Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1024/2025 11.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “cavabdehin əsassız olaraq ondan aldığı pul vəsaitinin qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehdan 400 AZN (dörd yüz manat) pulun ödənilməsinə dair qətnamə və cavabdehin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ortaq tanışları vasitəsilə tanımışdır. Belə ki, ətrafında olan tanışlardan eşitmişdir ki, cavabdeh Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “Gül bağının yataqxanası”ndan yaşamaq üçün otaq (otaqlar) verilməsinə maddi qazanc qarşılığında köməklik göstərir. Bundan sonra ona da yaşamaq üçün otaq ayırması məqsədilə cavabdehlə əlaqə saxlamış və aralarında olan razılığa görə cavabdeh ona 1200 AZN (bir min iki yüz manat) qarşılığında təxminən 2-3 ay ərzində 1 (bir) otaq verəcəyinə söz vermiş və o, razılaşmalarına görə cavabdehə əvvəlcə Gəncə şəhəri, Gülüstan qəsəbəsində cavabdehə məxsus evdə 700 (yeddi yüz) manat pulu oğlu Asimlə birlikdə vermişdir (700 manat pulu oğlu Asif borc almışdır). Bundan təxminən 1 (bir) ay sonra qalan 500 (beş yüz) manat pulu da oğlu Asim “Kapital bank”ın “Birbank” kredit kartından çıxararaq cavabdehə vermişdir. Razılaşmalarından 5-6 ay keçsə də cavabdehdən bir xəbər çıxmadığına görə o, özü ondan işin nə yerdə olduğunu maraqlanan zaman hər dəfə ona "bu gün, sabah" deyə-deyə boş vədlər verərək onu aldatmışdır. Daha sonra 44 günlük Vətən Müharibəsi nəticəsində işğal altında olan torpaqlar azad olduğuna görə o, cavabdehdən ona verdiyi 1200 AZN (bir min iki yüz manat) pulu geri qaytarmasını tələb etmişdir, cavabdeh ona verdiyi 1200 AZN (bir min iki yüz manat) pulun 800 AZN-ni (səkkiz yüz manat) hər dəfə 100, 50, 40 və 30 manat olmaqla qaytarmış, lakin qalan 400 (dörd yüz) manat pulunu verməkdən məqsədyönlü səkildə boyun qaçırmışdır. Belə ki, cavabdeh artıq onun telefonlarına cavab verməmiş, qapısına getdikdə evində olmamışdır. Bundan sonra o məcbur olub cavabdehin barəsində polisə şikayət etmişdir. Cavabdeh polis şöbəsində verdiyi izahatında ondan aldığı 1200 AZN (bir min iki yüz manat) pulu və hal-hazırda 400 (dörd yüz) manat borcu olmasını etiraf etmişdir. Lakin Kəlbəcər Rayon Polis Şöbəsinin rəis müavini Elşən Quliyev 13 may 2025-ci il tarixli 3-13-85/2N-37xx/xx/2025 nömrəli məktubla müraciətinin mülki xarakterli olmasını əsas gətirərək məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmişdir. Yuxarıda qeyd etdiyi faktlardan sonra o, məcbur olub hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, məhkəmə tərəfindən borcun tutulması təmin edilməli, eyni zamanda cavabdehin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət əməlini törətdiyi üçün cavabdehin barəsində xüsusi qərardad çıxarılaraq araşdırılması üçün aidiyyəti üzrə prokurorluğa göndərilməlidir. İş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust 2025-ci il tarixdə tərəflərin iştirakı ilə keçirilmiş, məhkəmə baxışı iclası 11 sentyabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etmiş olduğu 13 avqust 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında məhkəməyə bildirmişdir ki, İddiaçı ona qarşı pul tələbinə dair iddiasını qəbul edir, iddiaçıya olan 400 (dörd yüz) manat məbləğində borcunu iki ay müddətində tamamilə ödəyəcəkdir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1 - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2 - əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. -1092.2-ci maddəsinə görə, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir; “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə mülki işin faktiki hallarına, cavabdehin ərizəsinə, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh hüquqi əsas olmadan İddiaçı hesabına 400 (dörd yüz) manat varlanmışdır (əsassız varlanma)- cavabdeh iddianı etiraf etmişdir. Odur ki, iddiaçı cavabdehdən hüquqi əsas olmadan əldə etdiklərini geri qaytarmağı tələb etməkdə haqlıdır. Belə olan halda, Cavabdeh 400 (dörd yüz) manat məbləğdə pul vəsaiti alınıb iddiaçıya verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində cavabdehin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılmasını xahiş etsə də, məhkəmə araşdırması nəticəsində bunun üçün Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 400 (dörd yüz) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1024/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1024/2025
11.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver