Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-208/2025 14.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh, onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat dəyərində Rusiya istehsalı olan 583 əyar 18 qramlıq fianit qaşlı üzük-sırğa, qolbağı və boyunbağıdan ibarət qızıl dəstinin, dəyəri 600 manat olan Rusiya istehsalı 583 əyar 4.5 qramlıq 1 ədəd qızıl üzüyün, dəyəri 700 manat olan Rusiya istehsalı 583 əyar 4.3 qramlıq brilyantqaşlı 1 ədəd qızıl nişan üzüyün, dəyəri 350 manat olan Rusiya istehsalı 583 əyar 2.8 qramlıq sadə 1 ədəd qızıl üzüyün, yaxud həmin əşyaların dəyərinin, 57.4 manat dövlət rüsumunun, əmlakın qiymətləndirilməsi üçün mütəxəssisə ödənilmiş 50 manat məbləğin və 50 manat mediyasiya xərcinin alınb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə 2021-ci ilin iyul ayında faktiki evlənmişlər. Həmin nikahdan 23 may 2022ci ildə X6 doğulmuşdur. Qız toyu və oğlan toyu ayrı-ayrı vaxtlarda olmuşdur. 2021-ci ilin iyul ayında keçirilən qız toyunda ona üzük-sırğa və boyunbağıdan ibarət qızıl dəsti və dörd ədəd qızıl üzük hədiyyə edilmişdir. Atası tərəfindən isə ona 1 ədəd qızıl qolbağı hədiyyə edilmişdir. Toyda ona hədiyyə edilən qızıl əşyalarının və atası tərəfindən hədiyyə edilən qolbağının çəkisini, dəyərini və əyarını xatırlamır. Oğlan toyunda isə cavabdehin xalası tərəfindən ona 1 ədəd qızıl üzük hədiyyə edilmişdir. Cavabdehlə birlikdə 3 ildir ki, ayrılmışlar. Cavabdehin evində 1 il yaşamış, həmin qızıl əşyaları həmin müddətdə özündə (iddiaçının) olmuş və sandıqda saxlamışdır. Cavabdehlə dalaşıb anası evinə getdikdən sonra həmin qızıl əşyaları sandıqdan götürülmüşdür. Anası evinə gedən zaman o özü ilə heç bir qızıl əşyası aparmamışdır. Ailə münasibətlərini bərpa edəcəklərini düşündüyünə görə evdən gedən zaman qızıl əşyalarını özü ilə götürməmişdir. Dalaşmaqları ilə əlaqədar heç bir yerə şikayət etməmişdir. Cavabdehin qardaşı ailə quran zaman ona (iddiaçıya) məxsus olan həmin qızıl cavabdehin qardaşının arvadına hədiyyə edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı ilə 2022-ci ildə ailə qurmuşlar və dörd yaşında Həvva adlı qızı vardır. Artıq dördüncü ilə keçmişdir ki, iddiaçı ilə ayrılmışlar və ayrıldıqdan dərhal sonra iddiaçı ondan aliment tələb etsə də, qızıl tələbi irəli sürməmişdir. Dörd ildən sonra o (cavabdeh) ailə qurduqdan sonra iddiaçı qızıl tələbi irəli sürmüşdür. Atası (cavabdehin) rəhmətə getmiş, anası isə onkoloji xəstədir və kasıb ailədirlər. Qız toyunda iddiaçının anası qızıl əşyaları gətirmiş və göstəriş olması üçün iddiaçının üzərinə taxmışdır. Oğlan toyu qız toyundan 3 gün sonra olmuş və qız toyunda olan qızıl əşyaları oğlan toyunda iddiaçının üzərində olmamışdır. Çünki, həmin qızıl əşyaları iddiaçının anası tərəfindən qız toyundan sonra geri qaytarılmışdır. Toyda iddiaçıya bibisi (iddiaçının) tərəfindən təxminən 2 qramlıq 150-200 manat dəyərində 1 ədəd qızıl üzük hədiyyə edilmişdir. O (cavabdeh) evdə olmayan zaman iddiaçı ilə onun (cavabdehin) anası arasında narazılıq olmuş, iddiaçı evdən çıxıb getmiş və həmin vaxt bibisi tərəfindən verilmiş üzüyü də iddiaçı özü ilə aparmışdır. İddiaçıya atası tərəfindən hər hansı qolbağı verilməmiş və belə qolbağı mövcud olmamışdır. Qardaşının toyunda istifadə edilən qızıl-zinət əşyaları isə qardaşının qaynanası tərəfindən alınmış qızıllar olmuşdur. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, cavabdeh onun (şahidin) yeznəsinin qardaşıdır. Qızının qaynanasının imkanı olmadağından özü (şahid) qızına qızıllar alıb taxmışdır. İddiaçı ilə cavabdeh onun (şahidin) qızı ailə qurmamışdan əvvəl evlənmişlər. Cehiz vermədiyinə görə özünə (şahidə) məxsus qızılları toyda qızına hədiyyə etmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı ilə qonşudurlar və onu uzun müddətdir ki, tanıyır. İddiaçı ilə cavabdehin oğlan toyunda iştirak etmiş, lakin toyda iddiaçının üzərinə qızıl taxıldığını görməmişdir. Toydan sonra iddiaçını görməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun qonşusudur. İddiaçının oğlan toyunda oğlu ilə birlikdə iştirak etmişdir. Toyda iddiaçının üzərində qızıl əşyaları görməmişdir. Toy mərasimi iddiaçının yaşadığı evin həyətində olmuşdur. İşdə olan Əmlakın qiymətləndirilməsinin nəticələrinə dair xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, 18 qramlıq 583 əyar Rusiya istehsalı olan qızıl dəstinin (sırğaüzük, boyunbağı və qolbağı ilə birlikdə, fianit qaşlarla bəzədilmiş) qiyməti dəyəri 2000 (iki min) manat, 4.5 qramlıq 583 əyar Rusiya istehsalı olan qızıl üzüyün dəyəri 600 (altı yüz) manat, 4.3 qramlıq 583 əyar Rusiya istehsalı olan qızıl nişan üzüyünün (brilyant qaşlı) dəyəri 700 (yeddi yüz) manat, 2.8 qramlıq 583 əyar Rusiya istehsalı olan qızıl üzüyün (sadə) dəyəri 350 (üç yüz əlli) manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/998 saylı rəydən görünür ki, 1 ədəd 4.5 qramlıq 583 əyar qızıl üzüyün dəyəri 518 (beş yüz on səkkiz) manat, 2.8 qramlıq 583 əyar qızıl üzüyün (sadə) dəyəri 322 manat müəyyən edilmişdir. Ekspertiza təyini haqqında qərardadda qeyd edilən 02 adda zərgərlik məmulatlarının 2025-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 840 (səkkiz yüz qırx) manat müəyyən edilir. Digər 02 adda zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların sayı, keyfiyyəti, ölçüsü və s. barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 2021-ci ilin iyul ayında faktiki evlənmişlər və qız toyunda iddiaçının üzərinə görünüş üçün üzük-sürğa dəsti, boyunbağı və nişan üzüyü taxılmış və iddiaçının bibisi tərəfindən bir ədəd qızıl üzük hədiyyə edilmişdir. İddiaçıya bibisi tərəfindən hədiyyə edilmiş bir ədəd qızıl üzük istisna olmaqla digər qızıl əşyaları iddiaçı tərəfindən ər evinə aparılmamışdır. Aralarında olan narazılığa görə iddiaçı ər evindən gedən zaman bibisi tərəfindən hədiyyə edilmiş 1 ədəd qızıl üzüyü özü ilə aparmışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş qız toyunun görüntülərini əks etdirən videodiskə məhkəmə iclasında baxış keçirilən zaman iddiaçının qohumları tərəfindən həqiqətən onun üzərinə üzük-sürğa dəsti, boyunbağı asılıdığı, cavabdeh tərəfindən nişan üzüyü taxıldığı müəyyən edilsə də, oğlan toyunu əks etdirən videodiskə baxış keçirən zaman həmin əşyaların iddiaçının üzərində olmadığı müəyyən edilmişdir. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, qeyd edilən qızıllar həqiqətən də iddiaçıya toyda görüntü üçün üzərinə taxılmış və həmn əşyalar ona hədiyyə olaraq verilməmişdir. Bundan başqa, məhkəmə iclasında iddiaçı əlavə olaraq izahatında göstərmişdir ki, həmin qızıl əşyaları evdən gedən vaxtadək onda olmuş və otağında sandıqda saxlamışdır. Eydən gedən zaman isə ancaq özünə və qızına məxsus geyim əşyalarından aparmışdır. Göründüyü kimi qeyd edilən qızıl əşyaları cavabdehin evində olduğu təqdirdə iddiaçının həmin qızıl əşyalarını aparması üçün kifayət qədər imkanı olmuşdur. Həmin hal da belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı evdən gedən zaman qeyd edilən qızıl əşyaları cavabdehin evində olmamışdır. Məhkəmə iclasında iddiaçı qızıl əşyalarını ailə münasibətlərini bərpa edəcəyinə ümid etdiyinə görə evdən gedən zaman özü ilə götürmədiyini göstərsə də, məhkəmə ididaçının həmin izahatına tənqidi yanaşır və inandırıcı hesab etmir. Belə ki, məhkəmə iclasında iddiaçı cavabdehdən üç ildən artıq müddətdir ki, ayrıldığını göstərmiş, lakin həmin müddət ərzində ailə münasibətlərinin həqiqətən də bərpa edilməsinə doğru yönəlmiş addımlar atdığını təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə iclasında iddiaçı atası tərəfindən ona bir ədəd qızıl qolbağı, həmçinin toyda başqa bir qızıl üzüyün (bibisi tərəfindən hədiyyə edilmiş qızıl üzük, qızıl nişan üzüyü və üzük-sırğa dəstinə aid üzük istisna olmaqla) hədiyyə edildiyini göstərsə də, həmn halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının bir ədəd qızıl üzüyü (bibisi tərəfindən hədiyyə edilmiş) evdən gedən zaman özü ilə aparması barədə cavabdeh tərəfindən verilmiş izahatı məhkəmə daha inandırıcı, səmimi və işin hallarına uyğun hesab edir. Belə ki, məhkəmə iclasında müəyyən edildiyi kimi qeyd edilən qızıl üzük evdən gedən vaxtadək cavabdehdə olmuş, evdən gedən zaman isə iddiaçı sərbəst olmuş və ona heç kim maneə yaratmamışdır. İddiaçı özü də izahatında evdən gedən zaman özünə və qızına məxsus geyim əşyalarından apardığını göstərmişdir. Göründüyü kimi iddiaçı evdən gedən zaman qeyd edilən qızıl üzüyü özü ilə aparmaqda tam sərbəst olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci madəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmn edilməməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 57.4 manat dövlət rüsumu, əmlakın qiymətləndirilməsi üçün ödənilmiş 50 manat və mediasiya prosesi üçün ödənilmiş 50 manat iddiaçıya aid edilsin. İddiaçı 50 (əlli) manat ekspertiza xərci tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-208/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-208/2025
14.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver