Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1187/2025 10.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahda olduqları dövrdə "xxxx" ASC-dən götürdükləri 9600 manat kreditin ½ hissəsinin ödəmək vəzifəsinin cavabdehin üzərinə qoyulması və cavabdehdən ona məxsus cehiz əşyaları kimi dəyəri 1400 manat mebelinin, dəyəri 600 manat olan çilçırağın, dəyəri 100 manat olan gəvənin də cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2023-cü ildə ailə qurmuşlar. xx.xx.2024cü il tarixdə birgə nikahdan Məlahət adlı qızları olmuşdur. Qeyd etmişdir ki, hazırda cavabdehlə münasibətləri pozulmuşdur. Goranboy Rayon Məhkəməsində boşanma tələbinə dair iddiaları vardır. Cavabdehlə birgə yaşadıqları dövrdə cavabdeh xx.xx.2023-cü ildə 21 adda dəyəri 5571 manat olan qızıl əşyalarını lombarda girov qoyub pul götürmüşdür. Cavabdeh götürdüyü pulu öz məqsədləri üçün istifadə etmişdir. Cavabdeh iddiaçının qızıllarını lombarddan çıxarda bilmirdi. Ona görə də cavabdeh ona bildirmişdir ki, iddiaçı işlədiyi üçün onun adına kredit götürsünlər, lombardı bağlayıb qızılları lombarddan çıxartsınlar. İddiaçı cavabdehlə razılaşmışdır. 13 may 2024-cü ildə "xxxx" ASC-nin Yevlax filialından 48 ay müddətinə 9600 manat kredit götürmüşlər. Həmin kreditlə lombardı bağlamışlar. İddiaçı 5 ay ərzində kreditdən 307 manat ödəmişdir. Sonra münasibətləri pozulduğu üçün o, cavabdehdən ayrılıb valideynlərinin yanına gəlmişdir. O, krediti tək ödəmiş, lakin övladı olduğu üçün ödənişi davam etdirə bilməmişdir. Cavabdehə bu krediti ailə üzvləri ilə öz məqsədləri üçün xərclədiklərini, krediti ödəməyə kömək etməsini bildirmişdir. Lakin cavabdeh krediti ödəməkdən imtina etmişdir. Ona görə də iddiaçı məhkəmədə iddia qaldırıb birgə nikah dövründə onun adına alınmış kreditin ½ hissəsinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmək məcburiyyətindədir. Bundan başqa cavabdeh iddiaçıya məxsus cehiz əşyası kimi dəyəri 1400 manat olan mətbəx mebelini, dəyəri 600 manat olan çilçırağını və dəyəri 100 manat olan gəvəsini vermir. Ona görə də ona məxsus bu əşyalar da cavabdehdən ya naturada, ya da bu mümkün olmadıqda dəyəri alınıb ona verilsin. Cavabdeh Tofik oğlu mülki iddia ilə bağlı etiraz verərək göstərmişdir ki, o, iddianın “9600 manat kreditin 1/2 hissədə cavabdehin üzərinə qoyulması ilə bağlı hissəsini qəbul etmir. Digər, mətbəx mebeli və çılçıraq hissədə qəbul edir. İddiaçı 13 may 2024-cü il tarixdə kredit məbləğini iddiaçı özü götürərək anasına verdiyini bildirmişdir. Həmin kreditin ailə ilə bağlı heç bir bağlılığı yoxdur. Onların ailə münasibətləri dövründə ailənin tələbatı üçün kredit nə götürülüb nə də istifadə edilmişdir. İddianın mətbəx mebelinə və çılçırağa münasibətdə isə qiymətləndirmə ilə razı deyildir. Həmin əşyalar yerindədir. Mətbəx mebelinin cəmi qiyməti 300 manat belə etməz. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izah etdi ki, cavabdeh ilə 2023-cü ildə ailə həyatı qurmuşlar, boşanana qədər bir evdə yaşamışlar, 2025-ci ildə aralarındakı nikah rəsmi olaraq pozulmuşdur. İddiaçı atasının evində yaşayır. İddiaçı Yevlax rayon Xəstəxanasında tibb bacısı işləyir. Birgə nikahda olan vaxt cavabdehin anası və atasının psixoloji təsiri ilə iddiaçını ABB bankdan kredit götürməyə məcbur ediblər. Çünki iddiaçı işlədiyinə görə onun adına yüksək məbləğ kredit verilirdi. Bu prosesdə onun qaynanası və qaynatası da iştirak etmişdir. Verdikləri vədlərə inanaraq iddiaçı borcun cavabdehin ailəsi tərəfindən ödəniləcəyinə inanmışdır. Əldə edilən pulun bir qismi lombarda, digər qismi isə iddiaçının keçmiş qaynanasının işə düzəlməsinə xərclənmişdir. 2 ay sonra iddiaçı analıq məzuniyyətinə çıxmışdır. Ancaq iddiaçı cavabdehi dəfərlərlə xəbərdar etməsinə baxmayaraq, cavabdeh kredit borcunu ödəməmişdir. Baş verən ailə münaqişələri və ziddiyyətlər onların ailə münasibətlərini pozmuşdur. Hazirda kredit borcunu iddiaçının atası ödəyir. Verilən suala cavab olaraq bildirdi ki, kredit götürərkən Tofiklə bərabər Vüsal da iştirak etmişdir. Əldə edilən pulu iddiaçı cavabdehə, cavabdeh isə pulu atası Tofikə vermişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izah etdi ki, götürülən kredit ailə təlabatına xərclənmişdir. Hazırda iddiaçı krediti tək ödəmiş, lakin övladı olduğu üçün ödənişi davam etdirə bilməmişdir. Cavabdehə bu krediti ailə üzvləri ilə öz məqsədləri üçün xərclədiklərini, krediti ödəməyə kömək etməsini bildirmişdir. Lakin cavabdeh krediti ödəməkdən imtina etmişdir. Ona görə də iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili X5 izah etdi ki, iddia qismən qəbul edilir, qeyd olunan kredit məbləğinin ailənin təlabatına sərf edildiyini göstərən sübut yoxdur. Təqdim olunan bank sənədlərində də cavabdehin adı qeyd olunmamışdır. Odur ki, cavabdehin iddia tələbi ilə heç bir əlaqəsi yoxdur. Cavabdeh iddia tələbinin cehiz qismini qəbul edir, ancaq qiymət hissəsinə razı olmadığını və iddianın digər hissənin əsassız olduğunu bildirmişdir. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilən X9 izah etdi ki, İddiaçı onun qardaşı qızıdır. Vüsalın atası Tofik onun yanına gəlmiş və Ayşənin adına kredit götürmək istədiklərini, lakin Ayşənin atası Şirzadın buna razılıq vermədiyini bildirmişdir. Bu səbəbdən qardaşını, yəni Şirzadı razı salmağını xahiş etmişdir. Daha sonra razılıq əsasında Ayşənin adına kredit götürülmüşdür. Verilmiş suala cavab olaraq bildirdi ki, kredit götürülməsində Ayşən, Vüsal, Vüsalın atası Tofik və Vüsalın anası Kəmalə iştirak etmişdir. Kredit məbləğinin götürülməsində bilavasitə iştirak etməmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, Azərbaycan Respublikası Vergilər Nazirliyində xx.xx.2016-cı il tarixdə Qeydiyyata alınmış "xxxx" MMC tərəfindən təqdim olunmuş ekspert rəyində qeyd olunmuşdur ki, mətbəx mebelinin dəyəri 1000 manat, çılçırağın dəyəri 300 manat və xalçanın (4/3 m) dəyəri 100 manat məbləğində qiymətləndirilmişdir. Göstərilən əşyaların dəyəri orta bazar qiymətlərinə uyğundur. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, YV0219330- 2023 nömrəli nömrəli istehlak kredit müqaviləsindən məlum olur ki, İddiaçı 48 ay müddətinə illik faiz dərəcəsi 22.9% olmaqla 9600 (doqquz min altı yüz) manat məbləğində pul verilmişdir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, YV0219330- 2023 nömrəli Çərçivə kredit və girov müqaviləsi üzrə girov biletindən görünür ki, X6 tərəfindən qızıl-zinət əşyaları lombarda girov qoyularaq 5571.20 manat məbləğində pul götürülmüşdür. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, MŞY/MT034/2024-00068 nömrəli arayışdan aydın olur ki, İddiaçı “Birgə nikah dövründə bankdan götürülmüş onun adına olan kreditin ½ hissəsinin banka ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cehiz əşyalarının tələbi” ilə mediasiyaya müraciət etmişdir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən Yevlax 1 X8 50.00 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, AZ-İİ 580022 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında nikah bağlanmışdır. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin 08 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, dəyəri orta bazar qiyməti ilə qiymətləndirilmiş və mətbəx mebeli 1000 manat, çılçıraq 300 manat və xalça (4/3 m) 100 manat təşkil edir (aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir). İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən məhkəmənin sorğusu əsasında əldə edilmiş Goranboy rayon prokurorluğunun 09 sentyabr 2025-ci il tarixli, 561 xid-25 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya Qarşı Baş İdarəsindən rayon prokurorluğuna daxil olmuş tapşırığın icrası ilə əlaqədar İddiaçı və anası X1 izahatları alınaraq Baş idarəyə göndərilmişdir. Goranboy rayon prokurorluğunda araşdırma aparılmamışdır. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən məhkəmənin sorğusu əsasında əldə edilmiş İddiaçı Yevlax RPŞ-yə ünvanladığı ərizədən görünür ki, qayınanası Kəmalə Süleymanova, baldızı Vüsalə Süleymanova yaşadıqları evdə onunla münaqişə edərək, onu, eyni zamanda anası Fatmanı təhqir etmişlər və onu evdən qovmuşlar. Ailələrində münaqişənin səbəbi onun adına olan (ABB 9600) kreditin ödənilməməsidir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən məhkəmənin sorğusu əsasında əldə edilmiş X2 Yevlax RPŞ-yə vermiş olduğu izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə gəlinləri İddiaçı ilə ailədə söz-söhbət yanmış, aralarında anlaşılmazlıq olmuşdur. Ayşən ondan və anasından şikayət etmişdir ki, guya o və anası Ayşənin anasını söyüb təhqir etmişlər. Ayşən ərizəsində göstərdiyi 9600 manat kredit məbləğinin Ayşənə xərclənmişdir və pulu hissə-hissə ödəniləcəkdir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən məhkəmənin sorğusu əsasında əldə edilmiş X3 Yevlax RPŞ-yə vermiş olduğu izahatdan görünür ki, İddiaçın onun gəlinidir. xx.xx.2024-cü il tarixdə yaşadıqları evdə qab-qacağın yuyulmaması səbəbindən bir-biri ilə ucadan danışmışlar. Nə o, nə də qızı Ayşənin anasını söyüb təhqir etməmişlər, sadəcə olaraq aralarında anlaşılmamazlıq olmuşdur. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən CD diskdə olan audio yazı dinlənərkən hazırki mübahisəyə və tələbə aidiyyəti olmayan 2 nəfər şəxs arasında danışığın aparılması müəyyən olunur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. 08 aprel 2025-ci il tarixdə nikahları pozulmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə uyğun olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.2-ci maddəsinə görə ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh evlənmişlər. Evlilik zamanı bir neçə adda cehiz əşyaları aparmışdır. Cavabdeh etiraz ərizəsində iddia tələbi ilə bağlı göstərilən 1 ədəd mətbəx mebelinin, 1 ədəd çılçarağın, 1 ədəd xalçanın onun yaşadığı ünvanda olmasını etiraf etmişdir. Tələb olunan kredit məbləğini isə inkar etmişdir. Məhkəmə hesab edir ki, cavabdehlə birgə nikah dövründə iddiaçı tərəfindən kredit götürülməsi və həmin kreditin hazırda ödənməsi müəyyən olunsa da, iddiaçı tərəfindən sözügedən kredit məbləğlərinin ailə məqsədləri üçün istifadə olunub-olunmaması müəyyən olunmur. Belə ki, iddiaçı izahatında götürmüş olduğu kredit məbləğinin götürüb qayınatasına (sabiq), sonra isə əvvəl ərinə daha sonra isə əri öz atasına verdiyini göstərmişdir. Məhkəmədə kreditin götürülməsində cavabdehin atasının maraqlı olması kimi izahatlar verilmişdir ki, bu da iddiaçı ilə cavabdehin birgə nikah dövründə kredit məbləğinin ailə üçün xərclənməsini müəyyən etməyə əsas vermir. Bundan başqa İddiaçı krediti götürərək lombarda qoyulmuş qızıl əşyalarının girovdan götürülməsinə və qayınanasının işə düzəlməsinə xərcləndiyini bildirir. Təqdim edilmiş səs yazılarında da pulun ailə ehtiyaclarına sərf edilməsinə dair hal müəyyən olunmur. Rayon Polis Şöbəsində izahatlarda isə tərəflər arasında məişət anlaşılmamazlığının baş verməsi, Goranboy rayon prokurorluğunda isə İddiaçı şikayəti əsasında araşdıma aparılmadığı müəyyən olunur. Ayşənin izahatında münaqişənin səbəbi 9600 manat kredit götürməsi ilə bağlı olması qeyd edilmiş, baldızı X7 həmin vəsaitin Ayşənə xərcləndiyini, qayınanası X6 isə aralarında məişət anlaşılmamazlığının baş veridiyinə dair izahatlar vermişlər. Beləliklə, sübutetmə yükünün bölüşdürülməsi baxımından hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan kredit məbləğlərinin ailə məqsədləri üçün xərclənməsini sübut etmək məhz iddiaçının üzərinə düşür. Hazırki halda isə, iddiaçı bu barədə sübut təqdim etmədiyindən iddia "xxxx" ASC-dən götürdükləri 9600 manat kreditin ½ hissəsinin ödəmək vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində rədd edilməli, digər əşyalar isə qiymətləndiricinin rəyi əsas götürülməklə Cavabdeh qiyməti 1000 manat olan, mətbəx mebelinin, qiyməti 300 manat olan, 1 ədəd çılçırağın, qiyməti 100 manat olan, xalçanın (4/3m), əmlak naturada olmadıqda əmlakın dəyəri, eyni zamanda qiymətləndirmə xərci iddiaçının xeyrinə ödənilməlidir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 1/2024 №-li plenum qərarının; 3.14. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 3.15. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. 3.16. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225, Ailə Məcəlləsinin 32 və 41.2ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia cehiz əşyaları hissəsində təmin edildiyindən mütəxəssis rəyinin alınması üçün aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulub iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh qiyməti 1000 manat olan, mətbəx mebelinin, qiyməti 300 manat olan, 1 ədəd çılçırağın, qiyməti 100 manat olan, xalçanın (4/3m), əmlak naturada olmadıqda əmlakın dəyəri və 50 manat qiymətləndirmə xərci alınaraq iddiaçıya verilsin. İddiaçı Cavabdeh birgə nikah dövründə yaranmış 9600 (doqquz min altı yüz) manat kredit borcunun yarı dəyəri olan 4800 (dörd min səkkiz yüz) manat pulun alınaraq ona verilməsinə dair mülki iş üzrə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində elektron kabinetdən Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1187/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1187/2025
10.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver