Məhkəmə qərarları › İş №2(037)-22/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-22/2024

24.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-22/2024 24.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2,İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh4 və İsmayıllı rayon Notariat Ofisinə qarşı “torpaq alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılması, geri qaytarılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması” tələbinə dair mülki işə 24 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1,İddiaçı2,İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon notariat ofisində onların adından saxta etibarnamə əsasında Cavabdeh2 ilə "AZZA AGRO” MMC-nin təsisçisi Cavabdeh4 adından çıxış edən nümayəndəsi X4 arasında bağlanmış AN-İ №0393535 nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə qanunsuz olaraq satılmış,İsmayıllı rayon Diyallı kəndində yerləşən 2,9212 hektar əkin torpaq sahəsinin boşaldılması, onlara birgə mülkiyyətçilərə qaytarılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Respublikada aparılan məlum torpaq islahatları zamanı ailə üzvlərinin birgə mülkiyyətlərinə yaşadıqları İsmayıllı rayonu, Diyallı kəndi ərazisindən 2,27 hektar əkin torpaq sahəsi, 0.65 hektar çoxillik əkmələr və 0,26 hektar biçənək sahəsi verilmişdir.2013-cü ilin noyabr ayında o yataq xəstəsi olduğundan və təcili müalicə olunmağı üçün pul vəsaiti tələb olunmuşdur.Həmin vaxtlarda həmkəndliləri və uzaq qohumları olan Cavabdeh2 onlara müraciət edərək bildirdi ki, "xxxx" MMC yaşadıqları kənddən torpaq mülkiyyətçilərindən satmaq istəyənlərdən bazar qiymətlərinə uyğun torpaq sahələrini satın alır, icarəyə vermək istəyənlərdən isə kənddə formalaşdırılmış qiymətlərlə uzun müddətli icarəyə götürürlər.O,Cavabdeh2 bildirdi ki,evdə məsləhətləşib fikrlərini bildirərlər. Bu haqda evdə məsləhətləşərək,hələlik torpaqları becərməyə maddi imkanları olmadığından və pula ehtiyacları olduğundan mülkiyyətlərində olan 2.27 hektar əkin və 0,6 hektar çoxillik əkmələr olan, cəmi 2.92 hektar torpaq sahəsini 10 illik müddətə "xxxx" MMC-yə 3000 manat məbləğində icarə haqqını əvvəlcədən almaq şərti ilə icarəyə verməyə razılaşdıqlarını bildirmişlər. Bir neçə gündən sonra Cavabdeh2 evlərinə gələrək icarə sənədlərinə imza etdirmək adı ilə ər-arvad olaraq İddiaçı1 və İddiaçı2 ağ kağıza imza etdirmişdir. Onlar Cavabdeh2 bir daha dəqiqləşmə məqsədi ilə bildirdikdə ki, onlar torpaqlarını satmırlar, yalnız icarəyə verirlər, bu vaxt Cavabdeh2 bir daha onları inandırdı ki, ayıb söhbətdir, bu sənədlərlə yalnız icarə məsələsini rəsmiləşdirirlər. Beləcə onlara 3000 manat ödənildi və onlar ər-arvad ailələrinin torpaqlarının 10 illik müddətə icarəyə verilməsinə razılaşaraq Cavabdeh2 təqdim etdiyi kağızlara imza etmişlər. İllər ötdü və bu il 10 illik müddət tamamlanma üzrə olduğunu nəzərə alaraq və həm də kənddə icarəyə verilən torpaqların Cavabdeh2 tərəfindən aldadılaraq alqı-satqı edildiyi barədə müəyyən söz-söhbətləri eşidərək əvvəl Cavabdeh2 ilə əlaqə saxlamışlar. Cavabdeh2 etiraf etdi ki, torpaqlar şirkətə satılıbdır,bu məsələni şişirtsəniz onu həbs edərlər, xahiş edir bu məsələni şişirtməyin,onlara özünün torpaqlarından 30-40 sot torpaq verər. Onlar Cavabdeh2 tərəfindən həqiqətən aldadıldıqlarını bilib əvvəlcə Azərbaycan Respublikası Prezidentinə şikayət ərizəsi ilə müraciət etmişlər.Ərizələri araşdırılması üçün İsmayıllı rayon İcra Hakimiyyəti başçısına göndərilmiş, icra hakimiyyəti tərəfindən araşdırmanın nəticəsi kimi ailələrinə məxsus qeyd edilən torpaqların "xxxx" MMC-yə satıldığı barədə və məsələnin məhkəmə müstəvisində mübahisələndirmək hüquqları rəsmi qaydada bildirilmişdir. Onlar əvvəlcə İqtisadiyyat Nazirliyi yanında DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişlər və həmin təşkilat da bir daha torpaqlarının 2,27 hektar əkin və 0,65 hektar çoxillik əkmələr hissəsinin "xxxx" MMC-yə satıldığını təsdiq etmişdir. Cavabdeh2 ər-arvad olaraq İddiaçı1 və İddiaçı2 aldadıb icarə adı ilə onlara alqı-satqı sənədinə və etibarnaməyə imza etdirmişdir.Birgə mülkiyyətçilər olan övladları İddiaçı3 və İddiaçı4 adından saxta imzalar etməklə etibarnamə əldə edərək mülkiyyətlərində olan 2,27 hektar əkin torpaq sahəsi və 0.65 hektar çoxillik əkmələrdən ibarət torpaq sahələrini cavabdeh "xxxx" MMC-yə satmışlar. Halbu ki, övladları İddiaçı3 və İddiaçı4 heç bir sənədə imza etməmişlər. Onların adından çəkilmir hər hansı imza tam saxtadır.Belə ki,İsmayıllı rayon Notariat Ofisinə müraciət edərək onların adından Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış AN-l №0393535 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətini aldıqda həqiqətən onların adlarından saxta və aldatma yolla torpaqlarının "xxxx" MMC-yə satılması barədə müqavilə bağlandığını bilmişlər.Eyni zamanda onlara 3000 manat icarə haqqı kimi ödəniş etməklə müqavilədə 4380 manat qeyd edilmişdir. Göründüyü kimi onlar birgə mülkiyyətçilər cavabdehlərə torpaq satmamışlar və belə bir niyyətləri də olmamışdır. Cavabdeh3 MMCnin nümayəndəsi Cavabdeh2 onları aldadaraq və övladlarının adından saxta imzalar etməklə etibarnamə əldə edərək birgə mülkiyyətlərində olan əkin torpaq sahələrini özgəninkiləşdirmişdir. Hal-hazırda torpaq sahəsi onların, yəni mərhumlarla birlikdə beş nəfərin mülkiyyətində olmaqla mülkiyyət hüququ üzrə onların adındadır, lakin faktiki vəziyyətdə Cavabdeh3 MMC tərəfindən istifadə edilir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. İddiaçılar İddiaçı3 və İddiaçı4 sonuncu məhkəmə iclasına gəlməmişlər, iştirak etdikləri əvvəlki məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. İddiaçı1 ona müraciət edərək arvadı İddiaçı2 ağır yataq xəstəsi olduğundan müalicəsi üçün təcili pula ehtiyacları olduğunu və arvadının müalicəsi üçün mülkiyyətlərində olan torpaq sahəsinin satılmasında ona köməklik etməsini ondan xahiş etmişdir. Onun da arvadı həmin vaxtlarda ağır yataq xəstəsi olmuşdur və bu məqsədlə özünün mülkiyyətində olan torpaq sahəsi ilə bərabər İddiaçı1 və ailə üzvlərinə məxsus torpaq sahəsinin satılması üçün alıcı tapmış və bu barədə İddiaçı1 məlumat vermişdir. İddiaçı1 və ailə üzvləri arvadı İddiaçı2 və uşaqları İddiaçı3 özləri şəxsən, İddiaçı4 isə yetkinlik yaşına çatmadığından atası İddiaçı1 razılığı ilə öz adından şəxsən imza etməklə 27 iyul 2013-cü il tarixdə Cavabdeh1 təsdiq edilmiş, reyestrdə 7E-4/2935 nömrə ilə qeydə alınmış etibarnamə vermişlər. Sözügedən etibarnamə əsasında iddiaçılara məxsus 2.2721 və 0.6492 hektar kənd təsərrüfatı təyinatlı əkin torpaq sahələrini 20 noyabr 2013-cü il tarixli 4Ə-3/863 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında müqavilədə Cavabdeh4 adından etibarnamə əsasında alıcı qismində iştirak edən Akif Dəmirova satmışdır. İddiaçılara məxsus torpaq sahəsini satıb pulunu onlara vermişdir. İddiaçı1 mübahisəli torpaq sahəsinin alqı-satqısından əldə etdiyi vəsait hesabına arvadı İddiaçı2 müalicə etdirmişdir. Onun arvadı həmin vaxt müalicə alsa da sağalmayaraq vəfat etmişdir. Ancaq İddiaçı1 arvadı İddiaçı2 müalicə aldıqdan sonra sağalmış və hal-hazırda da yaşayır. Mübahisəli torpaq sahəsinin alqı-satqısı tam qanuni əsaslarla həyata keçirilmişdir və hüquq pozuntusuna yol verilməmişdir. İddiaçılar iddia edirlər ki, mülkiyyətlərində olan torpaq sahəsini satmayaraq icarəyə vermişlər. Əgər iddiaçılar mübahisəli torpaq sahəsini satmamışdırlarsa nə üçün 13 il ərzində həmin torpaq sahəsinin alqı-satqısını mübahisələndirməmişlər. Bundan başqa sözügedən alğı-satqı müqaviləsi bağlanan dövrdə torpaq sahəsinin icarə haqqı 3000 manat ola bilməzdi o, qiymət məhz torpağın satış qiyməti idi. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Cavabdeh3 QSC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, Cavabdeh3 QSC-nin Keyvəndi kəndi ərazisində yerləşən heyvandarlıq kompleksində mütəxəssis vəzifəsində işləyir. 20 noyabr 2013-cü il tarixli 4Ə-3/863 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İsmayıllı rayonu, Diyallı kəndi ərazisində yerləşən İddiaçı1,İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə mülkiyyətlərində olan 2.2721 və 0.6492 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 tərəfindən müqavilədə alıcı qismində Cavabdeh4 adından etibarnamə əsasında çıxış edən Akif Dəmirova satılmışdır. Tərəflər arasında bağlanmış 20 noyabr 2013-cü il tarixli 4Ə-3/863 reyestr nömrəli alğı-satqı müqaviləsi Cavabdeh1 qeydə alınarkən müqavilələrin məzmunu və müqavilələrlə hər bir tərəfin üzərinə düşən vəzifələr tərəflərə izah edilməklə müqavilələr notariat qaydasında təsdiq edilmişdir. İddiaçılar öz adlarından İsmayıllı şəhər sakini Cavabdeh2 5 il müddətinə 27 iyul 2018-ci il tarixədək ümumi etibarnamə verərkən etibarnamənin məzmunu və şərtləri ilə tanış olduqdan sonra öz iradələrinin ifadəsi olaraq etibarnaməyə İddiaçı1,İddiaçı2 və İddiaçı3 şəxsən, yetkinlik yaşına çatmayan İddiaçı4 isə atası İddiaçı1 razılığı ilə imza etmişdir. Tərəflərin nümayəndələri 20 noyabr 2013-cü il tarixli 4Ə-3/863 reyestr nömrəli alqı-satqı müqaviləsinin məzmunu və şərtləri ilə tanış olduqdan sonra öz iradələrinin ifadəsi olaraq müqaviləyə imza etmişlər. Cavabdeh4 20 noyabr 2013-cü il tarixli 4Ə-3/863 reyestr nömrəli alğı-satqı müqaviləsini notarial qaydada təsdiq etdikdən sonra həmin müqavilə əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsindən öz adına qeydiyyat sənədləri əldə etmişdir. Cavabdeh4 iddiaçılara məxsus torpaq sahəsi ilə birlikdə İsmayıllı rayon Diyallı kənd sakinlərindən əldə etdiyi torpaq sahələrini Cavabdeh3 QSC-yə icarəyə vermişdir. Alqısatqı müqaviləsi Cavabdeh1 qeydə alınarkən, həmçinin həmin müqavilələr əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsində tərtib olunan qeydiyyat sənədləri hazırlanarkən qanunvericiliyin tələblərinə tam riayət olunmuşdur. Eyni zamanda Məhkəmə Ekspertiza Mərkəzinin 15 aprel 2024-cü il tarixli, № 3-16-16/2-4/1718 nömrəli ekspert rəyində xx.xx.2013-cü il tarixli etibarnamədə “İmza” qrafasında “Hüseynov” yazıları qarşısındakı 1ci və 5-ci imza, 7E-4/2935 reyestr nömrəli jurnalın 42-ci səhifəsində 2935 saylı sıra nömrəsində 7-ci bölmədə “Hüseynov” yazısından yuxarıdakı imzanın İddiaçı1, xx.xx.2013cü il tarixli etibarnamədə “İmza” qrafasında “Hüseynov” yazıları qarşısındakı 3-cü imza və 7E-4/2935 reyestr nömrəli jurnalın 42-ci səhifəsində 2935 saylı sıra nömrəsində 7-ci bölmədə “Hüseynov” yazısından yuxarıdakı imzanın İddiaçı3 və xx.xx.2013-cü il tarixli etibarnamədə “İmza” qrafasında “Hüseynov” yazıları qarşısındakı 4-cü imza və 7E-4/2935 reyestr nömrəli jurnalın 42-ci səhifəsində 2935 saylı sıra nömrəsində 7-ci bölmədə “Hüseynov” yazısından yuxarıdakı imzanın İddiaçı4 tərəfindən icra olunduğu qeyd edilmişdir. Cavabdeh3 QSC İsmayıllı rayonunda bir neçə kəndin ərazisində əkin torpaq sahəsi almışdır. Həmin kəndlər içərisində ancaq Diyallı kəndi ərazisində olan torpaqlarda problem yaşanmışdır. Belə ki, mübahisəli torpaq sahəsi Cavabdeh3 QSC-nin icarəsində olsa da, həmin torpaq sahəsi iddiaçılar tərəfindən Cavabdeh3 QSC-nin icazəsi olmadan qanunsuz istifadə edilir. O, iddiaçıların iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Cavabdehlər İsmayıllı rayon Notariat Ofisinin nümayəndəsinə və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.3 və 185.5-ci maddəsinə əsasən onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ekspert rəyini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 20 noyabr 2013-cü il tarixli 4Ə-3/863 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, 20 noyabr 2013-cü il tarixli 4Ə-3/863 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İsmayıllı rayonu, Diyallı kəndi ərazisində yerləşən İddiaçı1,İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə mülkiyyətlərində olan 2.2721 və 0.6492 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri müqavilədə satıcı qismində iştirak edən İddiaçı1,İddiaçı2,İddiaçı3 və İddiaçı4 adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 tərəfindən müqavilədə alıcı qismində iştirak edən Cavabdeh4 adından etibarnamə əsasında çıxış edən X3 4380 manata satılmışdır. İş materiallarında olan 01 noyabr 2013-cü il tarixli RX seriyalı № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, İsmayıllı rayonu,Diyallı kəndində yerləşən 2.2721 hektar kənd təsərrüfatlı təyinatlı əkin torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 05 noyabr 2013-cü il tarixli, RX seriyalı № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, İsmayıllı rayonu,Diyallı kəndində yerləşən 0.6492 hektar kənd təsərrüfatlı təyinatlı əkin torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində İddiaçı1 və İddiaçı2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 18 iyun 2009-cu il tarixli A № 173972 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 saylı qərarı ilə İsmayıllı rayonu, Diyallı kəndi ərazisindən 2604.79 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 17 dekabr 2013-cü il tarixli, RX seriyalı № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, İsmayıllı rayonu,Diyallı kəndində yerləşən 2.2721 hektar kənd təsərrüfatlı təyinatlı əkin torpaq sahəsi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində Cavabdeh4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 17 dekabr 2013-cü il tarixli, RX seriyalı № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, İsmayıllı rayonu,Diyallı kəndində yerləşən 0.6492 hektar kənd təsərrüfatlı təyinatlı əkin torpaq sahəsi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində Cavabdeh4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 27 iyul 2013-cü il tarixli, reyestrdə 7E-4/2935 nömrə ilə qeydə alınmış etibarnamənin surətindən görünür ki, İsmayıllı rayon Diyallı kənd sakinləri İddiaçı1,İddiaçı2,İddiaçı3 və İddiaçı4 tərəfindən öz adlarından İsmayıllı şəhər sakini Cavabdeh2 5 il müddətinə 27 iyul 2018-ci il tarixədək ümumi etibarnamə verilmiş, etibarnamə İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən şəxsən,yetkinlik yaşına çatmayan İddiaçı4 tərəfindən isə atası İddiaçı1 razılığı ilə imza edilmişdir və İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən 27 iyul 2013-cü il tarixdə təsdiq edilərək, reyestrdə 7E-4/2935 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 05 fevral 2013-cü il tarixli, reyestrdə 7E-1/345 nömrə ilə qeydə alınmış etibarnamənin sürətindən görünür ki, Bakı şəhər sakini Cavabdeh4 tərəfindən öz adından İsmayıllı rayon Minkə kənd sakini X3 3 il müddətinə xx.xx.2015-ci il tarixədək İsmayıllı rayonu ərazisindən adına torpaq sahəsi almaq,alqı-satqı müqaviləsini imza etmək,Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsində onu təmsil etmək,lazımi sənədləri təhvil vermək,almaq,sənədləri imza etmək və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətlər etmək barədə etibarnamə verilmiş,etibarnamə Cavabdeh4 tərəfindən şəxsən imza edilmiş və İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən 05 fevral 2013-cü il tarixdə təsdiq edilərək, reyestrdə 7E-1/345 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertia Mərkəzinin 15 aprel 2024-cü il tarixli № 3- 16-16/2-4/1718 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş xx.xx.2013-cü il tarixli etibarnamədə “İmza” qrafasında “Hüseynov” yazıları qarşısındakı 1ci və 5-ci imza,7E-4/2935 reyestr nömrəli jurnalın 42-ci səhifəsində 2935 saylı sıra nömrəsində 7-ci bölmədə “Hüseynov” yazısından yuxarıdakı imza- İddiaçı1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş,xx.xx.2013-cü il tarixli etibarnamədə “İmza” qrafasında “Hüseynov” yazıları qarşısındakı 3-cü imza və 7E-4/2935 reyestr nömrəli jurnalın 42-ci səhifəsində 2935 saylı sıra nömrəsində 7-ci bölmədə “Hüseynov” yazısından yuxarıdakı imza-İddiaçı3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş,xx.xx.2013-cü il tarixli etibarnamədə “İmza” qrafasında “Hüseynov” yazıları qarşısındakı 4-cü imza və 7E-4/2935 reyestr nömrəli jurnalın 42-ci səhifəsində 2935 saylı sıra nömrəsində 7-ci bölmədə “Hüseynov” yazısından yuxarıdakı imza-İddiaçı4 tərəfindən icra olunmuşdur. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan və eyni zamanda tərəflər sözügedən rəyi mübahisələndirmədiklərindən mötəbər sübut kimi qəbul ediləndir. Mülki işin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, 20 noyabr 2013-cü il tarixli 4Ə-3/863 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İsmayıllı rayonu, Diyallı kəndi ərazisində yerləşən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə mülkiyyətlərində olan 2.2721 və 0.6492 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı1,İddiaçı2,İddiaçı3 və İddiaçı4 adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 tərəfindən müqavilədə alıcı qismində iştirak edən Cavabdeh4 adından etibarnamə əsasında çıxış edən X1.Tərəflər arasında bağlanmış 20 noyabr 2013-cü il tarixli 4Ə-3/863 reyestr nömrəli alğı-satqı müqaviləsi Cavabdeh1 qeydə alınarkən müqavilələrin məzmunu və müqavilələrlə hər bir tərəfin üzərinə düşən vəzifələr tərəflərə izah edilməklə müqavilələr notariat qaydasında təsdiq edilmişdir. İddiaçılar öz adlarından İsmayıllı şəhər sakini Cavabdeh2 5 il müddətinə 27 iyul 2018-ci il tarixədək ümumi etibarnamə verərkən etibarnamənin məzmunu və şərtləri ilə tanış olduqdan sonra öz iradələrinin ifadəsi olaraq etibarnaməyə İddiaçı1,İddiaçı2 və İddiaçı3 şəxsən, yetkinlik yaşına çatmayan İddiaçı4 isə atası İddiaçı1 razılığı ilə imza etmişdir. Tərəflərin nümayəndələri 20 noyabr 2013-cü il tarixli 4Ə-3/863 reyestr nömrəli alqı-satqı müqaviləsinin məzmunu və şərtləri ilə tanış olduqdan sonra öz iradələrinin ifadəsi olaraq müqaviləyə imza etmişlər. Cavabdeh4 20 noyabr 2013cü il tarixli 4Ə-3/863 reyestr nömrəli alğı-satqı müqaviləsini notarial qaydada təsdiq etdikdən sonra həmin müqavilə əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsindən öz adına qeydiyyat sənədləri əldə etmişdir. Cavabdeh4 iddiaçılara məxsus torpaq sahəsi ilə birlikdə İsmayıllı rayon Diyallı kənd sakinlərindən əldə etdiyi torpaq sahələrini Cavabdeh3 QSC-yə icarəyə vermişdir. 20 noyabr 2013-cü il tarixli 4Ə-3/863 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi Cavabdeh1 qeydə alınarkən, həmçinin həmin müqavilələr əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsində tərtib olunan qeydiyyat sənədləri hazırlanarkən qanunvericiliyin tələblərinə tam riayət olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-cı maddəsinə əsaəsn fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1.qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2.şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3.müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi və sair) Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alqı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Bu baxımdan hər hansı əqdin (o, cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Eləcə də, Mülki Məcəllənin 338-ci maddəsi həmin Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Həmin Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki,aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Məhkəmə sadalanan maddələrin tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, qeyd edir ki, mübahisəli torpaq sahələrinə dair sözügedən alqı-satqı müqaviləsi lazımi subyektlərin, yəni səlahiyyətli şəxslərin iştirakları ilə bağlandığından və alqı-satqı müqavilələri onlar arasında olan iradə və onun bildirilməsi vahidliyinin mövcudluğuna əsaslanmış və qanunvericiliyin tələb etdiyi formada və məzmunda bağlanmışdır. Göründüyü kimi iddiaçılar özlərinə məxsus torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlamaqla artıq iradələrini ifadə etmişlər. Belə ki, iddiaçıların mübahisələndirdiyi torpaq sahələrinə dair tərəflər arasında alqısatqı müqaviləsi rəsmiləşdirilərkən, həmin torpaq sahələri üzərində hər hansı yüklülük və ya qadağa qeydə alınmamışdır. Mübahisə olunan müqavilə bağlanarkən müqavilə üzrə tərəflər azad surətdə öz iradələrini ifadə etmiş və onlara qarşı qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış,müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrini ifadə etmiş,notarius tərəfindən onlara hüquq və vəzifələri izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Məhkəmə iddiaçıların sözügedən torpaq sahəsini satmadıqlarını, icarəyə verdiklərini qeyd etmələrinə münasibət bildirərək qeyd edir ki, iddiaçılar alğı-satqı deyil, icarə müqaviləsi bağladıqlarını və bu barədə onların aldadıldıqlarını bildirsələr də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir.Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə torpaq alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılması, geri qaytarılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulmasını sübutetmə yükü iddiaçıların üzərinə düşür. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 adlarından etibarnamə əsasında çıxış edən Cavabdeh2 ilə Cavabdeh4 adından etibarnamə əsasında çıxış edən X4 arasında 20 noyabr 2013-cü il tarixli 4Ə-3/863 reyestr nömrəli alğı-satqı müqaviləsi bağlanarkən və həmin müqavilə əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyat sənədləri verilərkən qanunvericiliyin tələblərinə tam riayət olunduğundan, Cavabdeh4 müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi, iddiaçıların isə müqaviləni vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlamış olmaları halları aşkar edilmədiyindən həmin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılması, geri qaytarılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması üçün əsaslar yoxdur.Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçıların xahişi əsasında təyin edilmiş ekspert rəyinin verilməsi zamanı aparılmış tədqiqatın dəyəri olan 126 (bir yüz iyirmi altı) manat ekspert xərci iddiaçılardan müştərək qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği İddiaçı2 özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1,İddiaçı2,İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh4 və İsmayıllı rayon Notariat Ofisinə qarşı torpaq alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılması,geri qaytarılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği İddiaçı2 özünə aid edilsin. Məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 126 manat pul iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 müştərək qaydada tutulsun, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab nömrəsi AZ34CTRE**********0002088501, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ0136010 **********944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar