Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1433/2021 22.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Təbriz oğlu maraqlı şəxs Yevlax rayon Qeydiyyat Şöbəsini qeyd etməklə, şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, həyat yoldaşı X2 02.04.2021-ci il tarixdə Yevlax rayonu Marzılı kəndinə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, 29.06.1991-ci il tarixdə 05.09.1968-ci il təvəllüdlü X4 ilə rəsmi nikaha girərək ailə qurmuşlar. Onların birgə nikahdan 3 övladları dünyaya gəlmişdir. 2020-ci ilin sentyabr ayında oğlu X8 cəbhəyə yollanmış və 29.09.2020-ci il tarixdə döyüş meydanında şəhid olmuşdur. Bununla əlaqədar olaraq həyat yoldaşı bu ağır itkiyə dözə bilməmiş və 02. 04.2021-ci il tarixdə yaşadığı evdə intihar etmişdir. Olan hadisə ilə əlaqədar olaraq Yevlax rayon prokurorluğunda araşdırma aparılmış və Yevlax rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01.05.2021-ci il tarixli qərarı qəbul edilmişdir. Ölüm qeydiyyatının aparılması üçün rəhmətə gedən şəxsin ölümünü təsdiq edən tibb şəhadətnamə alınmalıdır. Həyat yoldaşının adına ölüm haqqında şəhadətnamə əldə etmək üçün Yevlax rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Yevlax rayon Qeydiyyat Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mingeçevir Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 31.05.2021-ci il tarixli, 05/Q-237/15 №li məktubda X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. İş materiallarında olan AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 05.09.1968-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan 29 iyun 1991-cü il tarixdə verilmiş Vİ-ЖГ 310743 №li nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X1 arasında bağlanmış nikah 1991-ci ilin iyun ayının 29-cu günündə akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Paşayev, arvada isə Paşayeva soyadı verilmişdir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 01 may 2021-ci il tarixli qərardan görünür ki, X2 intihar etməsi faktında cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X5 ifadəsində ərizəçinin gəlini və həmkəndilisi olduqlarını, X2 02.04.2021-ci ildə yaşadığı evin həyətində olan tövlədə özünü asaraq öldürdüyünü və Yevlax rayonu Marzılı kənd qəbirstanlığında dəfn olunduğunu bildirmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə toplanmış və tədqiq olunmuş digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur ki, 05.09.1968-ci ildə Şəki rayonu Şirinbulaq kəndində doğulmuş X4 02.04.2021-ci il tarixdə Yevlax rayonu Marzılı kəndində ölmüşdür. Ərizəçi arvadının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd olunan halları əsas götürərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05.09.1968-cü ildə Şəki rayonu Şirinbulaq kəndində doğulmuş X2 02.04.2021-ci il tarixində Yevlax rayonu Marzılı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1433/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1433/2021
22.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver