Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1361/2023 22.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən İsmayıllı Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Hüseynov İlqar Vidayət oğlu, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə evləndikləri zaman ona cehiz qismində verilmiş, ərizənin təsviri hissəsindəki siyahılarda göstərilmiş, əşyalar, hədiyyə olunmuş əşyalar, şəxsi hesabına əldə etdiyi qiymətli əşyalar, bağışlanmış qiymətli qızıl zinət əşyalarının və maşın almaq üçün adına götürülən kreditin, uşaqlara və özünə aid şəxsi əşyaların, ödədiyi 51 manat dövlət rüsumunun, ilkin mediasiyanın keçirilməsi üçün ödənilmiş 51 manatın, cəmi 102 manat vəsaitin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi qanunvericiliyin tələbinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının iddia ərizəsində göstərdiyi əmlak tələbi qiymətləndirilən iddialar kateqoriyasına aid olduğundan bu hal iş üzrə qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsinə təsir edir. İddiaçı tələb etdiyi əmlaklara dair ödəməli olduğu dövlət rüsumu məbləğini qiymətləndirilən iddialara aid formada ödəməli olduğu halda, həmin qaydada deyil, qiymətləndirilməyən iddialara aid olan formada dövlət rüsumu ödəmişdir. Eyni zamanda iddiaçı tələb etdiyi əmlakları qiymətləndirmədiyindən onun hansı məbləğdə dövlət rüsumu ödəməsi də müəyyən deyildir. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.2-ci maddələrinə əsasən iddianın qiyməti əmlakın tələb edilməsi haqqındakı iddialarda-tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Həmin Məcəllənin 112.4-cü maddəsinə görə iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Həmin Məcəllənin 112.5-ci maddəsinə görə iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəmədiyindən iddia ərizəsi və ona əlava edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarlsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1361/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1361/2023
22.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver