Məhkəmə qərarları › İş №2(039)-973/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-973/2021

08.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-973/2021 08.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3714,50 manat dəyərində olan 39,1 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı moruq boyunbağı, 2000 manat dəyərində olan 20 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı brilyant qaşdan ibarət sırğa və üzük dəsti, 2000 manat dəyərində olan 20 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı sepli saat, 2000 manat dəyərində olan 20 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı brilyant qaşlı saat, 400 manat dəyərində olan 6 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı sadə sırğa, 460 manat dəyərində olan 4,6 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı brilyant qaşı olan paxlava formalı üzük və 200 manat dəyərində olan 2 ədəd tikiş maşının naturada özü və ya hər birinə münasibətdə dəyərinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Cavabdeh ona qarşı 10.700 manat pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə vermiş olduğu qəbzlər əsasında həmin məbləğ təmin edilmişdir. Baxmayaraq ki, həmin məbləğ müəyyən faiz müqabilində ona verilmiş, pulun zəmanəti olaraq isə ondan qızıl əşyaları götürülmüşdür. O, bu barədə Yevlax Rayon Məhkəməsinin çıxarmış olduğu 19.11.2020-ci il tarixli qətnaməsində öz ifadəsində bildirmişdir ki, cavabdeh vermiş olduğu pulun müqabilində çoxsaylı qızıl əşyalarını və 2 ədəd tikiş maşınını girov olaraq götürmüşdür. O, hazırkı cavabdehin ilkin iddiasına qarşı qarşılıqlı iddia ərizəsi verməmiş, çünki cavabdeh qızıl əşyalarını qaytaracağını ona vəd etmişdir. Hazırkı müddətədək qızıl əşyaları qaytarılmadığından hazırkı tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçıdan nə qızıl əşyaları, nə də tikiş maşını aldığını bildirərək tələbin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı onun uşaqlarının və nəvələrinin həkimi olub, 1976-cı ildən iddiaçını tanıyır. İddiaçı 2018-ci ildə onunla birlikdə Şəmkir şəhərinə getmiş, oradakı bankdan girov qoyduğu qızılları götürərək evinə gəlmiş və evində həmin qızılları girov olaraq cavabdehə vermiş və ondan pul götürmüşdür. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçı onun uşaqlarının və nəvələrinin həkimi olub, 46 ildir iddiaçını tanıyır. 2018-ci ilin yay aylarında o, nəvəsini iddiaçının yanına aparanda, iddiaçının özünə məxsus qızılları girov qoyaraq cavabdehdən pul götürdüyünün şahidi olmuşdur. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun uşaqlarının həkimi olub, o, 2018-ci ilin yay ayında iddiaçının evində olan zaman cavabdehin ora gəldiyini, iddiaçının cavabdehə pul verdiyini və cavabdehin pulu götürərək qaçdığını görmüşdür. Məhkəmə qeyd edir ki, şahidlərin ifadəsi iddianın əsaslılığını sübut etmək üçün faydalı sübut deyil. Birinci şahid ifadəsinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, şahid iddiaçı ilə yaxın(ailə dostu) olduğundan işin gedişində yüksək marağı var. Ancaq təkcə bu hal, onun dediklərini mütləq olaraq şübhəli qəbul etməyə əsas vermir. İfadənin inandırıcılığına təsir edən amil, şahidin detallı ifadə verməməsi, cavabdehə verilən qızıl əşyalarının nədən ibarət olmasını dəqiq ifadə edə bilməməsi, eyni zamanda ifadəsinin digər şahid ifadəsi ilə ziddiyət təşkil etməsidir.. İkinci şahid ifadəsinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, şahid ifadəsində mübahisələndirilən qızıl əşyalarının çəkilərini dəqiq göstərmişdir ki, bu hal da şahidin ifadəsini iddiaçının dedikləri və əvvəlcədən öyrətdikləri əsasında verməsinə dəlalət edir. Üçüncü şahid ifadəsinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, şahid ifadəsində iddiaçının cavabdehə qızıl əşyası verdiyinin deyil, cavabdehin iddiaçıya pul qaytardığının şahidi olduğunu bildirmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi iddiaçı mübahisələndirilən qızıl-ziynət əşyalarını və tikiş maşınını cavabdehə verdiyini bildirsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar