Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-365/2023 28.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı “cavabdehlər tərəfindən törədilən süni maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı “cavabdehlər tərəfindən törədilən süni maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu, Quşçu kəndində ona məxsus olan torpaq sahəsində inşa etdiyi tövləyə özünə məxsus iri buyunuzlu heyvanların salınmasına cavabdehlər tərəfindən törədilən süni maneələrin aradan qaldırılması, cavabdehlərə ona məxsus tövləyə özlərinə məxsus iri buynuzlu heyvanların salınmasının qadağan olunması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, 1969-cu ildə X2 ilə ailə qurmuşdur. Birgə nikahlarından 4 qızı və 1 oğlan olmaqla 5 övladları dünyaya gəlmişdir. Qızıları evlidir öz ailələri ilə birlikdə yaşayırlar. Oğlu Cavabdeh1 isə onunla eyni həyətdə yaşayır. Belə ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 38 saylı qərarı ilə Yevlax rayonu Quşçu kəndində ona və ailə üzvlərinə 0.25 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində 2 ayrı-ayrı ev tikilmişdir. Bir evdə o və həyat yoldaşı, digər evdə isə oğlu Abbas və onun ailəsi yaşayır. Onların evlərinin hasarı iki hissəyə ayırılır. Eyni zamanda da ona məxsus torpaq sahəsində tövlə inşa etmişdir. Buna baxmayaraq oğlu Abbas və gəlini Mafi ona olmazın əziyyətlər verirlər. Cavabdehlər ona öz tövləsindən istifadə etməyə imkan vermirlər. Belə ki, onlar tövlənin qıfılını sındıraraq ora özlərinə məxsus iri buyunuzlu heyvanları salırlar. Belə olan vəziyyətdə isə o öz heyvanlarını özünə məxsus tövləyə sala bilmir. Bu azmış kimi cavabdehlər dəfələrlə onu vurmağa çalışmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında iddiaçının tələbi ilə razı olmadığını, onların birgə yaşadıqları məhlədə tövlə olduğunu, həmin tövlədə 2012-ci il tarixdən özünə məxsus olan iri buyunuzlu heyvanlarını saxladığını, tövləni iddiaçı ilə birlikdə inşa etdiklərini bildirmişdir. Əvəllki məhkəmə iclasında iştirak edən X10 iddianı qəbul etməyərək, digər cavabdeh ilə eyni məzmunlu izahat verərək, iddiaçının bir neçə il öncə onu döyərək xəstə saldığı üçün sonuncunun barəsində olan cinayət işində şikayətçi olmadığını, heyvanlarının tövlədə saxlanmasına iddiaçının özünün razılıq verdiyini bildirmiş və məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; JN-181A KOD 90111028 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, İddiaçı, X1, Cavabdeh1, X5, X6 və X3 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 38 saylı qərarı ilə Yevlax rayonu Quşçu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı 0,25 ha torpaq sahəsi verilmişdir. Yevlax rayon İHB-nin Xaldan kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 584 saylı xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən Yevlax rayonu Quşçu kəndində yaşayır. 11 saylı təsərrüfat kitabı sahəsi 89-da 38 saylı təsərrüfatın başçısıdır. 1985-ci ildə tikilimiş fərdi yaşayış evi ona məxsusdur. Yevlax rayon İHB-nin Xaldan kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 saylı xx.xx.2023-ci il tarixdə verilmiş arayışdan görünür ki, vətəndaş İddiaçı təsərrüfatında Yevlax rayonu, Quşçu kəndində 0.25 ha həyətyanı torpaq sahəsi vardır. 0.25 ha həyətyanı torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evləri 1-ci ev 38 saylı təsərrüfata İddiaçı, 2-ci ev 169 saylı təsərrüfata Cavabdeh1 məxsusdur. 0.25 ha həyətyanı torpaq sahəsində inşa olunmuş tövlə 38 saylı təsərrüfata İddiaçı məxsusdur. Yevlax Rayon Məhkəməsinin 1(039)-100/2012 saylı, xx.xx.2012-ci il tarixli hökmdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 15%-i dövlət nəfinə tutulmaqla dörd ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X4 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərini tanıyır və bütün mülkiyyət növlərinin bərabərhüquqlu olmasını və dövlət tərəfindən qorunmasını təsbit edir. Qeyd olunan maddənin 3-cü bəndində qeyd edilir ki, torpaq sahələri üzərində mülkiyyət hüqüqu mülkiyyətçisinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclasında müəyyən edildi ki, Yevlax rayonu, Quşçu kəndində JN-181A KOD 90111028 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən verilmiş 0.25 ha həyətyanı torpaq sahəsində inşa olunmuş tövlə 38 saylı təsərrüfata İddiaçı məxsusdur, habelə iri buynuzlu heyvanların həmin tövlədə saxlanması ilə bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında mülki mübahisə mövcuddur. Cavabdehlər hazırda özlərinə məxsus iribuynuzlu heyvanlarını sözügedən mübahisəli tövlədə iddiaçının razılığı ilə saxladıqlarını məhkəmə iclasında bildirsələr də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Yevlax rayonu, Quşçu kəndində JN-181A KOD 90111028 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən verilmiş 0.25 ha həyətyanı torpaq sahəsində inşa olunmuş tövlədə İddiaçı məxsus iri buynuzlu heyvanların saxlanmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan süni maneələr aradan qaldırılmalı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olan iri buynuzlu heyvanların İddiaçı məxsus tövlədə saxlanması qadağan olunmalı və sonuncuların qanunsuz hərəkətlərinə son qoyulmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Yevlax rayonu, Quşçu kəndində JN-181A KOD 90111028 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən verilmiş 0.25 ha həyətyanı torpaq sahəsində inşa olunmuş tövlədə İddiaçı məxsus iri buynuzlu heyvanların saxlanmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan süni maneələr aradan qaldırılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olan iri buynuzlu heyvanların İddiaçı məxsus tövlədə saxlanması qadağan olunsun və sonuncuların qanunsuz hərəkətlərinə son qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-365/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-365/2023
28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver