Məhkəmə qərarları › İş №2(037)-539/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-539/2023

18.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-539/2023 18.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki işə 18 avqust 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qalmış 5040 manat dəyərində qızıl-zinyət əşyaları və ya dəyəri, 3212 manat dəyərində cehiz əmlakı və ya dəyəri, 650 manat dəyərində atası və qardaşı tərəfindən hədiyyə edilmiş su çəni, odun peçləri və çörək bişirən peç və ya dəyəri, birgə nikah müddətində 3000 manat xərc çəkilərək tikilmiş tövlənin yarı dəyəri 1500 manat və 1000 manat dəyəri olan 6 baş inəyin 3 başını və ya onların dəyəri kimi 5000 manat - cəmi 15402 manat dəyərində əmlak və ya dəyəri cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, Cavabdeh1 ilə 19 sentyabr 2016-cı il tarixində rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından iki övladları olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(037)-612/2022 saylı qətnaməsi ilə nikahları ləğv edilmişdir. Onların nikahları ləğv olmuş və onu məcburən evdən çıxaranda cavabdehlərdə ona məxsus qızıl-zinyət əşyaları, cehiz əmlakı, birgə nikah müddətində qazandıqları əmlak və iribuynuzlu mal-qaraları qalmışdır. Bundan əlavə birgə nikah müddətində faktiki yaşadıqları həyətyanı torpaq sahəsində bir sıra yardımçı tikililər, mal-qara saxlamaq üçün 3000 manat xərc çəkərək tövlə tikmişlər və yaşadıqları evin tikintisinə-təmirinə böyük miqdarda xərc çəkmişlər. İndi cavabdehlər onu həmin həyətdən, həyətyanı torpaq sahəsindən çıxarmış və bütün mülkiyyətini qeyri-qanuni olaraq ələ keçirmiş, 6 baş iribuynuzlu mal-qaraları cavabdehlərdə qalmışdır. İcra nümayəndəliyindən verilmiş 29 mart 2023-cü il tarixli arayışda mal-qara 3 baş qeyd edilsə də, əslində 6 baş olmuş və bütün qonşular təsdiq edə bilərlər ki, onun və keçmiş ərinin birgə təsərrüfatı idarə edən vaxt 6 baş mal-qaraları olmuş və o, həyətdə 6 baş inək və buzov qoyaraq çıxmışdır. O, aralarında qarşılıqlı razılıq əsasında əmlak bölgüsünün aparılmasını, cavabdehlərdə qalan qızıl-zinyət əşyalarının, cehiz əmlakının ona verilməsi üçün cəhd göstərsə də qarşı tərəf heç bir formada razılığa gəlmək istəmir. O, məcbur olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya şurasına müraciət etmiş, orda da razılıq alınmamış və bu barədə mediasiya şurası 14 mart 2023-cü il tarixdə arayış verərək məhkəməyə müraciət etməsini bildirmişdir. Ona görə də o, əmlak tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Ona nişanda və toyda 680 manat dəyərində bir ədəd briliyant tək qaşlı 750 prob üzük, 550 manat dəyərində yumru üstü xırda qaşlı 583 prob 07 qram üzük, 380 manat dəyərində paxlava şəkilli, ortada böyük yaşıl qaşlı, qıraqları xırda qaşlar olan 05 qram üzük, 450 manat dəyərində üç ağ qaşlı 06 qramlı qızıl üzük, 380 manat dəyərində üstü xırda qaşlar olan 750 prob 03 qramlıq üzük, 2600 manat dəyərində cəmi 32 qramlıq qızıl dəst- sırğa, üzük, sep - cəmi 5040 manat dəyərində qızıl-zinyət əşyaları hədiyyə edilmiş və cavabdehlər həmin əşyaları onu evdən çıxaranda əlindən almışlar. 10000 manat dəyərində 6 baş inək, onlardan birini atası ona boğaz hədiyyə etmişdir. 1300 manat dəyərində bir baş boğaz inəyi onlar özləri almış və artım olaraq 2021-ci ilin oktyabr ayında o, evi tərk eləməyə məcbur edilən zaman artıq 6 baş inəkləri olmuşdur. Bundan əlavə birgə nikah müddətində 3000 manat xərc çəkərək tövlə tikmişlər ki, həmin tövlədən indi cavabdehlər istifadə edir. Atası və qardaşı ona 200 manat dəyərində dəmir su çəni, biri 260 manat dəyərində, biri 30 manat dəyərində odun peçi və 160 manat dəyərində odunla işləyən çörək bişirən peç ona hədiyyə edilmişdir ki, həmin əmlak hal-hazırda cavabdehlərdədir. Onun cavabdehlərdə 80 manat dəyərində bir ədəd taxt döşəyi və yorğanı, 210 manat dəyərində üç dəst tək adamlıq yorğan-döşək dəsti, 140 manat dəyərində dörd ədəd müxtəlif ölçülü ədyallar 160 manat dəyərində dörd ədəd böyük döşəkçə və beş ədəd balınc, 100 manat dəyərində altı ədəd divan döşəkçəsi və bir ədəd divan üstü örtük, 125 manat dəyərində beş dəst çexol-prastina, 135 manat dəyərində on ədəd əl-üz dəsmalı, üç ədəd iri hamam dəsmalı, iki ədəd çay dəsmalı, 400 manat iki ədəd yataq otağının pərdəsi, iki karniz, səkkiz metrə eyvan pərdəsi və karnizi, əlavə pəncərə pərdələri və karnizləri, 1300 manat dəyərində yeddi ədəd xalça, nənəsinin verdiyi palaz, 320 manat dəyərində iki cüt obed servisi, bir çamadan qaşıq dəsti, 48 ədəd stəkan-nəlbəki dəsti, 12 ədəd xurustal stəkan, 135 manat dəyərində iki ədəd vaz, iki ədəd güldan, bir ədəd yataq otağı lüstürü, 127 manat dəyərində iki çaydan, bir divar saatı, dördayaq, çuqun teşt, üç ədəd podnos - cəmi 3212 manat dəyərində cehiz əmlakları qalmışdır. Cavabdehlər onu evdən qovaraq ora buraxmır, göstərdiyi əmlakından istifadəsinə imkan vermir, qızılzinyət əşyalarını ona qaytarmaq istəmirlər. Birgə nikah müddətində qazanılmış əmlakın bölgüsü ilə əlaqədar aralarında razılıq alınmır, ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşam. Cavabdehlərdə qalmış 5040 manat dəyərində qızıl-zinyət əşyaları və ya dəyəri, 3212 manat dəyərində cehiz əmlakı və ya dəyəri, 650 manat dəyərində atası və qardaşı tərəfindən hədiyyə edilmiş su çəni, odun peçləri və çörək bişirən peç və ya dəyəri, birgə nikah müddətində 3000 manat xərc çəkilərək tikilmiş tövlənin yarı dəyəri 1500 manat və 1000 manat dəyəri olan 6 baş inəyin 3 başını və ya onların dəyəri kimi 5000 manat cəmi 15402 manat dəyərində əmlak və ya dəyəri cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 teleqram göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərdi ki, o, iddiaçı ilə 19 sentyabr 2016-cı il tarixində rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından iki övladları olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(037)- 612/2022 saylı qətnaməsi ilə nikahları ləğv edilmişdir. İddiaçının cehiz əşyalarından bir ədəd taxt, iki ədəd balaca divan, bir ədəd döş stolu, beş ədəd stul, iki ədəd xalça, bir ədəd paltar yığmaq üçün şifoner, iki ədəd tumbuçqa, bir ədəd güzgü və iki ədəd qab yığmaq üçün şifoner var. İddiaçının atası bir baş inək vermiş və həmin inək ölmüşdür. O, 1400 manata bir baş inək almış və həmin inək də ölmüşdür. İddiaçının qardaşı ondan pul istəmiş və o da inəyin pulunu sonuncuya vermişdir. İddiaçı iddia tələbində 6 baş inək olmasını qeyd etsə də inəklərin sayı 4 baş olmuşdur. Onlar birgə nikah dövründə olan zaman inəyin birini sataraq öz təsərrüfat xərclərinə xərcləmişlər. Su çənini pulunu o özü vermişdir. Tövlənin tikilməsinə 300 manat iddiaçı xərc çəkmişdir. Həmin tövlə 6-7 il əvvəl tikilmiş və tikilmə xərci 1500 manat olar. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərdi ki, oğlu Cavabdeh1 iddiaçı ilə 19 sentyabr 2016-cı il tarixində rəsmi nikaha girərək ailə qurmuş və nikahları İsmayıllı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(037)-612/2022 saylı qətnaməsi ilə ləğv edilmişdir. İddiaçı ailə qurduqdan sonra üç gün onlarla olmuşdur. Onlarda iddiaçının qızıl-zinyət əşyaları yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, İddiaçı onun bacısıdır. O, bacısına su çəni və bir baş balalı inək vermişdir. Mübahisəli tövlənin tikintisinə təxminən 3000-5000 manat arasında xərc çəkilmişdir. Şəki 1 saylı Mediasiya Təşkilatının 14 mart 2023-cü il tarixli, MŞŞ/MT018/2023- 00545 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, İddiaçı Cavabdeh1 qarşı əmlak tələbi ilə bağlı 14 mart 2023-cü il tarixində, saat 14:00-da tərəflərin iştirakı ilə ilkin mediasiya sessiyası keçirilmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci nağdsız qaydada ödəmişdir. İsmayıllı rayon İHB-nın Qalacıq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 29 mart 2023-cü il tarixli, 5-54-19/2-14/2023 nömrəli məktubundan görünür ki, İsmayıllı rayonu Çəmənli kənd sakini Cavabdeh1 təsərrüfatında 2016-2020-ci illər üzrə 0 baş, 2021-ci il üzrə inək naxırı cəmi 3 baş (2 inək, 1 buzov) iribuynuzlu mal-qarası vardır. 14 mart 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Şəki 1 saylı Mediasiya Təşkilatının hesabına 50 manat ödənilmişdir. 03 aprel 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 87 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən əmlakların iddiaçıya məxsus olmasını və hazırda həmin əmlakların cavabdehlərdə qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı cavabdelərdən 1000 manat dəyəri olan 6 baş inəyin 3 başını və ya onların dəyəri kimi 5000 manat tələb etsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ailə qurduqdan sonra atası ona bir baş inək hədiyyə etmiş və ailə münasibətləri pozulduqdan sonra həmin inəyi atası aparmışdır. Eyni zamanda, iddiaçı və Cavabdeh1 birgə nikah dövründə olan zaman bir baş inək almışlar və bir müddət sonra həmin inəyi sataraq öz ailə təsərrüfat xərclərinə sərf etmişlət. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına və məhkəmə iclası zamanı tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək qənaətə gəlir ki, iddia tələbi 1000 manat dəyəri olan 6 baş inəyin 3 başını və ya onların dəyəri kimi 5000 manat hissədə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmənin bu mövqeyi prosessual qənaət prinsipinə əsaslanır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə tərəflərin qarşılıqlı münasibətinə müvafiq olaraq yaranmış mübahisəni həll edərkən, öz qənaətini işin həqiqi hallarına uyğun hesab edərək nəticəyə gəlir ki, iddiaçıya məxsus olan əşyalar cavabdehlərdə qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə, iddianın cehiz əmlakları tələbinə aid hissəsinə münasibətdə müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Belə ki, mübahisəli cehiz əşyaları həqiqi hüquq əsasında iddiaçıya məxsusdur. Həmin əşyalar iddiaçının sahibliyində olmuş və iddiaçı həmin əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Buna baxmayaraq, hazırda həmin əşyalar iddiaçının iradəsinə zidd olaraq cavabdehlərin sahibliyindədir. Cavabdehlərin həmin əşyalar üzərində heç bir hüququ olmamışdır. Bu səbəbdən də, cavabdehlərin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehlərə qarşı əmlaklarının qaytarılması ilə bağlı tələb hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddianın qızıl-zinyət əşyaları, cehiz əmlakı, atası və qardaşı tərəfindən hədiyyə edilmiş su çəni, odun peçləri və çörək bişirən peç və ya dəyəri tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia ərizəsində göstərilən 680 manat dəyərində bir ədəd briliyant tək qaşlı 750 prob üzük, 550 manat dəyərində yumru üstü xırda qaşlı 583 prob 07 qram üzük, 380 manat dəyərində paxlava şəkilli, ortada böyük yaşıl qaşlı, qıraqları xırda qaşlar olan 05 qram üzük, 450 manat dəyərində üç ağ qaşlı 06 qramlı qızıl üzük, 380 manat dəyərində üstü xırda qaşlar olan 750 prob 03 qramlıq üzük, 2600 manat dəyərində cəmi 32 qramlıq qızıl dəst-sırğa, üzük, sep, 200 manat dəyərində dəmir su çəni, biri 260 manat dəyərində, biri 30 manat dəyərində odun peçi, 160 manat dəyərində odunla işləyən çörək bişirən peç, 80 manat dəyərində bir ədəd taxt döşəyi və yorğanı, 210 manat dəyərində üç dəst tək adamlıq yorğan-döşək dəsti, 140 manat dəyərində dörd ədəd müxtəlif ölçülü ədyallar, 160 manat dəyərində dörd ədəd böyük döşəkçə və beş ədəd balınc, 100 manat dəyərində altı ədəd divan döşəkçəsi və bir ədəd divan üstü örtük, 125 manat dəyərində beş dəst çexolprastina, 135 manat dəyərində on ədəd əl-üz dəsmalı, üç ədəd iri hamam dəsmalı, iki ədəd çay dəsmalı, 400 manat iki ədəd yataq otağının pərdəsi, iki karniz, səkkiz metrə eyvan pərdəsi və karnizi, əlavə pəncərə pərdələri və karnizləri, 1300 manat dəyərində yeddi ədəd xalça, hədiyyə verilmiş palaz, 320 manat dəyərində iki cüt obed servisi, bir çamadan qaşıq dəsti, 48 ədəd stəkan-nəlbəki dəsti, 12 ədəd xurustal stəkan, 135 manat dəyərində iki ədəd vaz, iki ədəd güldan, bir ədəd yataq otağı lüstürü, 127 manat dəyərində iki çaydan, bir divar saatı, dördayaq, çuqun teşt, üç ədəd podnos - cəmi 8922 manat dəyərində cehiz əmlakları, həmin əmlaklar olmadıqda onların dəyəri olan 8922 (səkkiz min doqquz yüz iyirmi iki) manat məbləği cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Araşdırma zamanı müəyyən edildi ki, mütəxəssis rəyinə əsasən İsmayıllı rayonu Çəmənli kəndində yerləşən iddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə inşa etdikləri tövlə binasının tikilməsinə çəkilmiş xərc real bazar qiymətlərinə uyğun olaraq 1254,10 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tövlənin dəyəri olan 1254,10 manat məbləğinin yarısı ((1254,10/2=627,05) Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu və mediasiya xərci barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş 87 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçının özünə aid edilməlidir. İddiaçı 100 (bir yüz) manat və Cavabdeh1 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat ekspertiza xərci məbləği tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 680 manat dəyərində bir ədəd briliyant tək qaşlı 750 prob üzük, 550 manat dəyərində yumru üstü xırda qaşlı 583 prob 07 qram üzük, 380 manat dəyərində paxlava şəkilli, ortada böyük yaşıl qaşlı, qıraqları xırda qaşlar olan 05 qram üzük, 450 manat dəyərində üç ağ qaşlı 06 qramlı qızıl üzük, 380 manat dəyərində üstü xırda qaşlar olan 750 prob 03 qramlıq üzük, 2600 manat dəyərində cəmi 32 qramlıq qızıl dəst-sırğa, üzük, sep, 200 manat dəyərində dəmir su çəni, biri 260 manat dəyərində, biri 30 manat dəyərində odun peçi, 160 manat dəyərində odunla işləyən çörək bişirən peç, 80 manat dəyərində bir ədəd taxt döşəyi və yorğanı, 210 manat dəyərində üç dəst tək adamlıq yorğan-döşək dəsti, 140 manat dəyərində dörd ədəd müxtəlif ölçülü ədyallar, 160 manat dəyərində dörd ədəd böyük döşəkçə və beş ədəd balınc, 100 manat dəyərində altı ədəd divan döşəkçəsi və bir ədəd divan üstü örtük, 125 manat dəyərində beş dəst çexol-prastina, 135 manat dəyərində on ədəd əl-üz dəsmalı, üç ədəd iri hamam dəsmalı, iki ədəd çay dəsmalı, 400 manat iki ədəd yataq otağının pərdəsi, iki karniz, səkkiz metrə eyvan pərdəsi və karnizi, əlavə pəncərə pərdələri və karnizləri, 1300 manat dəyərində yeddi ədəd xalça, hədiyyə verilmiş palaz, 320 manat dəyərində iki cüt obed servisi, bir çamadan qaşıq dəsti, 48 ədəd stəkannəlbəki dəsti, 12 ədəd xurustal stəkan, 135 manat dəyərində iki ədəd vaz, iki ədəd güldan, bir ədəd yataq otağı lüstürü, 127 manat dəyərində iki çaydan, bir divar saatı, dördayaq, çuqun teşt, üç ədəd podnos - cəmi 8922 manat dəyərində cehiz əmlakları, həmin əmlaklar olmadıqda onların dəyəri olan 8922 (səkkiz min doqquz yüz iyirmi iki) manat məbləği alınaraq İddiaçı ödənilsin. Cavabdeh1 birgə nikah dövründə inşa edilmiş tövlə binasının tikilməsinə çəkilmiş 1254,10 manat xərcin yarısı – 627 (altı yüz iyirmi yeddi) manat 05 (beş) qəpik alınaraq İddiaçı ödənilsin. Mülki iş üzrə ödənilmiş 87 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçının özünə aid edilsin. İddiaçı 100 (bir yüz) manat və Cavabdeh1 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat ekspertiza xərci məbləği tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, bank: "xxxx" ASC Yevlax filialı, kod: 509299, bankın VÖENİ: **********, h/h: AZ61BRES********************, m/h: AZ80NABZ********************, SWİFT: BRESAZ722) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar