Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1976/2025 27.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X7 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət və cehiz əşyalarının dəyəri olan pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sadalanan qızıl-zinət əşyalarının və ya onların dəyərinin, həmçinin 3000 (üç min) manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 56 (əlli altı) manat pulun, mediasiya zamanı ödənilmiş 50 (əlli) manat pulun alınaraq ona, yəni İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1995-ci ildə Yevlax rayonunda anadan olmuşdur. Hazırda da Yevlax rayonu Kövər kəndində yaşayır. O, Cavabdeh1 ilə ailə qurmuş, aralarında rəsmi nikah bağlanmamışdır. Onların birgə evliliyilərindən bir övladı doğulmuşdur: - 21 noyabr 2014-cü il təvəllüdlü oğlu X4. 21 sentyabr 2022-ci il tarixdən cavabdehlə faktiki olaraq ayırılmışlar və uşaqları da onun himayəsindədir. Digər Cavabdeh2 isə onun keçmiş qaynanasıdır. Cavabdeh1 ilə onun arasında olan mərasimlər aşaqıdakı ardıcıllıqla keçirilmişdir: 27 may 2009-cu il tarixdə Yevlax şəhərində yerləşən «Dostluq» şadlıq sarayında nişan mərasimi; ' 14 noyabr 2012-ci il tarixində Yevlax şəhərində yerləşən «Bakı» şadlıq sarayında toy mərasimi (qız və oğlan toyu birlikdə). ' Toy ərəfəsində ona həm cavabdehlər, həm də öz ailəsi tərəfindən qızıl-zinət əşyaları alınıb hədiyyə edilmişdir. Hazırda həmin əşyalar ona qaytarılmamaqdadır. Bu günədək ona qaytarılmayan qızıl-zinət əşyaları aşağıdakılardır: Brilliant qaşlarla bəzədilmiş qadın üçün qızıl komplekt - qarnitur dəsti (boyunbağı, qolbağ, sırğa və üzük)-3000 manat; Həmin komplekt ona toyu günü oğlan evi tərəfindən hədiyyə edilmişdir. Brilliant qaşlarla bəzədilmiş qadın üçün qızıl nişan üzüyü-1000 manat; Həmin üzük mənə nişan günü oğlan evi tərəfindən hədiyyə edilmişdir; Brilliant qaşlarla bəzədilmiş qadın üçün qızıl üzük-200 manat; Həmin üzük ona «3 günlük» mərasimində anası Gülyanə tərəfindən hədiyyə edilmişdir; Brilliant qaşlarla bəzədilmiş qadın üçün qızıl üzük-600 manat; Həmin üzük ona nişan günü oğlan evi tərəfindən hədiyyə edilmişdir (nişan üzüyündən əlavə); 5-lik qızıl klon (qızıl qəpik)-750 manat; Həmin klon ona nişan günü oğlan evi tərəfindən hədiyyə edilmişdir. (Həmin qızılların mövcudluğu və mənə hədiyyə olunması iddia ərizəsinə əlavə edilən çoxsaylı fotoşəkillər ilə də təsdiq edilir). Toydan bir neçə gün sonra qayınanansı Cavabdeh2 ona məxsus olan və yuxarıda qeyd etdiyi bütün qızıl əşyalarını əlindən alaraq banka girov qoymuş və kredit götürmüşdür. Həmin vaxtdan sonra bir dəfə də olsun o və əri qızılları ona qaytarmamışlar. Qızıllar toydan bir neçə günü çıxmaq şərti ilə heç vaxt onda olmamışdır. Bundan başqa nişandan sonra - toydan əvvəl qaynansı Mətanət ailəsinə bildirmişdir ki, “mebel alacağınız pulu verin mənə, mebelləri mən gedim alım”. Arada olan razılaşma əsasında o və atası Natiq 3000 ABŞ dolları məbləğində pulu aparıb Mətanət və Xəqaniyə vermişlər. Lakin Mətanət onları aldadaraq vəd verdiyi mebeli deyil, başqa bir ucuz, işlənmiş və yararsız olan mebeli almışdır. O da heç vaxt həmin mebeldən istifadə etməmişdir. Hazırda o vaxt mebel alınması üçün verdikləri 3000 ABŞ dollarının ekvivalenti 5100 manat edir, lakin o bunun əvəzində yalnız 3000 manat tələb edir. Bundan başqa mən iddianın predmetini təşkil edən qızılları qiymətləndirmək üçün "xxxx" MMC-dən rəy almışdır. Həmçinin o dövlət rüsumunun əvəzi olaraq 106 manat məbləğində pul ödəmişdir (50 manat mediasiya zamanı və 56 manat da rüsum kimi). Həmin məbləğlərə dair qəbzlər də əlavə edilmişdir. O həmin məbləğlərin də cavabdehlərdən alınıb ona qaytarılmasını tələb edir. O, ərizə ilə Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət edərək aidiyyatı mediatorun təyin edilməsini xahiş etmişdir. X2 müvafiq məktubu ilə tərəflər mediasiyaya dəvət edilmişlər. Lakin cavabdehlər gəlmədiyi üçün mediator Nigar Hüseynzadə tərəfindən 03 iyul 2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbində göstərilən halları bir daha təsdiq edərək izah etdi ki, iddiaçı onun qızıdır. İddiaçı ilə cavabdeh 2 il, yəni 2010-cu ildən 2012-ci ilədək nişanlı olmuşlar. 2012-ci ildə isə nikah baş tutmuşdur. Qızıl-zinət əşyaları qızına həm nişan, həm də toy mərasimində verilmişdir. Bundan başqa qudası Mətanə Əsgərova toy mərasimindən 2 il əvvəl mebel alınacaq pulları ona verilməsini, mebellərin özünün alacağını bildirdiyindən Mətanətə 3000 ABŞ dolları verilmişdir. Belə ki, Cavabdeh2 bir oğlu olduğunu və bu səbəbdən də 3000 ABŞ dollarının üzərinə özləri tərəfindən 2000 ABŞ dolları da əlavə edərək 5000 ABŞ dollarına mebel alacağını demişdir. Lakin toy günü isə ucuz mebellərin alınmasının şahidi olmuşdur. Həmin vaxt qızına görə pul və mebel barəsində fikir bildirməmişlər. 2022-ci il tarixdən qızı və cavabdeh ayrılmışlar və ayrıldıqdan sonra cavabdehlər nə pulu, nə də qızıl-zinət əşyalarını qaytarmışlar. Verilən suala cavab olaraq bildirdi ki, evlilik dövründə qızı qayınanası ilə birlikdə yaşamışlar. İddia tələbində qeyd edilənləri təsdiq edəcək yalnız bir şahidi vardır. Göstərilənləri təsdiq edəcək başqa sübutu yoxdur. Məhkəmə iclasında Cavabdeh1 izah etdi ki, iddianı qəbul etmir. Belə ki, o, uzun müddət Rusiya Federasiyasında yaşamışlar. İddiaçı qızılları özü ilə Rusiya Federasiyasına aparmışdır. Onların uzun müddət uşaqları olmadığı üçün müalicə məqsədilə qızılların bir qismi satılmışdır. İddiaçı qalan qızıllar da ayrıldıqdan sonra özü ilə aparmışdır. İddiaçıya məxsus qızıl-zinət əşyaları onda və yaxud onlara məxsus evdə qalmamışdır. Verilmiş suala cavab olaraq bildirdi ki, anasına verilən puldan xəbəri olmamış, bu barədə ümumiyyətlə söhbət getməmişdir. Məhkəmə iclasında Cavabdeh2 izah etdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, oğlunun toyu ərəfəsində iddiaçı tərəf 1000 manat pul vermişdir ki, oğlan-qız toyu bir yerdə olsun. Toydan sonra da hərə öz qonağının nəmərini götürmüşdür. İddiaçı və yaxud onun ailəsinin hər hansı fərdindən pul alınmamışdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 vəkili X1 izah etdi ki, iddiaçının iddia tələbində göstərdiyi faktları təsdiq edəcək mötəbər sübut yoxdur. İddiaçının iddia tələbini sübut etməsi məhz öz üzərinə düşür. Bundan başqa pul tələbinə dair hissədə sübut etsə belə iddia müddəti artıq ötmüşdür. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilən X3 izah etdi ki, İddiaçı onun qaynı qızıdır. Cavabdeh2 pul verilməsini bilir, lakin bilavasitə görməmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, pulun nə vaxt verilməsini xatırlamır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən Yevlax Rayon Məhkəməsinin hesabına 48.00 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, MŞY/MT034/2024-00249 nömrəli arayışdan aydın olur ki, İddiaçı “qızıl zinət və cehiz əşyalarının tələbi” ilə mediasiyaya müraciət etmişdir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin 08 iyul 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qızıl-zinət əşyalarının orta bazar qiyməti: Brilliant qaşlarla bəzədilmiş qadın üçün qızıl komplekt - qarnitur dəsti (boyunbağı, qolbağ, sırğa və üzük)-3000 manat; Brilliant qaşlarla bəzədilmiş qadın üçün qızıl nişan üzüyü-1000 manat; Brilliant qaşlarla bəzədilmiş qadın üçün qızıl üzük-200 manat; Brilliant qaşlarla bəzədilmiş qadın üçün qızıl üzük-600 manat; 5-lik qızıl klon (qızıl qəpik)-750 manat təşkil edir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşlar. 21 sentyabr 2022-ci il tarixdə nikahları pozulmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə uyğun olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.2-ci maddəsinə görə ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 evlənmişlər. Evlilik zamanı iddiaçıya qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Tərəflər bir müddət Yevlax şəhərində daha sonra isə Rusiya Federasiyasında yaşamışlar. İddiaçı qızıl-zinət və cehiz əşyalarının dəyəri olan pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızılzinət əşyalarının mövcud olmasını, cavabdehin istifadəsində olmasını bildirmişlər. Tələb olunan pul tələbi ilə bağlı isə pulun alınmasını inkar etmişlər. Məhkəmə qeyd edir ki, iddiaçının tələbin birinci hissəsi olan qızıl-zinət əşyalarının cavabdehdə olmasını təsdiq edəcək sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə cehiz əşyalarının dəyəri olan pul tələbinə münasibətdə də qeyd edir ki, pulun kim tərəfindən, nə vaxt, hansı qaydada cavabdehə verilməsini təsdiq edəcək sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Sübutetmə yükünün bölüşdürülməsi baxımından hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı qızıl-zinət əşyalarının və pulun cavabdehlərdə olmasını sübut etmək məhz iddiaçının üzərinə düşür. Hazırki halda isə, iddiaçı bu barədə sübut təqdim etməmişdir. Bu barədə sübutun yer almaması izahatının sübut edilməməsi anlamına gəlir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət və cehiz əşyalarının dəyəri olan pul” tələbinə dair mülki iş üzrə iddia rədd edilsin. İddia təmin edilmədiyindən dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində elektron kabinetdən Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №2(039)-1976/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1976/2025
27.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver