Məhkəmə qərarları › İş №2(038)-12/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-12/2024

01.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-12/2024 01.02.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi İddiaçı 11 saylı X3 Mərkəzinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə. İddiaçı 11 saylı X3 Mərkəzinin Cavabdeh qarşı 27729,52 manat maddi ziyan tələbinə dair mülki işə, məhkəmənin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı 11 saylı X3 Mərkəzi Cavabdeh 27729,52 manat maddi ziyan tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, 20 aprel 2022-ci il tarixdə Meşələrin İnkişafı Xidmətinin və Masallı X3 Mərkəzinin əməkdaşları tərəfindən 4 saylı meşəbəyliyinin 13 saylı meşə dolayında aparılmış yoxlama zamanı 66 ədəd müxtəlif cins və diametrlərdə, ümumilikdə 164,89 kub metr həcmində və 28729,88 manat məbləğində ağacların qanunsuz olaraq kəsilməsi müəyyən olunaraq aktlaşdırılmışdır. Həmin ağaclardan 52 ədədi kəsilib aparılmışdır. Onların həcmi 97,93 kub metr, nırx dəyəri 1138,52 manat, meşə fonduna dəyən ziyan 12711 manat, ümumi məbləği 13849,52 manat təşkil etmişdir. Digər 14 ədəd ağac isə qanunsuz kəsilib meşə sahəsində qaldığı üçün sekvestr olunaraq müəssisəyə mədaxil edilmişdir. Həmin ağacların həcmi 66,96 kub metr, nırx dəyəri 1000 manat 36 qəpik, meşə fonduna dəyən ziyan 13880 manat təşkil etmişdir. Həmin 14 ədəd qanunsuz kəsilmiş ağaclar yerində qaldığına görə onların 1000,36 manat nırx dəyəri ümumi ziyana hesablanmamışdır. 4 saylı meşəbəyliyinin 13 saylı meşə dolayında qanunsuz kəsilmiş ağaclara görə nırx dəyəri ilə birlikdə hesablanmış ümumi ziyan 27729,52 manat qəpik müəyyən edilmişdir. İddiaçı 11 saylı X3 Mərkəzinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. xx.xx.2022-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları 4 saylı meşəbəyliyinin 13 saylı meşə dolayında yoxlama aparmışlar. Həmin yoxlamada o iştirak etməmişdir. Onlar yoxlama zamanı aşkar etdikləri qanunsuzluqlar barədə prokurorluğa məlumat vermişlər. O meşəbəyi işləmiş, ona üç dolay təhkim olunmuşdur. Hər gün eyni dolaya gedə bilməmişdir. Bir ay ərzində eyni dolaya 3-4 dəfə getmək mümkün olurdu. Lakin dolayın gözətçisi hər gün eyni dolaya işə çıxır. Bütün meşənin mühafizəsinə cavabdehlik daşıyır. Lakin prokurorluğun araşdırmasından sonra meşə gözətçisi üçün heç bir məsuliyyət müəyyən edilməmiş, ona isə AR CM-in 314.1-ci maddəsi ilə ittiham elan edilərək barəsində cinayət işi açılmış və barəsində məhkəmənin ittiham hökmü çıxarılmışdır. Hazırda isə 11 saylı X3 Mərkəzi tərəfindən ona qarşı mülki iddia qaldırılmışdır. Hesab edir ki, o, məsul şəxs deyildir. İddia meşə gözətçisinə qarşı qaldırılmalı, dəymiş mülki ziyan ondan tələb edilməli idi. Həmçinin qanunsuz kəsilmiş 14 ağac yerində qalmaqla vətəndaşlara bilet verilməklə satılmışdır. Həmin məbləğ də cərimə məbləğinin üzərinə gəlinmişdir. Lakin qanuna əsasən cərimə məbləği hesablanarkən biletlə satılmış ağacların dəyəri ümumi məbləğdən çıxılmalı idi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Yardımlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə on beş faiz məbləğində pul tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edilmişdir. 20 aprel 2023-cü il tarixli ziyanın hesablanması barədə aktdan və həcm-qiymət cədvəlindən görünür ki, 4 saylı meşəbəyliyinin 13 saylı meşə dolayında aparılmış yoxlama zamanı 66 ədəd müxtəlif cins və diametrlərdə, ümumilikdə 164,89 kub metr həcmində və 28729,88 manat məbləğində ağacların qanunsuz olaraq kəsilməsi müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən 20 aprel 2022-ci il tarixdə Meşələrin İnkişafı Xidmətinin və Masallı X3 Mərkəzinin əməkdaşları tərəfindən 4 saylı meşəbəyliyinin 13 saylı meşə dolayında aparılmış yoxlama aparılmış və zamanı 66 ədəd müxtəlif cins və diametrlərdə, ümumilikdə 164,89 kub metr həcmində və 28729,88 manat məbləğində ağacların qanunsuz olaraq kəsilməsi müəyyən olunaraq aktlaşdırılmışdır. İş üzrə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinərək Yardımlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Hökmü ilə aylıq qazancından dövlət nəfinə on beş faiz məbləğində pul tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 9.1.-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1.-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6.-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırkı mülki iş üzrə iş materiallarında olan hökmlə müəyyən olunur ki, Ağayev X4 X3 Mərkəzinin 4 saylı meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləyərkən, vəzifəli şəxs, kimi işə laqeyd münasibəti nəticəsində özünün xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi ilə müəssisənin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Bu səbəbdən də Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə on beş faiz məbləğində pul tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Göründüyü kimi Cavabdeh təqsirli hərəkətləri nəticəsində 4 saylı meşəbəyliyinin 13 saylı meşə dolayında 66 ədəd müxtəlif cins və diametrlərdə, ümumilikdə 164,89 kub metr həcmində ağacların qanunsuz olaraq kəsilməsi halı öz təsdiqini tapır. Məhkəmə iş materillarında olan ziyanın hesablanması barədə aktdan və həcm-qiymət cədvəlinə əsasən dəymiş zərərin 28729,88 manat məbləğində olmasını müəyyən edir və iddia tələbinin təmin edilməsi əsası yaradır. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, cavabdehin hüquqa ziddi əməli, həmin əməllə dəymiş ziyan arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapır. Ona görə də iddiaçı tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə olan iddianın qiymətinə mütənasib olaraq məhkəmə xərcinə görə 173,20 manat cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 27729,52 manat maddi ziyan alınaraq 11 saylı X3 Mərkəzinin hesabına ödənilsin. Cavabdeh məhkəmə xərcinə görə 173,20 manat alınaraq dövlət mədaxilinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar