Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-565/2021 16.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Muradxanova(Qasımova) Tahirə Əşrəf qızına və Cavabdeh3 qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Muradxanova (Qasımova) Tahirə Əşrəf qızına və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən ona məxsus olan yataq mebel dəstinin naturada, yaxud onun dəyəri olan 1800 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Qasımov Sabir Səfa oğlu onun keçmiş əri, Cavabdeh2 keçmiş qaynanası və Cavabdeh3 isə keçmiş qaynatasıdır. Cavabdeh1la 2012-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2016-ci il təvəllüdlü X7 qızı və xx.xx.2018-ci il X2 adlı uşaqları anadan olmuşdur. Lakin Cavabdeh1la xasiyyəti uyğun gəlmədiyi üçün Yevlax Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsinə əsasən aralarında olan rəsmi nikah qeydi pozulmuşdur. Cavabdehlə toyları olan zaman valideyinləri tərəfində ona cehiz əşyaları ilə birlikdə yataq mebeli dəsti də hədiyyə verilmiş (mebel dəstinin daxilində 1 ədəd çarpayı, 2 ədəd tumbuçka, 1 termo, 1 ədəd şifoner daxil olmaqla) və həmin mebel dəsti cavabdehlərin ünvanında qalmışdır. Nikahları pozulduqdan sonra sözügedən yataq mebelini cavabdehlərin evindən götürmək üçün müraciət etsə də, cavabdehlər ona məxsus olan mebel dəstinin verilməməsi üçün müxtəlif bəhanələr gətirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, digər cavabdehlər onun oğlu və əri, iddiaçı isə onun keçmiş gəlinidir. Aytac oğlu Sabirdən boşandıqdan sonra cehiz əşyalarını, o cümlədən yataq mebel dəstini onların evindən çıxardaraq valideynlərinin evinə aparmışdır. Bir müddət ayrı yaşadıqdan sonra oğlu Sabir və Aytac barışmış və yenidən ailə kimi birlikdə yaşamağa başlamışlar. Bu zaman Aytac yenidən onların evinə gəlmiş və Aytacın yataq dəsti olmadığı üçün o, özünə məxsus köhnəlmiş yataq dəstini sataraq mebel mağazasından nisyə alqısatqı müqaviləsinə əsasən yeni yataq dəsti almış və onu Aytacın və oğlu Sabirin istifadəsinə vermişdir. Sonradan oğluyla Aytacın münasibətləri yenidən pisləşmiş və onlar yenidən ayrılmışlar. Aytacın tələb etdiyi mebeli o, özünün vəsaiti ilə almış və onun dəyərini hissə-hissə ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiklərindən fərqli izahat verərək bildirmişdir ki, tələb etdiyi yataq dəsti onun cehiz əşyası deyil. O, Cavabdeh1 boşandıqdan sonra valideynləri tərəfindən ona cehiz olaraq verilmiş əşyaları, o cümlədən özünə məxsus yataq dəstini cavabdehlərin evindən aparmışdır. Həmin dövrdə Sabirin təxminən 1600 manat aliment borcu yaranmışdır. Sabirin məsuliyyətə cəlb olunmaması üçün qaynanası Tahirə ondan şikayətini geri götürməsini və oğlu ilə birlikdə yaşamasını xahiş etmişdir. O da bununla razılaşmış və Sabirlə barışaraq ailə kimi birlikdə yaşamağa başlamışlar. Bu dövrdə aliment borcunun əvəzi olaraq qaynanası Tahirə onlara yeni yataq dəsti almış və pulunu hissə-hissə ödəməyə başlamışdır. Bundan sonra Sabirlə münasibətləri yenidən pisləşmiş və o ayrılaraq valideynlərinin yanına qayıtmışdır. Hesab edir ki, mebel dəsti Tahirə Qasımova tərəfindən alınsa da, onun və uşaqlarının haqqıdır. Məhkəmə mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia ərizəsində qeyd olunan yataq mebel dəstinin mülkiyyətçisinin iddiaçı olmasını sübut etmə yükü ilk növbədə iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı iddia ərizəsində tələb etdiyi yataq mebel dəstinin valideynləri tərəfindən cehiz əmlak olaraq verildiyini bildirsə də, məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tələb etdiyi yataq mebel dəsti cavabdeh Tahirə Qasımova tərəfindən onun öz vəsaiti hesabına alınmışdır. Eyni zamanda iddiaçı qeyd olunan yataq mebel dəstinin Cavabdeh1 aliment borcunun əvəzi olaraq alındığını bildirsə də, bu dəlilini öz izahatından başqa digər sübutlarla təsdiq edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Muradxanova (Qasımova) Tahirə Əşrəf qızına və Cavabdeh3 qarşı əmlak tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-565/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-565/2021
16.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver