Məhkəmə qərarları › İş №2-2(105)-82/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-82/2024

16.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-82/2024 16.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Dəmirov İlqar Kamal oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə, maneələrin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin “iş üzrə icraata xitam verilməsi barədə” 01 fevral 2024-cü il tarixli, e-2-2(119)-95/2024 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə, maneələrin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində İddiaçı MMC Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 17 noyabr 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66-12301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında 1,421 ha torpaq sahəsi və orada yerləşən ümumi sahəsi 381,7 kv.m olan əmlak kompleksi kimi müəssisə üzərində onun (İddiaçı MMC-nin) mülkiyyət hüquqlarını həyata keçirməsinə (sahiblik və istifadəyə) cavabdeh "xxxx" ASC tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını, cavabdehə məxsus “Quba SES Paylayıcı Qurğu”nun (həmçinin "xxxx" ASC-yə məxsus bütün qurğuların) iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 01 fevral 2024-cü il tarixli e-2-2(119)-95/2024 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (hakim Zülfüqar Sadıqov). Məhkəmənin mövqeyinə görə tərəflər arasındakı mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Ona görə də iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qərardaddan iddiaçı şikayət vermişdir. Şikayətdə qərardadın ləğv olunaraq işə mahiyyəti üzrə baxılması, əks təqdirdə şikayətin işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 16 fevral 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməyərək, iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11 mart 2024-cü il tarixli 2-2(105)-45/2024 nömrəli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı mübahisə üzrə cavabdeh təbii inhisar subyekti olaraq iddiaçı hüquqi şəxslə mülki dövriyyənin bərabərhüquqlu subyekti kimi çıxış etmədiyindən mübahisəyə kommersiya məhkəməsində deyil, müvafiq inzibati məhkəmədə baxılmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11 mart 2024-cü il tarixli 2-2(105)-45/2024 nömrəli qərardadı ilə də razılaşmayan İddiaçı MMC həmin qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 17 may 2024-cü il tarixli 2-2(102)-290/2024 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11 mart 2024-cü il tarixli 2-2(105)-45/2024 nömrəli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin Kommersiya Kollegiyası qərarında mövqeyini belə şərh etmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. ... Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır... Göründüyü kimi, təbii inhisar subyektlərinin iştirakı ilə olan mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılması mübahisənin sonuncuların ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gəlməsi ilə şərtləndirildiyindən, hazırkı mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılması istisna olunur... Eyni zamanda, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır. İddia tələbindən də göründüyü kimi, hazırkı mübahisə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlıdır. Mübahisənin subyekt tərkibi ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh səhmlərinin 100 faizi dövlətə məxsus olan səhmdar cəmiyyəti formasında yaradılmış hüquqi şəxsdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qərardadını ləğv edən Ali Məhkəmənin Kommersiya Kollegiyası qərarında həmçinin qeyd etmişdir ki, işin yeni apellyasiya baxışı zamanı hazırkı mübahisənin iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlılığı, mübahisənin subyekt tərkibi nəzərə alınmaqla məhkəmə aidiyyəti ilə bağlı məsələ mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməlidir. Göründüyü kimi, Ali Məhkəmənin Kommersiya Kollegiyası hazırkı iş üzrə mübahisənin inzibati xarakterli münasibətlərdən irəli gəlmədiyini və inzibati məhkəmə icraatı qaydasında baxılmasının istisna olunduğunu qeyd etməklə yanaşı, işin məhkəmə aidiyyəti (yəni ümumi və ya kommersiya məhkəməsi, habelə ərazi yurisdiksiyası üzrə aidiyyəti) ilə bağlı məsələnin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməsini apellyasiya instansiyası məhkəməsinə həvalə etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 01 fevral 2024-cü il tarixli e-2-2(119)-95/2024 nömrəli qərardadından İddiaçı MMC-nin şikayətinə Ali Məhkəmənin Kommersiya Kollegiyasının hazırkı iş üzrə 17 may 2024-cü il tarixli 2-2(102)-290/2024 nömrəli qərarının hüquqi mövqeyi və göstərişləri əsasında təkrar apellyasiya icraatında yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası bu nəticəyə gəlir ki, şikayət təmin edilərək Sumqayıt Kommersiya Məhkəməsinin 01 fevral 2024-cü il tarixli e-2-2(119)- 95/2024 nömrəli qərardadı ləğv edilməli və iş aidiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd olunur ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir... Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir... MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11, 13 və 14-cü bəndlərində izah olunur ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici mübahisəni kommersiya məhkəməsinə aid etmək üçün həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir... Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə ən azı iki qarşı tərəfin birgə həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətini birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir... Əşya-hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Ali Məhkəmənin Plenum qərarının izahından göründüyü kimi, sahibkarlıq subyektləri arasında kommersiya mübahisəsi onların sahibkarlıq fəaliyyətini həm birgə (yəni bir-biri ilə, qarşılıqlı şəkildə), həm də ayrı-ayrılıqda (yəni hər birinin başqaları ilə) həyata keçirən zaman yarana bilər. Konkret halda tərəflərin bir-biri ilə bağlı sahibkarlıq fəaliyyətləri olmasa da, lakin ayrılıqda onlardan hər birinin fəaliyyəti kommersiya xarakterlidir. İddia tələbindən də göründüyü kimi, hazırkı mübahisə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlıdır. Cavabdeh də elektrik enerjisinin istehsalı və satışı sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirən, eyni zamanda bazarda inhisarçı statusa malik olan hüquqi şəxsdir. Mübahisənin subyekt tərkibinə gəlincə, iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh də səhmlərinin 100 faizi dövlətə məxsus olan səhmdar cəmiyyəti formasında yaradılmış sahibkarlıq subyektidir. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hazırkı iş üzrə iddia tələbi kommersiya xarakterlidir və mübahisənin baxılması kommersiya məhkəməsinə aiddir. Cavabdeh "xxxx" ASC vəsatətində məhkəmə aidiyyəti ilə yanaşı, ərazi aidiyyətini də mübahisələndirmişdir. Cavabdeh hesab edir ki, ona qarşı iddia onun qeydiyyata alındığı ünvan üzrə məhkəməyə verilməlidir (MPM-in 35.2-ci maddəsinə əsasən). Bununla əlaqədar məhkəmə kollegiyası vurğulayır ki, artıq qeyd olunduğu kimi, hazırkı mübahisə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlıdır. İddiaçının tələbi mülkiyyətində olan daşınmaz əmlakdan (torpaq sahəsindən) məhrum edilmədən həmin əmlak üzərində hüquqlarının pozulmasının aradan qaldırılmasına yönəlmişdir. MPM-in 39.1-ci maddəsinə əsasən belə iddialar daşınmaz əşyanın (əmlakın) olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərarında qeyd olunur ki, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir... Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir... Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir... Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan Qərarında həmçinin qeyd edilir ki, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Göründüyü kimi, daşınmaz əşyaya mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar həmin əmlakın olduğu yerə görə verilir. Hazırkı iş üzrə mübahisə predmeti olan daşınmaz əmlak Quba rayonunda, yəni Sumqayıt Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasında yerləşir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı kommersiya işi baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edərək, yaxud dəyişərək işin həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul etmək hüququ vardır. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər kassasiya şikayəti verə bilərlər. Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 24, 26, 32, 39, 263-264, 398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin “iş üzrə icraata xitam verilməsi barədə” 01 fevral 2024-cü il tarixli, e-2-2(119)-95/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma tələbinə dair” kommersiya işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Hazırkı qərаrdаddаn işdə iştirak edən şəxslərə rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd ondan kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar