Məhkəmə qərarları › İş №2(037)-421/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-421/2023

26.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-421/2023 26.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs maraqlı tərəf qismində cəlb etdiyi şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 26 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 09 oktyabr 1965-ci il təvəllüdlü əri X1 23 fevral 2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, əri X6 23 noyabr 2022-ci ildə vəfat etmişdir. Baş vermiş ağır itkinin təsirindən və bunun hüquqi nəticələrini bilmədiyindən vaxtında lazımi orqanlara məlumat verməmiş və ərinin ölümü haqqında tibbi şəhadətnamə almamışdır.Bu səbəbdən ərinin ölümü müvafiq Qeydiyyat şöbəsində qeydə alınmamışdır. Əri Bakı şəhərində dəfn olunmuşdur. Hal-hazırda ərinin ölümünün qeydə alınması zəruridir. Ərinin ölümünün qeydə alınmaması ondan qalan mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasına maneəçiliklər yaradır və məsələnin həllini mümkünsüz edir. Ərinin ölməsi qəbrin foto şəkilləri və şahid ifadəsi ilə təsdiq olunur.Ərinə ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə rəsmi olaraq müraciət etmişdir.Orada bildirildi ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə tələb olunur.Ona dedilər ki, hüquqi əhəmiyyətli faktın tanınması üçün məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Belə olan halda məhkəmə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X4 ifadə verərək bildirmişdir ki, İsmayıllı rayonu, Diyallı kəndində yaşayır. Ərizəçi qızı, Vüqar Orucov isə qızının əridir. Vüqar Orucov 2022-ci ildə Bakı şəhərində yaşadığı evdə ev şəraitində ağır xəstəlikdən vəfat etmiş və Bakı şəhərində dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü ildə İsmayıllı rayonu, Diyallı kəndində doğulmuş, İsmayıllı rayonu,Diyallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İş materiallarında olan 29 mart 2001-ci il tarixli Vİİ-ЖГ №393171 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 ilə X5 29 mart 2001-ci ildə rəsmi nikah qeyd etdirmişlər, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2001-ci ilin 03 ayının 29 günüdə 48 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, qəbrüstü abidəsi vardır. İş materiallarında olan Bakı şəhər Təcili və X3 Stansiyası tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli 2/116 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X7 23 fevral 2022-ci il tarixdə Bakı şəhər Təcili və X3 Stansiyasının həkimi Pərvanə Fətullayeva və tibb bacısı Aybəniz Əsədova gələnə qədər ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05/Q-328 saylı məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi (həkim) şəhadətnaməsi lazımdır. Əgər həmin şəhadətnamə yoxdursa, bu halda məhkəməyə müraciət etməli olduğu tövsiyə olunmuşdur. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X12” Publik hüquqi şəxsi 7 nömrəli Birləşmiş Xəstəxananın 14 dekabr 2022-ci il tarixli, 616 nömrəli məktubundan görünür ki, 1965-ci il təvəllüdlü X2 poliklinikaya müraciəti olmadığı üçün “Ölüm haqqında tibbi şəhadətnamə” verilməmişdir. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə,o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır.İkinci hal isə,vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə,məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X6 Bakı şəhərində ev şəraitində vəfat etmiş və Bakı şəhərində dəfn edilmişdir.Ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən 09 oktyabr 1965-ci ildə doğulmuş X1 23 fevral 2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. 09 oktyabr 1965-ci ildə doğulmuş X1 23 fevral 2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar