Məhkəmə qərarları › İş №2(038)-596/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-596/2024

29.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-596/2024 29.10.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X10 sədrliyi, məhkəmə iclasının katibi K1 katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlə onun arasında paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı tələbini müdafiə edərək bildirmişdir ki, xx.xx.2011-ci il tarixdə keçmiş həyat yoldaşı Cavabdeh ilə ailə həyatı qurmuş və nikahlarını rəsmiləşdirmişlər. Rəsmi nikahdan üç uşaqları olmuş, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(038)-283Z2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsində saxlanmış, və aliment təyin edilmişdir. Birgə nikah dövründə yaşadıqları müddət ərzində onlara məxsus mağazada təndir çörəyinin bişirilməsini və satılmasını həyata keçirmişdir. Nəticədə 2015-ci il tarixdə ünvan 1 ünvanında ev almışlar. Hal-hazırda ailə münasibətləri pozulmuşdur. Bu səbəbdən birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafi edərək izahatında bildirmişdir ki, 12 il birgə yaşamış və birgə təsərrüfatı əldə etmişlər. Evi qaynanasının adına kredit götürüb almışlar. Ödənişlərin hamısı Cavabdeh tərəfindən edilib. Lakin buna dair məhkəməyə təqdim edə biləcəyi sübut yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, ev qardaşı üçün alınmış, qardaşı özü Masallı rayonunda taksi fəaliyyəti ilə məşğul olduğundan ev alınarkən qardaşı orada olmadığından sənədlər onun adına rəsmiləşdirilmişdir. Qardaşı bacanağının adına 7.500 manat məbləğində kredit götürüb evi almışdır. Kreditlər qardaşı tərəfindən ödənilmişdir. Evə görə şəxsən özü heç bir ödəniş etməmişdir. TƏQDİM EDİLMİŞ SÜBUTLAR: Yardımlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(038)-283/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 mart 2011-ci il tarixdə 37 sayla qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 anaları İddiaçı himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən tutulması qət edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ-ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində Cavabdeh mülkiyyət hüququ Danışmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. 2(038)-438/2023 saylı mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, Astara rayon dövlət notariat kontorunda Cavabdeh-hədiyyə verən ilə X3-hədiyyə alan arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən və məzmunundan görünür ki, hədiyyə verən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,6 kv.m olan mənzili hədiyyə alan X2 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Yardımlı şəhəri, H.Əliyev küçəsi, ev 39, mənzil 7 yerləşən 2 mərtəbəli, ümumi sahəsi 46,6 kv.m olan 2 otaqlı ev X1 adına xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 №-li reyestr kitabının 40 №-li vərəqində qeydiyyata alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, uşaqların, həmçinin hər iki tərəfin mənafeyini və maraqlarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2011-ci il tarixdə keçmiş həyat yoldaşı Cavabdeh ilə ailə həyatı qurmuş və nikahlarını rəsmiləşdirmişlər. Birgə nikah dövründə ümumi gəlirləri hesabına 2015-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzili almışlar. Hazırda tərəflər arasındakı nikah məhkəmə qətnaməsi ilə pozulmuş və iddiaçı birgə nikah dövründə əldə edilmiş mənzil üzərində paylarının müəyyən edilməsini məhkəmədən tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 223.1. və 223.2-ci maddələrinə görə birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Mülki Məcəllənin 220.1. və 220.2.-ci maddələrinə müvafiq olaraq paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 225.1 və 225.6-cı maddələrinin tələbinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Həmin Məcəllənin 32.3.-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Ailə Məcəlləsinin 36.1.-35.3. və 36.8-ci maddələrinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ər-arvadın birgə mülkiyyəti ilə bağlı istinad olunmuş maddi normaların tələbindən göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir. İstinda olunmuş Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olunur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Qeyd edilməlidir ki, qanunvericilik ər-arvadın ümumi birgə mülkiyyətini yalnız onların «ümumi gəlirləri hesabına əldə edilən əşyalar»la məhdudlaşdırmamış, «ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ərin (arvadın) da ümumi əmlak üzərində hüquqa malik olduğunu» təsbit etmişdir. Bu mənada, məhkəmənin qənaətinə görə, iddiaçının və ya cavabdehin, məhz nikah dövründə əldə olunmuş əmlaklarının alınmasında bu və ya digər formada iştirak etmədiyini qəbul etmək ağlabatan mühakimə əsasında məntiqli deyildir. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və məhkəmə bu qənaətə gələrkən həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə alır. «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1/2024 №-li, 12 mart 2024-cü il tarixli qərarı: 3.7.Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. 3.8.Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. 3.9.Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Hazırki işin hallarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,6 kv.m olan mənzilin iddiaçı cavabdehlə birgə nikah dövründə əldə edildiyini iddia etsə də, sonuncu öz izahatında da həmin əmlakın ər-arvardın birgə səyləri nəticəsində deyil, cavabdehin anasının adına götürülmüş kredit hesabına əldə edildiyini və kredit məbləğinin cavabdeh tərəfindən ödənildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, məhz bu halda mübahisəli əmlakın tərəflərin birgə səyləri nəticəsində əldə edilməsini sübut etmək vəzifəsi iddiaçının üzərində düşür. Lakin iddiaçıya məhkəmə iclasında bununla bağlı sübutların təqdim edilməsi təklif edilsə də, sonuncu həmin sübutları təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlə onun arasında paylara bölünməsi» tələbinə dair iddiası rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar