Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-56/2024 15.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbinə dair mülki işə 15 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1125 manat dəyərində əmlakları, 850 manat nişan məclisinin təşkili üçün çəkdiyi xərc və 41 manat dövlət rüsumu olmaqla, cəmi 2076 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə el qaydası ilə nişanlanmışlar və yaxın zamanda toyları olmalı idi. Digər cavabdehlər isə Cavabdeh1 valideyinləridir. Cavabdehlərdən tələb etdiyi əmlakları Cavabdeh1 ilə nişanlı olduğu və gələcəkdə evlənəcəkləri üçün ona almışdır. Ancaq az bir vaxtdan sonra heç bir səbəb olmadan nişanlısı Cavabdeh1 ona xəbər edərək daha onu istəmədiyini bildirmiş və nişan kimi aldığı qızıl-zinət əşyalarını və iki ədəd üzüyü ona qaytarsa da, ancaq 450 manat dəyərində 1 ədəd qızıl üzük,35 manat dəyərində 1 ədəd qadın əl sumkasını,130 manat dəyərində 4 cüt ayaqqabı, 40 manat dəyərində 1 ədəd fen,130 manat dəyərində 1 ədəd Sokçəkən maşın, 100 manat dəyərində iki ədəd gümüş sep və 240 manat dəyərində 1 ədəd “Redmi-9” markalı mobil telefondan ibarət əmlakları ona qaytarmamışdır. Bundan əlavə Cavabdeh1 ilə evlənmək üçün nişan məclisi təşkil etmiş, məclisdə ümumilikdə 20-21 nəfər iştirak etmiş,iştirak edənlərin 12 nəfəri onun tərəfindən,qalanları isə cavabdehlərin qohuməqrabaları olmuş, məclisə ümumilikdə 850 manat xərc çəkmiş,xərci ancaq o çəkmiş, çəkilən xərcə görə cavabdehlər tərəfindən ona pul verilməmişdir. O, Cavabdeh1 valideyinlərindən qızlarının etdiyi hərəkətin səbəbini soruşmuş, valideyinləri qızlarının onu istəmədiyini əsas göstərmişlər. Cavabdeh1 və valideyinlərinin hərəkətlərindən belə aydın olur ki, heç onların ilk gündən evlənmək məqsədi ilə onunla razılığa gəlməyiblər, məqsədləri onun əmlaklarını ələ keçirmək olmuşdur.Cavabdehlərin təqsiri üzündən o və ailəsi 2035 manat xərcə düşmüşlər, cavabdehlərdədir və dəfələrlə tələb etməsinə baxmayaraq əmlaklarını geri qaytarmaq istəmirlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilərək, cavabdehlərdən 1125 manat dəyərində əmlakları, əmlaklar olmadıqda və ya qəsdən yararsız hala salındıqda onların 1125 manat məbləğində dəyərinin, 850 manat nişan məclisinin təşkili üçün çəkdiyi xərcin və 41 manat dövlət rüsumu olmaqla,cəmi 2076 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddia ərizəsində qeyd etdiyi əmlaklardan 35 manat dəyərində 1 ədəd qadın əl sumkası və 130 manat dəyərində 4 cüt ayaqqabı cavabdehlərdə qalsa da, həmin əmlakları onlardan tələb etmir. O, cavabdehlərdən 450 manat dəyərində 1 ədəd qızıl üzük, 40 manat dəyərində 1 ədəd fen,130 manat dəyərində 1 ədəd Sokçəkən maşın, 100 manat dəyərində iki ədəd gümüş sep və 240 manat dəyərində 1 ədəd “Redmi-9” markalı mobil telefon olmaqla, cəmi 960 manat dəyərində əmlaklarının özlərini natura şəklində qətnamə icra olunan vaxt mövcud olmadıqda isə dəyərlərinin və 850 manat nişan məclisinə çəkilən xərcin müştərək qaydada alınıb ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçılə qızı Cavabdeh1 arasında nişan olmuşdur. İddiaçının iddia ərizəsində qeyd etdikləri yalandır və həqiqəti əks etdirmir. Belə ki, yaşadığı evdə ancaq 2 səbət, 1 ədəd qara rəngdə jaket və 1 ədəd qadın əl sumkası vardır. İddiaçı ona məxsus evdən onun xəbəri olmadan 1 ədəd matapila və onun ehtiyat hissələrini, 1 ədəd velosipet və 1 ədəd mobil telefonu aparmışdır. İddiaçı ondan 850 manat borc pul istəmiş, o da həmin pulu iddiaçıya vermişdir. Bundan əlavə iddiaçıya nişan üçün 1 ədəd üzük və 1 dəst kostyum, əlavə olaraq 3 dəst paltar və 2 dəst ayaqqabı alıb vermişdir. İddiaçı yaşadığı evə gələndə qızı Cavabdeh1 ilə kobud danışdığı üçün qızı onu rədd etmiş,valideyinləri olaraq ona və əri Nurəddinə iddiaçıdan ailə saxlayan olmayacağını, qızılları iddiaçıya qaytararaq sonuncu ilə aralarında olan məsələnin bağlanmasını xahiş etmişdir. Bundan sonra iddiaçı yaşadığı evə gələrək onu və ailə üzvlərini hədələyərək onları tutduracağını, oğlanlarını öldürtdürəcəyini və onların başına oyunlar açacağını bildirmişdir.O,iddiaçıdan üzüyünü, matapilasını və ehtiyat hissələrini, velosipetini, telefonunu və borc olaraq verdiyi 850 manat pulunu qaytarmasını tələb edir. İddiaçının ondan və digər cavabdehlərdən tələb etdiyi əmlaklara və nişan üçün çəkilən xərcə görə 850 manat pul tələb etməsinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsində qeyd edilən əşyalardan yalnız 1 ədəd qadın əl sumkası yaşadığı evdə qalmış, digər əşyalar iddiaçı tərəfindən aparılmış, iddiaçı ilə qızı Rəqsanənin nişan mərasimində ümumilikdə 20-21 nəfər iştirak etmiş, iştirak edənlərin 7 nəfəri onun tərəfindən, qalanları isə iddiaçı tərəfindən iştirak etmiş, nişan mərasiminə ümumilikdə çəkilmiş 850 manat xərcin 100 manatı onun tərəfindən ödənilmişdir. Ona görə də ədalətli qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iclasda iştirak etməmişlər və səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh1 Cavabdeh2 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid X1 ifadə verərək göstərdi ki,İsmayıllı rayonu,Topçu kəndində yaşayır.İddiaçı oğludur, cavabdehlər isə oğlunun keçmiş nişanlısı və nişanlısının valideyinləridir.İddiaçının cavabdehlərdən tələb etdiyi əmlakların hamısı olubdur və həmin əmlaklar iddiaçı tərəfindən nişanlısı Cavabdeh1 alınmışdır və həmin əmlaklar hazırda cavabdehlərdədir. Bundan əlavə iddiaçı Cavabdeh1 ilə evlənmək üçün nişan məclisi təşkil etmiş, nişan məclisinə ümumilikdə 850 manat xərc çəkmiş, həmin xərci ancaq iddiaçı çəkmiş, cavabdehlər tərəfindən iddiaçıya nişan məclisinə çəkilən xərcə görə pul verilməmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini, həmçinin işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan,həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər.Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı,yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən əşyaların iddiaçıya məxsus olmasını və hazırda həmin əşyaların cavabdehlərdə qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və şahid ifadələrinin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə Cavabdeh1 arasında evlənmək məqsədi ilə nişan mərasimi təşkil edilmiş, sonuncuya iddiaçı tərəfindən qızıl-zinət əşyaları və digər əmlaklar alınıb verilmiş, nişan mərasiminə 850 manat iddiaçı tərəfindən xərc çəkilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında olan nişan pozulduqdan sonra iddiaçı tərəfindən alınmış əmlakların bir hissəsi qaytarılsa da, ancaq iddia ərizəsində qeyd edilən 450 manat dəyərində 1 ədəd qızıl üzük, 40 manat dəyərində 1 ədəd fen, 130 manat dəyərində 1 ədəd Sokçəkən maşın, 100 manat dəyərində iki ədəd gümüş sep, 240 manat dəyərində 1 ədəd “Redmi-9” markalı mobil telefon və nişan mərasiminə çəkilən 850 manat xərc cavabdehlər tərəfindən iddiaçıya qaytarılmamışdır. İddiaçı cavabdehlərdən 960 manat dəyərində əmlakların özlərini natura şəklində qətnamə icra olunan vaxt mövcud olmadıqda isə dəyərinin, 850 manat nişan məclisinə çəkilən xərcin və ödənilmiş dövlət rüsumu məbləğinin alınıb ona verilməsini tələb edir.Cavabdeh2 iddia ərizəsində qeyd edilən əşyalardan yalnız 1 ədəd qadın əl sumkasının yaşadığı evdə qaldığını,digər əşyaların iddiaçı tərəfindən aparıldığını, iddiaçı ilə qızı Rəqsanənin nişan mərasiminə ümumilikdə çəkilmiş 850 manat xərcin 100 manatının onun tərəfindən ödənildiyini bildirir və ədalətli qətnamə çıxarılmasını xahiş edir.Cavabdeh1 əvvəlki məhkəmə iclasında Cavabdeh2 ilə eyni məzmunlu izahat vermişdir. Cavabdeh3 məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə, iddia tələbini tərəflərin izahatlarının şahid ifadəsinin müqayisəli tədqiqi nəticəsində müəyyən edilmiş hallar əsasında həll edilməsinin mümkünlüyü qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəflərin qarşılıqlı münasibətinə müvafiq olaraq yaranmış mübahisəni həll edərkən, öz qənaətini işin həqiqi hallarına uyğun hesab edərək nəticəyə gəlir ki, iddiaçıya məxsus olan və iddia ərizəsində göstərilən 450 manat dəyərində 1 ədəd qızıl üzük, 40 manat dəyərində 1 ədəd fen,130 manat dəyərində 1 ədəd Sokçəkən maşın, 100 manat dəyərində iki ədəd gümüş sep və 240 manat dəyərində 1 ədəd “Redmi-9” markalı mobil telefon cavabdehlərdə qalmışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına və məhkəmə iclası zamanı tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək qənaətə gəlir ki, iddiaçı mübahisəli əşyalarının mülkiyyətçisi olmuş, həmin daşınar əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı,əşya cavabdehlərin sahibliyində olmalı və cavabdehlərin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehlərin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Belə ki, iddia ərizəsində qeyd edilən mübahisəli əmlaklar həqiqi hüquq əsasında iddiaçıya məxsusdur. Həmin əşyalar iddiaçının sahibliyində olmuş və iddiaçı həmin əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Buna baxmayaraq, hazırda həmin əşyalar iddiaçının iradəsinə zidd olaraq cavabdehlərin sahibliyindədir. Cavabdehlərin həmin əşyalar üzərində heç bir hüququ olmamışdır. Bu səbəbdən də, cavabdehlərin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehlərə qarşı əmlakla bağlı tələb hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə nişan mərasiminə iddiaçı tərəfindən çəkilmiş 850 manat xərc tələbinə münasibət bildirərək qeyd edir ki, nişan, tərəflərin gələcəkdə evlənmə vədi ilə bir-birlərinə olan münasibətlərini qeyd etmə mərasimidir. Sözügedən mərasimin meydana gəlməsi üçün iddiaçı tərəfindən xərclərin çəkilmə səbəbi məhz qarşı tərəfin gələcəkdə onunla evlənmə vədidir. Belə olan halda sonradan verilən vədin birtərəfli,yəni hazırki tələb üzrə cavabdehlər tərəfindən pozulması mərasimə xərc çəkmiş tərəfi çıxılmaz vəziyyətə salmaqla yanaşı, bir növü çəkdiyi xərclərin izafi olması qənaətini yaradaraq həmin tərəfə ziyan vurur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia ilə bağlı qeyd edir ki,mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya cavabdehlər tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehlərin gələcəkdə evlənmə vədini pozmaqla, yəni qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur.Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Cavabdeh2 1 ədəd matapila və onun ehtiyat hissələrinin, 1 ədəd velosipet və 1 ədəd mobil telefonu iddiaçıda olduğunu, iddiaçının isə həmin əmlakların onda olmasını etiraf etməsinə, eyni zamanda iddiaçıya 850 manat borc pul verdiyi barədə dediklərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh həmin əmlaklarla bağlı tələb irəli sürmədiyi (iddia ərizəsi və ya qarşılıqlı iddia ərizəsi vermədiyi üçün) məhkəmə sözügedən əmlaklara hüquqi qiymət verə bilmir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, iddia ərizəsində qeyd edilən 450 manat dəyərində 1 ədəd qızıl üzük, 40 manat dəyərində 1 ədəd fen,130 manat dəyərində 1 ədəd Sokçəkən maşın, 100 manat dəyərində iki ədəd gümüş sep və 240 manat dəyərində 1 ədəd “Redmi-9” markalı mobil telefon olmaqla,cəmi 960 manat dəyərində əmlakların özləri natura şəklində qətnamə icra olunan vaxt mövcud olmadıqda isə dəyəri və 850 manat nişan məclisinə çəkilən xərc cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını,alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 41 manat dövlət rüsumunun 38.10 manatı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməli, ödənilmiş dövlət rüsumu məbləğinin qalan 2.90 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 450 manat dəyərində 1 ədəd qızıl üzük, 40 manat dəyərində 1 ədəd fen,130 manat dəyərində 1 ədəd Sokçəkən maşın, 100 manat dəyərində iki ədəd gümüş sep və 240 manat dəyərində 1 ədəd “Redmi-9” markalı mobil telefon olmaqla, cəmi 960 (doqquz yüz altmış) manat dəyərində əmlakların özləri natura şəklində qətnamə icra olunan vaxt mövcud olmadıqda isə dəyəri alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 850 manat nişan məclisinə çəkilən xərc və 38.10 manat dövlət rüsumu olmaqla, cəmi 888.10 (səkkiz yüz səksən səkkiz manat on qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsi İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-56/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-56/2024
15.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver