Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1986/2025 01.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi: Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X4 xx.xx.2020-ci il tarixdə, mərhum qardaşı X5 xx.xx.2022-ci il tarixdə, mərhum qardaşı X3 xx.xx.2023-cü il tarixdə və mərhum qardaşı X6 xx.xx.2025-ci il tarixdə vəfat etmələri ilə əlaqədar ölüm faktlarının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası X13 xx.xx.1932-ci ildə anadan olmuş, xx.xx.2020-ci ildə vəfat etmiş, mərhum qardaşı X9 xx.xx.1977-ci ildə anadan olmuş, xx.xx.2022-ci ildə vəfat etmiş, mərhum qardaşı X7 xx.xx.1961-ci ildə anadan olmuş xx.xx.2023-cü il tarixdə vəfat etmiş və mərhum qardaşı X10 xx.xx.1971-ci il anadan olmuş, xx.xx.2025-ci ildə vəfat etmişdir. Sənədləşmə işləri aparmaq məqsədi ilə ona anasının və qardaşlarının ölüm haqqında şəhadətnaməsi gərəkdir. O, ölüm şəhadətnaməsi almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin müraciətinə cavab olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından mərhum ananızın və qardaşlarınızın ölümünün qeydə alınması mümkün olmamışdır”. Yaxınlarının ölümü haqqında şəhadətnamənin verilməsindən Maraqlı şəxs tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu nəzərə alınaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri: Məhkəmə baxış iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, ərizəçinin qonşudur. Onun xatırladığı qədərilə ərizəçinin mərhum anası Tutu 2020-ci ildə, qardaşları Yadigar və Elşən 2022-2023-cü illərdə vəfat etmişdir. Ən son Vüqar 2025-ci ilin mart aylarında yaşadıqları evdə Yevlax şəhərində ölmüşdür. Onlar Qaramanlı kənd qəbiristanlıqda dəfn edilmişdir. Həmçinin,o, ərizəçinin anasının və qardaşlarının ölümü ilə bağlı keçirilmiş dəfn mərasimində də iştirak etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirdi ki, ərizəçinin həyat yoldaşının dostu olmuşdur. Ailəvi bir-birilərini yaxından tanımışlar. Onun xatırladığı qədərilə ərizəçinin mərhum anası Tutu 2020-ci ildə, qardaşları Yadigar 2023-cü ildə, Elşən 2022-ci ildə və Vüqar 2025-ci ilin mart aylarında yaşadıqları evdə Yevlax şəhərində ölmüşlər, mərhumlar və mərhumə Qaramanlı kənd qəbiristanlıqda dəfn edilmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar: Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, mərhum anası X4 mərhum qardaşları X5, X3, X6 ölümü haqqında tibbi şəhadətnamə olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Yevlax rayon X1 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş mərhum valideyinləri X12, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2025-ci il tarixlərində vəfat etmiş qardaşları X9, X7 və X10 barələrində ölmü haqqında tibbi şəhadətnamənin verilməsi “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin sələhiyətləri xaricindədir. Odur ki, məsələ ilə bağlı yaşadıqları rayon üzrə məhkəməyə müraciət etməyini tövsiyə olunur. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum anası X12 xx.xx.2020-ci il tarixdə, mərhum qardaşları X9 xx.xx.2022-ci il tarixdə, X7 xx.xx.2023-cü il tarixdə və X10 xx.xx.2025-ci il tarixdə Yevlax şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi anası və qardaşlarının ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədləri yoxdur. Məhz bu sənədlər olmadığından sonradan ərizəçi yaxınlarının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi anası və qardaşlarının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ərizədə qeyd edilənləri öz ifadələri ilə təsdiq etmişdir. Şahid ifadələrində qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. İşdə olan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum anası və qardaşlarının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı mərhum anası X12 xx.xx.2020-ci il tarixdə, mərhum qardaşları X9 xx.xx.2022-ci il tarixdə, X7 xx.xx.2023-cü il tarixdə və X10 xx.xx.2025-ci il tarixdə Yevlax şəhərində yaşadıqları fərdi yaşayış evində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə: Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 xx.xx.2020-ci il tarixdə, X5 xx.xx.2022-ci il tarixdə, X3 xx.xx.2023-cü il tarixdə və X6 xx.xx.2025-ci il tarixdə Yevlax şəhərində yaşadıqları evdə ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. xx.xx.1932-ci ildə Yevlax şəhərində anadan olmuş X4 xx.xx.2020-ci il tarixdə Yevlax şəhərində ölməsi, xx.xx.1977-ci ildə Yevlax şəhərində anadan olmuş X5 xx.xx.2022-ci il tarixdə Yevlax şəhərində ölməsi, xx.xx.1961-ci ildə Yevlax şəhərində anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə Yevlax şəhərində ölməsi və xx.xx.1971-ci ildə Yevlax şəhərində anadan olmuş X6 xx.xx.2025-ci il tarixdə Yevlax şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Aybəniz Babayeva