmin torpaq sahəsindən istifadə hüququnu pozmuşdur. 1 hektar torpaq sahəsində 3 baş qoyun otlaması nəzərdə tutulduğundan icarəsində olan 40 hektar torpaq sahəsini birinci cavabdehin zəbt etməsi onu 120 baş heyvanının həmin torpaq sahəsində otlamasının qarşısını almışdır. O, hər il 144 hektar torpaq sahəsi üçün 280 manat icarə haqqı ödəmişdir. O, 40 hektar torpaq sahəsi üçün hər il 77 manat olmaqla 8 il ərzində 616 manat icarə haqqı ödəsə də həmin torpaq sahəsindən cavabdehlər istifadə etmişdir. Bundan başqa 1 hektar torpaq sahəsində 3 qoyunun otlaması nəzərə alınarsa, 40 hektar torpaq sahəsində 120 baş qoyun otlaya bilər, lakin cavabdehlərin qanunsuz əməlləri nəticəsində o hər il məcburiyyət qarşısında qalaraq qoyun sürüsünü 100 başa qədər azaltmağa məcbur olmuşdur. Əgər o, həmin ərazidən istifadə etsəydi ildə 100 baş ana qoyundan 70-80 baş əlavə quzu alardı. Bir quzunun bazar qiymətinin 130 manat olduğu nəzərə alınarsa il ərzində 9100 manat əlavə gəlir əldə edə bilərdi. Həmin məbləğ 8 il ərzində 72800 manat təşkil edir. Birinci cavabdehin ona qarşı törətdiyi qanunsuz hərəkətlərdən əsəb gərginliyi keçirərək bir neçə dəfə müalicə almağa məcbur olmuşdur. Ona vurulan mənəvi ziyanı 20000 manat qiymətləndirir. İş məhkəmənin icraatında olduğu müddətdə məhkəmə tərəfindən mütəxəssis rəyi alınmış və mübahisəli topraq sahəsinin onun icarəsində olması bir daha öz təsdiqini tapmışdır. İcarəsində olan İsmayıllı rayonu ərazisində yerləşən “Bəyimli-İ” 78 və “Bəyimli-İİ” 79 saylı 144 hektar yay otlaq sahəsindən cavabdehlərin çıxarılmalarını, onlar tərəfindən torpaqdan istifadəsinə törədilən maneəçiliklərə qadağa qoyulmasını, 73300 manat maddi ziyan və 20000 manat mənəvi ziyan məbləğinin birinci cavabdehdən, 116 manat maddi ziyan məbləğinin ikinci cavabdehdən alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi X1 iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Birinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətaməyə əsasən ona Şamaxı rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 1998-ci il tarixli, 26 saylı sərəncamı və xx xxxxxx 2002ci il tarixli, 02 saylı icarə müqaviləsi ilə Şamaxı rayonu 14 saylı Ocaqlı qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün 15 il müdddətinə 250 hektar torpaq sahəsi müvəqqəti istifadəsinə verilmişdir. Həmin sərəncama Şamaxı rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2012-ci il tarixli sərəncamı ilə dəyişiklik edilmiş və bununla əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayonu şöbəsi tərəfindən rəy verilmişdir. Lakin iddiaçı bu sənədlərlə razılaşmaq istəmir, heç bir əsaslı sənədə istinad etmədən mübahisəli torpaq sahəsinin onun zəbt etdiyini iddia edir. O, iddiaçının torpaq sahəsini zəbt etməmiş, iddiaçıya maddi və mənəvi ziyan vurmamışdır. İddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İkinci cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə ikinci cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. xx xxxxxxx 2012-ci il tarixli 12 nömrəli icarə müqaviləsindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsi tərəfindən Ağsu rayonu ərazisində yerləşən 144 hektar torpaq sahəsi 15 il müddətinə, hər il 280 manat icarə haqqı müqabilində İddiaçı icarəyə verilmişdir. xx xxxxxxxx 2013-cü il tarixli, A 461720 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Ağsu rayonu İHB-nın xx xxxxxxx 2012-ci il tarixli 323 saylı sərəncamı və xx xxxxxxx 2012-ci il tarixli 12 saylı icarə müqaviləsi ilə Ağsu rayonu ərazisindən 15 il müddətinə 144 hektar torpaq sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədilə İddiaçı verilmişdir. JN-16xx xxx 41012018 nömrəli xx xxxxx 2002-ci il tarixli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayonu İHB-nın xx xxxx 1998-ci il tarixli, 26 saylı sərəncamı və xx xxxxxx 2002-ci il tarixli 02 saylı icarə müqaviləsi ilə Şamaxı rayonu 14 saylı Ocaqlı qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün 15 il müdddətinə 250 hektar torpaq sahəsi Cavabdeh1 müvvəqqəti istifadəsinə verilmişdir. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2012-ci il tarixli 182 nömrəli sərəncamının surətindən görünür ki, birinci cavabdehin icarəsində olan “Ağasovqat” adlı yay otlaq sahəsinin sxemində qismən dəyişiklik edilərək Dəmirçi bələdiyyəsi və Dəmirçi kənd sakinlərinin pay torpaqları ilə üst-üstə düşən hissəsi başqa sahə ilə əvəz olunmuşdur. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2013-ci il tarixli 95 nömrəli sərəncamının surətindən görünür ki, birinci cavabdehin icarəsində olan 536 hektar “Ocaqlı” adlı qış, 250 hektar “Ağasovqat” və “Bəyimli” adlı yay otlaq sahəsinin müqavilə müddəti 15 il artırılmışdır. İddiaçı şəxsi hesab vərəqəsinin çıxarışdan görünür ki, xx xxxxxx 2012-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər icarəsində olan torpaq sahələri üçün 6518 manat icarə haqqı hesablanmış, ondan 2682,98 manat ödənilmiş və vergi borcu 2520 manat azaldılmışdır xx xxxxxx 2013-cü il tarixli aktın surətindən görünür ki, iddiaçının icarəsinə verilmiş torpaq sahəsi aidiyyatı orqanların mütəxəssislərinin və hər iki tərəfin iştirakı ilə elektron ölçü avadanlıqlarından istifadə etməklə sərhəd mərz nişanları qoyulmuş və icarəçilərə göstərilmişdir. Birinci cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İsmayıllı rayon İcra Hakimiyyətinin Başçısının xx xxxxxxx 2019-cu il tarixli, 01/732 nömrəli sorğuya cavab məktubundan görünür ki, A 461720 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 144 hektar torpaq sahəsi İsmayıllı rayonunun balansındadır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxxx 2019-cu il tarixli, **********50 nömrəli sorğuya cavab məktubundan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx xxxxxxxx 2013-cü il tarixli, A 461720 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd edilmiş 144 hektar torpaq sahəsi İsmayıllı rayonu inzibati ərazi dairəsinin sərhədi daxilində yerləşir. Məhkəmə tərəfindən mübahisə predmeti olan İsmayıllı rayonu ərazisində yerləşən, Ağsu rayonu İHB-nın xx xxxxxxx 2012-ci il tarixli, 323 saylı sərəncamı və xx xxxxxxx 2012ci il tarixli, 12 saylı icarə müqaviləsi ilə 15 il müddətinə İddiaçı icarəyə verilmiş 144 ha torpaq sahəsinə və xx xxxxxxxx 2013-cü il tarixli, A№461720 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinə və Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-16xx xxx 41012018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh1 Ziyad oğlunun icarəsinə verilmiş 250 ha torpaq sahəsinə mütəxəssisin və tərəflərin iştirakı ilə yerində müayinə keçirilərək mübahisə predmeti olan torpaq sahələrinin koordinatlarının yerində müəyyən edilməsi və həmin torpaq sahələrinin hissələrinin üst-üstə düşüb-düşməməsi barədə mütəxəssis rəyi verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmişdir. Sorğunun nəticəsi olaraq verilmiş mütəxəssis rəyində göstərilir ki, A 461720 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında İddiaçı icarəsinə verilmiş 144 hektar torpaq sahəsi ilə JN-16xx xxx 41012018 nömrəli şəhadətnamə əsasında Cavabdeh1 icarəsinə verilmiş 250 hektar torpaq sahəsi 10,22 hektar hissədə üst-üstə düşür. Ağsu Dövlət X2 xx xxxxxxx 2020-ci il tarixli, 114 nömrəli sorğuya cavab məktubundan görünür ki, yay otlaq sahəsinin 1 hektarında 1-8 baş qoyun-quzu otlaya bilər. Bir il ərzində zootexniki qaydalar əsasında yaxşı saxlanılma və otarılma şəraitində hər 100 baş ana qoyundan 80-90 baş bala almaq olar. Hal-hazırda bazar qiyməti ilə 45 kiloqram diri çəkidə 1 baş qoyunun orta qiyməti təxminən 150-155 manat təşkil edir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Ağsu rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2012-ci il tarixli, 323 saylı sərəncamı və xx xxxxxxx 2012-ci il tarixli 12 nömrəli icarə müqaviləsi ilə Ağsu rayonu ərazisindən 15 il müddətinə 144 hektar torpaq sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədilə iddiaçıya müvvəqqəti istifadəyə verilmişdir. Həmin torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən dövlət kadastr kitabında xx xxxxxxxx 2013-cü il tarixdə 1004 nömrə ilə qeydə alınmış, A 461720 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq iddiaçıya verilmişdir. Torpaq sahəsi mütəxəssislər tərəfindən ölçülmüş və sərhədləri müəyyən edilərək icarəçilərə göstərilmişdir. İddiaçı icarəsində olan 144 hektar torpaq sahəsinin 40 hektar hissəsini birinci cavabdehin zəbt etdiyini, 8 il ərzində qabaqcadan pulunu almaqla həmin torpaq sahəsini ayrı-ayrı şəxslərə icarəyə verdiyini, torpaq sahəsini boşaltmağı tələb etsə də birinci cavabdehin həmin torpaq sahəsinin ona qaytarmadığını bildirir. Ona görə də icarəsində olan 144 hektar torpaq sahəsindən cavabdehlərin çıxarılmalarını, onlar tərəfindən torpaqdan istifadəsinə törədilən maneəçiliklərə qadağa qoyulmasını, 73.300 manat maddi ziyan və 20.000 manat mənəvi ziyan məbləğinin birinci cavabdehdən, 116 manat maddi ziyan məbləğinin ikinci cavabdehdən alınaraq ona verilməsinə dair iddia tələbinin təmin edilməsini xahiş edir. Torpaqdan müvəqqəti istifadə hüququna dair xx xxxxx 2002-ci il tarixli şəhadətnaməyə əsasən Şamaxı rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 1998-ci il tarixli, 26 saylı sərəncamı və xx xxxxxx 2002-ci il tarixli, 02 saylı icarə müqaviləsi ilə Şamaxı rayonu 14 saylı Ocaqlı qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün 15 il müdddətinə 250 hektar torpaq sahəsi birinci cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2013-ci il tarixli 95 nömrəli sərəncam ilə birinci cavabdehin icarəsində olan 536 hektar “Ocaqlı” adlı qış, 250 hektar “Ağasovqat” və “Bəyimli” adlı yay otlaq sahəsinin müqavilə müddəti 15 il artırılmışdır. Birinci cavabdeh iddiaçının heç bir əsaslı sənədə istinad etmədən mübahisəli torpaq sahəsinin onun zəbt etdiyini əsassız olaraq iddia etdiyini, iddiaçıya maddi və mənəvi ziyan vurmadığını bildirərək iddia tələbinin rədd edilməsini xahiş edir. İkinci cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir Məhkəmə hesab edir ki, iddiaçının icarəsində olan torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsi mütəxəssis rəyi və işdəki digər sənədlərlə öz təsdiqini tapdığından dövlət kadastr kitabında xx xxxxxxxx 2013-cü il tarixdə 1004 nömrə ilə qeydə alınmış, A 461720 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında iddiaçının icarəsində olan İsmayıllı rayon ərazisində yerləşən “Bəyimli-İ” 78 və “Bəyimli-İİ” 79 saylı 144 hektar yay otlaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş hissəsindən cavabdehlər əmlakları ilə birlikdə çıxarılmalı və iddiaçının torpaqdan istifadəsinə törədilən maneəçiliklərə qadağa qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, birinci cavabdeh iddiaçının icarəsində olan torpaq sahəsindən istifadə etməklə iddiaçının qanunla müəyyən olunmuş qaydada icarəyə götürdüyü torpaq sahəsindən istifadə hüququnu pozmuş, həmin torpaq sahəsindən müxtəlif formada istifadə etməklə iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxsdir. Məhkəmə iddia tələbinin 73300 manat maddi ziyan məbləğinin birinci cavabdehdən alınması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı birinci cavabdehin 2012-ci ildən 40 hektar torpaq sahəsini zəbt etməsini, zəbt etdiyi ərazini qeyri-qanuni olaraq başqa şəxslərə icarəyə verməsi nəticəsində 73300 manat ona maddi ziyan dəydiyini bildirsə də məhkəmə təqdim olunmuş mütəxəssis rəyini, birinci cavabdehin zəbt olunmuş ərazidən istifadə etməsi nəticəsində iddiaçının əldə edəcəyi gəlirlərin əldən çıxmasını, birinci cavabdehin onun torpaq sahəsindən istifadə etməklə əsassız varlıanmasını, iddiaçının 8 il ərzində ona dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə müraciət etməməsini nəzərə alaraq iddia tələbini həmin hissədə qismən – 11000 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı, ədalətli və ağlabatan hesab edir. Məhkəmə 116 maddi ziyan məbləğinin ikinci cavabdehdən alınması hissəsinə münasibət bildirərək qeyd edir ki, ikinci cavabdeh həmin ərazidən istifadə etməklə iddiaçıya maddi ziyan dəyməsində təqsirli olmadığından iddia tələbi ona aid hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 20000 manat mənəvi ziyan məbləğinin birinci cavabdehdən alınması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində birinci cavabdehin ona qarşı törətdiyi qanunsuz hərəkətlərdən əsəb gərginliyi keçirərək bir neçə dəfə müalicə almağa məcbur olduğunu və nəticədə ona 20000 manat mənəvi ziyan dəydiyini bildirsə də həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi 20000 manat mənəvi ziyan məbləğinin birinci cavabdehdən alınması hissəsində rədd edilməlidir. İş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilmiş xərc olan 357,80 (üç yüz əlli yeddi manat səksən qəpik) manat məbləği Cavabdeh1 tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. A Seriyalı 461720 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədi əsasında İddiaçı icarəsində olan İsmayıllı rayon ərazisində yerləşən “Bəyimli-İ” 78 və “Bəyimli-İİ” 79 saylı 144 hektar yay otlaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmlakları ilə birlikdə çıxarılsınlar və cavabdehlər tərəfindən iddiaçının torpaqdan istifadəsinə törədilən maneəçiliklərə qadağa qoyulsun. Cavabdeh1 maddi ziyan kimi 11000 (on bir min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh1 357,80 (üç yüz əlli yeddi manat səksən qəpik) manat iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilmiş xərc tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına (Benefisiarın Bankı– Kapital Bank ASC Xətai filialı, Filialın kodu-200071, VÖEN- **********, SWİFT Kod– AİİBAZ2X, Mühbir hesab– AZ37NABZ********************, Benefisiarın adı–KADASTR VƏ YERQURL LAYİHA TADQ MAR, Benefisiarın hesabı– AZ23AİİB********************, VÖEN - **********) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar