Məhkəmə qərarları › İş №2(037)-316/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-316/2022

28.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-316/2022 28.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, Ərizəçi İsmayıllı rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə 28 mart 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qardaşı X1 02 fevral 2006-cı il tarixdə İsmayıllı rayon Diyallı kəndində ölməsi faktının müəyyən edilməsi, X1 barəsində ölüm haqqında akt qeydində doğulduğu tarix 10 aprel 1966-cı il, doğulduğu yer İsmayıllı rayon Güyüm kəndi, daimi yaşadığı yer İsmayıllı rayon Güyüm kəndi, milliyəti azərbaycanlı, ölüm yeri İsmayıllı rayon Diyallı kəndi və ölüm tarixinin 02 fevral 2006-cı il qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi Vəkil məhkəməyə dəqiqləşdirmə ərizəsi təqdim edərək ərizənin xahiş edirəm hissəsində texniki səhv olaraq qeyd olunmuş X1 doğum tarixinin 10.04.1966cı il əvəzinə, 10.04.1962-ci il kimi qeyd edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, qardaşı X2 10.04.1962-ci ildə İsmayıllı rayon Güyüm kəndində doğulmuş və 02.02.2006-cı il tarixdə İsmayıllı rayon Diyallı kəndində vəfat etmişdir. Qardaşının cənazəsi el adəti ilə Diyallı kənd qəbristanlığında dəfn edilmiş və yas mərasimi keçirilmişdir. Keçirdiyi sarsıntılar üzündən qardaşının ölümünün qeydə alınması üçün müraciət etməmişdir. Sonradan müraciət etdikdə isə tibbi şəhadətnamə tələb edilmiş, həmin şəhadətnamə olmadığı üçün məhkəməyə müraciət etmişdir. Hal-hazırda qardaşının ölümünün qeydə alınması zəruridir. Qardaşının ölümünün qeydə alınmaması vərəsəlik məsələsinin həllini mümkünsüz edir. Qardaşının ölməsi İsmayıllı RİHB-nın Diyallı kənd İƏD üzrə Nümayəndəliyinin arayışı, qəbrin foto şəkilləri və şahid ifadələri ilə təsdiq olunur. Qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon Qeydiyyat Şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Orada bildirildi ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Ona dedilər ki, hüquqi əhəmiyyətli faktın tanınması üçün məhkəməyə müraciət etməlidir. Ərizəçi məhkəmə iclasına gəlməmiş onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil təmsil etmişdir. Ərizəçinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs İsmayıllı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X3 ifadə verərək bildirmişdir ki, İsmayıllı rayonu, Diyalllı kəndində yaşayır. Ərizəçi kəndçisidir. Ərizəçinin qardaşı X2 10.04.1962-ci il tarixdə İsmayıllı rayonu, Güyüm kəndində doğulmuş, 02 fevral 2006-cı il tarixdə İsmayıllı rayonu, Diyallı kəndində ölmüş və Diyallı kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X5 ifadə verərək bildirmişdir ki, İsmayıllı rayonu, Diyallı kəndində yaşayır. Ərizəçi kəndçisidir. Ərizəçinin qardaşı X2 10.04.1962-ci il tarixdə İsmayıllı rayonu, Güyüm kəndində doğulmuş, 02 fevral 2006-cı il tarixdə İsmayıllı rayonu, Diyallı kəndində ölmüş və Diyallı kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən görünür ki, X2 dəfn edilmiş, qəbirüstü abidəsi vardır və abidənin üzərində “X2” “10.04.1962 – 2006.02.02” yazılmışdır. İş materiallarına əlavə edilmiş, Diyallı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş, 17.11.2021-ci il tarixli, 355 nömrəli arayışdan görünür ki, mərhum X2 10.04.1962ci il tarixdə İsmayıllı rayon Güyüm kəndində doğulmuş, 02.02.2006-cı il tarixdə vəfat etmiş və həmin tarixdə Diyallı kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat şöbəsinin 18.11.2021-ci il tarixli, 05/Q-605 saylı məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi (həkim) şəhadətnaməsi lazımdır. Əgər həmin şəhadətnamə yoxdursa, bu halda məhkəməyə müraciət etməli olduğu bildirilib. İş materialların əlavə edilmiş, İsmayıllı Rayon Mərkəzi X4 Şəxsin 18.11.2021-ci il tarixli, 02-02-2084/2021 saylı arayışından görünür ki, mərhum X1 ölümü barədə yaxınları tərəfindən İsmayıllı RMX-na müraciət olunmamış və ölümü barədə RMX-da heç bir məlumat yoxdur. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X2 02 fevral 2006-cı il tarixdə İsmayıllı rayonu, Diyallı kəndində vəfat etmiş və İsmayıllı rayon Diyallı kənd qəbristanlığında dəfn edilmişdir. Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən 10.04.1962-ci il tarixdə doğulmuş X1 02 fevral 2006-cı il tarixdə İsmayıllı rayon Diyallı kəndində ölməsi, ölüm haqqında akt qeydində doğulduğu tarixin 10 aprel 1962-ci il, doğulduğu yerin İsmayıllı rayon Güyüm kəndi, daimi yaşadığı yerin İsmayıllı rayon Güyüm kəndi, milliyətinin azərbaycanlı, ölüm yerinin İsmayıllı rayon Diyallı kəndi və ölüm tarixinin 02 fevral 2006-cı il qeyd edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Bundan başqa məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10.04.1962-ci il tarixdə doğulmuş X1 02 fevral 2006-cı il tarixdə İsmayıllı rayon Diyallı kəndində ölməsi faktı müəyyən edilsin. X1 barəsində ölüm haqqında akt qeydində doğulduğu tarix 10 aprel 1962-ci il, doğulduğu yer İsmayıllı rayon Güyüm kəndi, daimi yaşadığı yer İsmayıllı rayon Güyüm kəndi, milliyəti azərbaycanlı, ölüm yeri İsmayıllı rayon Diyallı kəndi, ölüm tarixi 02 fevral 2006-cı il qeyd edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçiyə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar