Məhkəmə qərarları › İş №2(039)-360/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-360/2021

18.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-360/2021 18.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, onun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 162 baş qoyun-quzunun naturada özünün, yaxud hər bir qoyunun 1 ədəd qiyməti 200 manat olmaqla onun dəyərinin, habelə alınmış 1,750 manat məbləğində pulunun, həmçinin 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh şəxsə 2011-ci il tarixində 18 baş, 2017-ci il tarixində 14 baş ana qoyun, 4 baş erkək qoç, bu proseslərdən 2 ay sonra isə 13 baş ana, 13 baş balası olan qoyunu alaraq vermişdir. Ümumilikdə 62 baş qoyun-quzu onun tərəfindən alınmışdır. Qarşılıqlı razılaşma ondan ibarət idi kı, qoyunlar ona məxsus olmaqla, onların hər il doğduğu balalarının yarısı onun, yarısı cavabdehin olmalı idi. Hər dəfə ondan soruşanda quzularına toxunmadığını, ancaq bölgüyə əsasən ona aid olan quzuları satdığını bildirirdi. Təxminən 2017, 2018, 2019 və 2020-ci il ərzində ona məxsus olan 62 baş qoyundan hər il üçün bu şəxs 100 baş bala götürüb. 50-si onun, 50-si isə özünün olduğunu bildirib. 2017-ci il nəzərə almadan 2018-2020-ci il tarixində 3 il ərzində cavabdehin hər il üçün 100 bala almaqla 300 baş quzu əldə etdiyini, həmin quzunun 150 başının onun olduğunu, 150 başın isə onun olduğunun nəzərə alaraq, 3 il üçün ona çatacaq 150 baş quzudan, 50 baş quzunun cavabdehin hazırkı təsərrüfat üzrə qoyunquzuların dava-dərmana, otuna, çəkilən xərclərə çıxaraq, 100 baş quzunun, 62 baş isə ana qoyununu ondan istəyir. Həmin cavabdehdə olan ümumi sayı 162 baş qoyun-quşunu ondan tələb edir. Bu səbəbdən də cavabdeh hazırda həmin qoyunlarını Yevlax rayonu Hacımahmudlu kəndində fermada saxlayır, orada onun ferması var. Onun qoyun-quzusu ilə cavabdeh özünə 30.000 manata ev alıb, torpaq alıb. Bundan başqa iddianın digər hissəsini 1,750 manat pul tələbi təşkil edir ki, tərəfindən torpaq sahəsi alınması üçün o, bu şəxsə pul vermişdir. Həmin pulu nağd olaraq ona vermişdir, yəni torpaq almaq üçün 2,700 manat pulu vermiş, həmin puldan 1,000 manat cavabdeh 7-8 həftə öncə ona verib. Hətta heyvanlarından qaytaracağını, yerdə qalan borcunu da qaytaracağını bildirmişdir. Ancaq bu məsələ artıq böyüyərək şəxsin ona qarşı zorakılığına gətirib çıxarmış, pulunu və malını ona qaytarmamaq üçün hətta onu döymüş, öldürməklə hədələmişdir. Bu barədə istintaq orqanlarına müraciət etmişdir. Həmin orqanlardan kömək istəmişdir. Nəzərə alınsa ki, 162 baş qoyun-quzu hal-hazırda ondadır. 1 baş ana qoyunun orta bazar qiyməti 200 manatdır. 162 baş ana qoyun 200 manatdan, cəmi 32,400 manat edir. O, qoyun-quzunun naturada özünü, yaxud dəyərini istəyir. Bu barədə kifayət qədər sübutları var. Şəxsin səs yazısı və digər qanunla müəyyən olunmuş sübutları məhkəmə prosesində tələbi sübut etmək üçün nə mümkündürsə edəcək. O, haqlıdır. Bu səbəbdən də iddian müdafiə edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, 2010-cu ildən 2020-ci ilədək cavabdehlə faktiki nikah münasibətlərində olmuşlar. Bu müddətdə cavabdehə qoyun-quzu almaq üçün bir neçə dəfə pul vermişdir. Cavabdeh artan qoyunlardan yarısını ona verəcəyini vəd etmişdir. Həmin dövrdə cavabdeh ondan torpaq almaq üçün pul da götürmüşdür. Həmin puldan ona cavabdehin 1,700 manat borcu qalmışdır. Polisə yalnız döyülməsi ilə bağlı müraciət etmişdir, pul tələbi ilə bağlı deyil. İddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə tanış olsa da, faktiki nikah münasibətlərində olmamışlar. Belə ki, ara-sıra göruşləri olmuşdur. Qoyun saxlamaq və artırmaqla bağlı aralarında heç bir razılaşma olmamışdır. Bu müddət ərzində bir neçə dəfə iddiaçı ona pul vermiş, lakin bu pulun verilməsi nə qoyun almaqla, nə də torpaq almaqla bağlı olmamışdır. İddiaçı pulu xərcləmək üçün ona vermişdir. Verilən pullar da bildirdiyi miqdarda olmamışdır. Lakin son zamanlar iddiaçı ondan kəbin kəsdirməyi tələb etmişdir. Buna cavab olaraq bildirmişdir ki, ailəsi var, ona görə də kəbin kəsdirə bilməz. İddiaçı bundan əsəbiləşərək ona problemlər yaradacağını bildirmişdir. Bu zəmində aralarında mübahisə olmuş və mübahisə zamanı iddiaçını sillə ilə vurmuşdur. Bu hadisə polis orqanları tərəfindən araşdırlımış və ona hüquqi qiymət verilmişdir. İddiaçının təqdim etdiyi audio yazı isə onun razılığı olmadan aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81 Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Maddə 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iddiaçı, cavabdehlə əldə etdiyi razılıq əsasında sonuncuya xırda buynuzlu heyvan alıb artırılıb bəhrə əldə etmək məqsədi ilə, habelə torpaq almaq məqsədi ilə pul verdiyini bildirsə də, buna dair hər hansı mötəbər sübut təqdim etməmiş, cavabdeh isə belə bir razılaşmanın olduğunu etiraf etməmişdir. İddiaçı öz dəlillərinin əsasın kimi yalnız audio yazı təqdim etsə də, bu yazının qanuni əsaslarla aparılmasını sübut etməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı, öz dəlilləri sübut edə bilmədiyindən iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı cavabdehdən 162 baş qoyun-quzunun naturada özünün, yaxud hər bir qoyunun 1 ədəd qiyməti 200 manat olmaqla onun dəyərinin, habelə alınmış 1,750 manat məbləğində pulunun, həmçinin 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar