Məhkəmə qərarları › İş №2(038)-228/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-228/2025

13.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-228/2025 13.03.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 sədrliyi, xx katibliyi, Ərizəçi və nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə Masallı 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində bağladığı MŞM/MT036/2024-00222 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçı tələbini onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 2021-ci ilin dekabr ayından faktiki nikah münasibətində olmaqla ər-arvad kimi yaşamışlar. Faktiki nikahlarından 17 yanvar 2023-cü il tarixdə X2 adlı uşaqları doğulmuşdur. Nikahları olmadığı üçün Gülayın atalığı müəyyən edilmiş və Ucar rayon Qeydiyyat şöbəsi tərəfindən "Atalığın müəyyən edilməsi barədə şəhadətnamə" verilmişdir. Maraqlı şəxs ilə bir müddət mehriban yaşasalarda Gülay anadan olduqdan sonra ailəyə münasibəti dəyişmiş və ailəyə biganə yanaşmışdır. 2023-cü ilin noyabr ayından Ruslan onu və azyaşlı uşağı Gülayı Bakı şəhərində onun bacısıgildə qoyub Ucar rayonuna qayıtmış və həmin vaxtdan geri qayıtmamışdır. Ruslanın ailəyə baxmıdığı və özü işləmidiyinə görə aliment tələbi barədə məhkəməyə müraciət etmiş, lakin qanunvericiliyin tələbinə görə ailə mübahisələri ilə bağlı müraciət etməzdən əvvəl medisiya təşkilatına müraciət etmək tələb olunduğu üçün ərazi aidiyyəti üzrə Masallı 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Həmin vaxt Masallı 1 saylı Mediasiya təşkilatında onunla Maraqlı şəxs arasında 25 mart 2024-cü il tarixdə, MŞM/MT036/2024-00222 nömrəli Barışıq Sazişi bağlanmışdır. Həmin barışıq sazişinin şərtinə görə X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 2024-cü ilin aprel ayından başlayaraq, gələn hər növbəti ayda 150 manat sabit pul məbləğində alimentin ona poçt vasitəsi ilə və ya bank kartına ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs aliment ödəmək öhdəliyini öz üzərinə götürsədə bu günə kimi alimenti ödəməmiş və barışıq sazişinin şərtlərini pozmuşdur. Odur kı, Maraqlı şəxs ilə onun arasında bağlanılmış barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat varərərk, uşağın saxlanılması üçün 150 manat sabit pul məbləğində alimentin ödənilməsi ilə bağlı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin Maraqlı şəxs tərəfindən könüllü şəkildə icra olunmadığına görə həmin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00222 saylı barışıq sazişindən görünür ki, tərəflər Maraqlı şəxs onların birgə nikahlarından anadan olmuş 17 yanvar 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi hər ay 150 manat aliment pulunu uşağın anası Ərizəçi ödənilməsi barədə razılığa gəlmişlər. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə doğulmuş X1 atası hesab edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə Ucar rayonunda doğulmuşdur. Anası Ərizəçi, atası Maraqlı şəxsdur. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, ərizəçinin və ərizəçinin nümayəndəsinin izahatlarını dinləyib, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsasla yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin olunsun. xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment ödəməsi barədə Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış MŞM/MT036/2024-00222 nömrəli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulmasının başlanğıcı ərizə məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar