Məhkəmə qərarları › İş №2(037)-33/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-33/2024

08.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-33/2024 08.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə İddiaçı cavabdeh Mursalı̇ yev Qı̇ nyaz Dursun oğluna qarşı qanunsuz zəbt edilmiş həyətyanı torpaq sahəsinin boşaldılması, zəbt edilmiş hissədə cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi, torpağın cavabdeh tərəfindən əvvəlki vəziyyətinə gətirilməsi və mülkiyyət hüququna maneçiliklərə qadağa qoyulması tələbinə dair mülki işə 08 iyul 2024cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh JN-133A Kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə mülkiyyətində olan İsmayıllı rayonu, İstisu kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılması, qanunsuz tikintinin sökülməsi, torpaq sahəsinin boşaldılması, torpağın əvvəlki vəziyyətə gətirilməsi və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, torpaq islahatları zamanı yaşadığı İsmayıllı rayonu, İstisu kəndində qanuni istifadələrində olan 0,30 ha həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Qonşuluqda yaşayan ailə başçısı Cavabdeh ona məxsus həyətyanı torpaq sahəsinin təqribən onunla sərhəd olan 30-40 metr məsafədə sərhəd mərzlərini pozaraq ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt etməklə orada fərdi yaşayış evi və quraqlıq inşa etmiş, qalan hissəsində isə fındıq ağacları əkmişdir. Dəfələrlə məsələnin sülh yolu ilə həll edilməsini cəhd etsə də cavabdeh buna əməl etməyərək onun mülkiyyət hüququnu pozmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki,Cavabdeh JN-133A Kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə mülkiyyətində olan İsmayıllı rayonu, İstisu kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılması,qanunsuz tikintinin sökülməsi,torpaq sahəsinin boşaldılması,torpağın əvvəlki vəziyyətə gətirilməsi və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onun məhkəməyə müraciət etməkdə əsas məqsədi cavabdehlə qonşuluqda olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi,cavabdeh tərəfindən ona torpaq sahəsindən istifadəsinə maneçiliklərə qadağa qoyulmasıdır, çünki aralarındakı münasibətlər artıq kəskinləşmiş və xoşagəlməz hadisələr baş verə bilər. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək göstərdi ki, onun tərəfindən inşa edilən fərdi yaşayış evi və quraqlıq öz torpaq sahəsində yerləşir və o, heç bir yeri zəbt etməmiş, heç kimin torpağına girməmişdir. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan JN-133A Kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə AİK-nın 21 aprel 1998-ci il tarixli qərarı ilə İsmayıllı rayonu İstisu kəndi ərazisindən 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışdan görünür ki,Cavabdeh mülkiyyətinə İsmayıllı rayonu,İstisu kəndi ərazisindən 0,15 hektar yaşayış məntəqələrinin torpaqları verimişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 11 yanvar 2024-cü il tarixli, 3-21-3-42/2-321/2024 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı və digərlərinin mülkiyyətinə verilmiş JN-133A Kod ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,30 ha torpaq sahəsi ilə onun istifadəsində olan faktiki naturada ölçülmüş torpaq sahəsi arasında konfiqurasiya fərqi olduğundan sözügedən torpaq sahəsinin koordinatlarını müəyyənləşdirmək mümkün deyildir. 14 mart 2017-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsinin koordinatları müəyyən edilərək yerquruluşu planı üzrə göstərilmişdir. Cavabdeh inşa etdiyi fərdi yaşayış evi və quraqlıq onun öz torpaq sahəsində yəni,hüquqların dövlət reyestrində qeydiyyata alınmış **********77 saylı çıxarışla özünün mülkiyyətnə verilmiş torpaq sahəsinin sərhədləri daxilindədir. İşdə olan, məhkəmənin öz təşəbbüsü ilə təyin edilmiş, 30 aprel 2024-cü il tarixli 3-16- 16/2-10/8066 saylı ekspert rəyindən görünür ki, Cavabdeh inşa etdiyi fərdi yaşayış evi və quraqlıq onun öz torpaq sahəsində yəni, hüquqların dövlət reyestrində qeydiyyata alınmış **********77 saylı çıxarışla özünün mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədləri daxilindədir. Məhkəmə mütəxəssis və ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, mütəxəssis və ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbul ediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Cavabdeh inşa etdiyi fərdi yaşayış evi və quraqlıq onun öz torpaq sahəsində yəni, hüquqların dövlət reyestrində qeydiyyata alınmış **********77 saylı çıxarışla özünün mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədləri daxilindədir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini,nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını,həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki,iddiaçı mülkiyyətçi olmalı,əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq,belə qənaətə gəlir ki,hazırkı iş üzrə Cavabdeh inşa etdiyi fərdi yaşayış evi və quraqlıq onun öz torpaq sahəsində yəni,hüquqların dövlət reyestrində qeydiyyata alınmış **********77 saylı çıxarışla özünün mülkiyyətnə verilmiş torpaq sahəsinin sərhədləri daxilindədir.Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa,qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcələnin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu,lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki,ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə,onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur.Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur.Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq,məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir.Belə ki,proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir.Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir.Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ,əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür;məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar;prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır:tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin öz təşəbbüsü əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərci iddia təmin edilmədiyindən iddiaçıdan tutulmalıdır. Belə ki,Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir.Həmin xahişi tərəflərin hər ikisi etdikdə,yaxud şahidlərin çağırılması,ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Mursalı̇ yev Qı̇ nyaz Dursun oğluna qarşı qanunsuz zəbt edilmiş həyətyanı torpaq sahəsinin boşaldılması, zəbt edilmiş hissədə cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi, torpağın cavabdeh tərəfindən əvvəlki vəziyyətinə gətirilməsi və mülkiyyət hüququna maneçiliklərə qadağa qoyulmasına dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. İddiaçı 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu- 142595,büdcə səviyyəsinin kodu-3,SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi,kod-210005,VÖEN-**********,müxbir hesab-AZ 41NABZ********************,SWİFT BİK CTREAZ22,Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN-**********,hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar