Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1025/2024 21.11.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “övladı X2 ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 25 mart 2001-ci ildə doğulmuş övladı X2 20 iyul 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs2 ilə 23 aprel 1990-cı ildə ailə qurmuş, bu nikahdan onların 4 uşağı doğulmuşdur. X1 fiziki və əqli qüsurlu idi. Qızı Gülnar həm onlarla, həm də nənəsinin (həyat yoldaşının anasının) yanında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağları adlanan ərazidə yerləşən evdə də qalırdı. Qızı Gülnar 20 iyul 2024-cü ildə nənəsinin yanında qaldığı vaxtlarda vəfat etmiş və onu həmin ərazinin qəbirstanlığında da dəfn etmişlər. Onlar hadisədən çox təsirləndiklərindən və başları yas mərasiminə qarışdığından həmin vaxt ölüm haqqında sənədi almaq üçün hara müraciət edəcəklərini bilməmişlər. Ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxs1nə müraciət etsə də, ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyinə və müddət keçdiyinə görə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum övladı X2 ölüm sənədini əldə etmək üçün vacibdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, övladı X4 25 mart 2001-ci ildə Gəncə şəhərində doğulmuş, 20 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağları adlanan ərazidə nənəsinin yanında olarkən vəfat etmişdir. X4 elə həmin ərazidə yerləşən qəbirstanlıqda dəfn edilmiş, müvafiq yas mərasimləri də keçirilmişdir. Hazırda övladına ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxs1nə müraciət etsə də, qeydiyyat şöbəsinin 14 avqust 2024-cü il tarixli məktubuna əsasən, ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyinə görə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum övladı X2 ölüm sənədini əldə etmək üçün çox vacibdir. Ərizənin təmin edilməsini, övladı - 25 mart 2001-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş X2 20 iyul 2024-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qohumudur. Ərizəçinin övladı, həmçinin, onun nəvəsi X4 20 iyul 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. O, dəfn mərasimində iştirak etmişdir. Şahid olaraq, X2 20 iyul 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsini və Xəzər rayonunun Qala kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır, vəfat edən X4 onun qardaşı qızıdır. X4 20 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağları adlanan ərazidə vəfat etmiş, Qala kənd qəbirstanlığında dəfn edilmişdir. O, dəfn mərasimində iştirak etmişdir. O, şahid olaraq, X2 20 iyul 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsini və Xəzər rayonunun Qala kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış 14 avqust 2024-cü il tarixli 376 nömrəli məktubdan görünür ki, X2 ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyinə görə ölüm haqqında akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: AA0174067 nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, X4 25 mart 2001-ci ildə Azərbaycan Respublikasında doğulmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərəfindən 25 noyabr 2019-cu ildə verilmiş nikah haqqında şəhadətnamədən çıxarışın surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, Ərizəçi ilə X3 arasında nikah Maraqlı şəxs1ndə 23 aprel 1990-cı il tarixdə 39 nömrəli akt qeydi ilə tərtib olunmuşdur. İş materiallarında olan: Kəlbəcər rayon VVADQ şöbəsi tərəfindən 11 may 2001-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, X4 25 mart 2001-ci ildə Gəncə şəhərində doğulmuşdur, atası Ərizəçi, anası Maraqlı şəxs2 qeyd olunmuşdur. İş materiallarında olan: Bakı Şəhər Xəzər Rayon Prokurorluğu tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş 22 oktyabr 2024-cü il tarixli xid-1622/24 nömrəli məktubdan görünür ki, 25 mart 2001-ci il təvəllüdlü X2 20 iyul 2024-cü il tarixdə ölümü ilə əlaqədar Bakı şəhəri Xəzər rayon prokurorluğunda hər hansı araşdırma aparılmamışdır. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 25 mart 2001-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş X4 20 iyul 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, Bakı şəhəri, Xəzər rayonunun Qala kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 25 mart 2001-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş X2 20 iyul 2024-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 25 mart 2001-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş X2 20 iyul 2024-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X2 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1025/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1025/2024
21.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver