Məhkəmə qərarları › İş №2(039)-1620/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1620/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1620/2023 20.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı X1, Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İlqar Mirzəyev cavabdeh Nicat Nəsirova qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2,070 manat pulun və mənəvi zərərə görə 500 manat pulun tutularaq ona qaytarılmasına, ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, 2021-ci ilin mart ayının18-19 tarixlərdə cavabdeh iş yerində ona yaxınlaşaraq qapı-pəncərə düzəltdiyini və iş olarsa görə biləcəyini bildirmişdir. O, cavabdehə qapı düzəltməsi üçün 1,500 manat material pulu, 300 manat profil üçün pul və 270 manat şüşə üçün pul vermişdir. Cavabdeh qapıları aprel ayının 15-də gətirib quraşdıracağına söz versə də, aprel ayının 15-də qapıları gətirməmiş, ayın 20-i gətirəcəyinə söz vermiş, həmin tarixdə də cavabdeh vədinə əməl etməyərək onu aldatmışdır. Cavabdehdən pulunun qaytarılmasını tələb etsə də, cavabdeh pulu ona qaytarmaqdan imtina etmişdir. Cavabdeh aralarında olan şifahi razılaşmanı pozaraq verdiyi vədə əməl etməmişdir və onu aldatmışdır. Cavabdehdən 2,070 manat məbləğində pul alınaraq ona qaytarılmalıdır. Cavabdehin təqsiri üzündən çox ciddi stress keçirmiş, əsəb gərginliyinə məəruz qalmağı səbəbindən mənəvi zərərə məruz qalmışdır. Tərəflərin izahatları: İddiaçı İlqar Mirzəyev məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Bakıda yerləşən bina tikintisi ilə məşğul olan MTK tərəfindən işə qəbul edilmiş və həmin MTK-ya məxsus binaların birində komendant kimi işləmişdir. MTK rəhbərliyinin tapşırığı ilə bəzi mənzillər üçün qapılar sifariş vermək niyyəti ilə Cavabdeh ilə tanış olmuşdur. Nicatla razılığa əsasən 20 qapı üçün ona bir qapıya görə 105 manat olmaqla ümumilikdə 2,100 manat pul ödəməli idi. Nicatın tələbi üzrə ona ilk olaraq 1,500 manat, daha sonra isə 300 manat və 270 manat pul vermişdir. Həmin pulları ona müxtəlif vaxtlarda binanın həyətində vermişdir. Bununla bağlı aralarında hər hansı müqavilə bağlanmamışdır. Pulu da Nicata təklikdə vermişdir. Buna baxmayaraq Nicat qapıları ona təhvil verməkdən imtina etmişdir. Bununla bağlı aralarında telefonda danışıqları olmuş və o, həmin danışıqları audio formatda yazaraq iddia ərizəsinə əlavə etmişdir. İddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, plastik qapı və pəncərə düzəldərək satışı ilə məşğul olur. İlqar Mirzəyev ona müraciət edərək tikilən binada yaşayan sakinlər üçün plastik qapıların lazım olduğunu bildirmişdir. İlqarla əldə etdiyi razılığa əsasən qapının birinin dəyərini 105 manat müəyyən etmişlər. İlqar 20 qapı sifariş vermişdir. İlqara bildirmişdir ki, materialların alınması üçün məbləğin yarısı öncədən ödənilməlidir. İlqar isə öz növbəsində öncədən 500 manat ödəyəcəyinə vəd vermişdir. Bu razılıq əsasında hətta 10 qapını artıq hazır etmişdir. Buna baxmayaraq İlqar vəd etdiyi pulu da ödəməmişdir. Bu səbəbdən qapıları İlqara təhvil verməmişdir. İlqar bu sifarişə görə ona ümumiyyətlə pul ödəməmişdir. İddianın təmin olumamasını xahiş etmişdir. Sübutlar: Məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi audio disk dinlənilmişdir. Həmin audio yazıda X2 Nəsirli arasında qapı sifarişi ilə bağlı söhbət olsa da, hər hansı məbləğin İlqar Mirzəyev tərəfindən Cavabdeh ödənilməsi müəyyən olunmur. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, tərəflərin izahatları ilə müəyyən olunur ki, İlqar Mirzəyev tərəfindən Cavabdeh hər birinin dəyəri 105 manat olmaqla 20 ədəd plastik qapı sifariş verilmişdir. Tərəflərin izahatları ilə təsdiq olunur ki, sifariş verilmiş qapılar üçün öncədən ödəniş olunması barədə razılıq əldə edilmişdir. Lakin, iddiaçı İlqar Mirzəyev bu səbəbdən Cavabdeh 2,070 manat ödədiyini bildirsə də, bunun təsdiqi olaraq hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş audio yazı ilə hər hansı məbləğin ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Bununla da iddiaçıya cavabdehin qanunsuz hərəkəti nəticəsində hər hansı mənəvi zərərin vurulması da təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı X1 Cavabdeh qarşı cavabdehdən 2,070 manat pulun və mənəvi zərərə görə 500 manat pulun tutularaq ona qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar