Məhkəmə qərarları › İş №2(040)-1081/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1081/2025

11.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1081/2025 11.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (yaxın qohumu) Nümayəndə iştirakı ilə, Ərizəçi “atası X3 ölmüş elan edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, atası- 1906-cı ildə Kəlbəcər rayonunun Mozqaraçanlı kəndində doğulmuş X3 10 aprel 1993-cü il tarixdə Şuşa şəhərində ermənilər tərəfindən öldürülməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X7 1906-cı ildə Kəlbəcər rayonunun Mozqaraçanlı kəndində doğulmuşdur. X5 ilə atası ailə həyatı qurmuşlar. Anası 14 sentyabr 2013-cü ildə vəfat etmişdir. 1993-cü ildə ermənilərin Kəlbəcər rayonuna hücumu zamanı kənd camaatı kəndi tərk etmək məcburiyyətində qalmışlar və qarışıqlıq yaranmışdır. Həmin vaxt atası onlara demişdir ki, onlar qadınları və uşaqları götürüb kənddən çıxsınlar, atası və bir neçə şəxslər isə həmin vaxt kənddə qalmışlar. Onlar qadınları və uşaqları Yevlax rayonuna gətirib qoyub, geri qayıtdıqda görmüşlər ki, atasıgil orada yoxdur. Orada olan bir-iki nəfərdən maraqlandıqda onlar demişlər ki, ermənilər gəlib atası və bir neçə nəfəri əsir aparmışlar. Atası Azərbaycan Respublikası Əsir və İtkin Düşmüs, X6 Əlaqədar Dövlət Komissiyasının qeydiyyatında və axtarışında olmuşdur. Uzun müddət atasından xəbər ala bilməmişlər. Lakin xalası X9 şəhərində qonşusu olmuş Şahid2 adlı şəxs 1995-ci il may ayında erməni əsirliyindən qaytarıldıqdan sonra onlara bildirmiş ki, onun atası da onunla birlikdə eyni yerdə-Şuşa şəhərində ermənilərin əsirliyində olmuşdur, lakin 10 aprel 1993-cü il tarixdə erməni silahlı birləşmələri atasını güllələyərək öldürmüşlər. Artıq atasının sağ olmasından ümidlərini kəsmişlər və əmin olmuşlar ki, atası sağ deyil. Atasının öldüyünü təsdiq edəcək sənədi almaq üçün Maraqlı şəxs2nə müraciət etsələr də, ona həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. O, məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi nümayəndəsi (yaxın qohumu) Nümayəndə 27 avqust 2025-ci il tarixdə məhkəməyə xüsusi icraat qaydasında verilmiş ərizənin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ərizəçinin atası-1906-cı ildə Kəlbəcər rayonunun Mozqaraçanlı kəndində doğulmuş X3 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmasına baxmayaraq, Maraqlı şəxs2 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi nümayəndəsi (yaxın qohumu) Nümayəndə məhkəmə iclasında verdiyi izahatında ərizəni müdafiə edərək və ərizəyə uyğun izahat verərək 10 aprel 1993-cü ildən sonra X2 olması barədə heç bir məlumatın olmadığını bildirmiş, ərizəçinin atası-1906-cı ildə doğulmuş X3 məhkəmə qaydasında ölmüş elan edilməsini və 10 aprel 1993-cü il tarixinin ölmüş elan edilmiş şəxsin ölüm günü sayılmasını xahiş etmişdir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, 02 aprel 1993-cü il tarixdə Kəlbəcər camaatı, əsasən qadınlar və uşaqlar rayonu tərk etməyə başlamışdı. Onlar rayonda qalmışdılar. Kəlbəcər rayonu Çaykənd kəndi ərazisində bir nəfər ona yaxınlaşmış, o həmin şəxsi tanımasa da, həmin şəxs onu tanımışdır. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs Nəbidir. Onlar ermənilər tərəfindən əsir götürülərək əvvəlcə Xankəndiyə, daha sonra isə 04 aprel 1993-cü il tarixdə Şuşa şəhərindəki Şuşa türməsinə aparılmışlar. Türmədə onları hər gün işləməyə aparırdılar. 09 aprel 1993-cü il tarixdə onları işləməkdən gətirəndə, o, Nəbini görməmişdir. Tibb məntəqəsi kimi istifadə olunan otaqda Nəbinin meyitini görmüşdür. Onu bir nəfər başqa şəxsin köməyilə koridora daşımış, ora qoymuşlar. Nəbinin bədənində hər hansı xəsarət görməsə də, hərəkətsizliyindən Nəbinin öldüyünü düşünmüşdür. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 ifadəsində bildirmişdir ki, X4 əvvəllərdən tanımış, Nəbinin ölümünü görməmiş, girovlardan və Nəbinin oğlundan Nəbinin erməni silahlıları tərəfindən öldürüldüyünü eşitmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Əsir və İtkin Düşmüs, X6 Əlaqədar Dövlət Komissiyası tərəfindən Ərizəçi verilmiş 10 iyul 2025-ci il tarixli 19-3/2-2-468/2025 nömrəli arayışdan görünür ki (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), həqiqətən də onun atası 1906-cı ildə doğulmuş X1 Qarabağ müharibəsi dövründə, 03 aprel 1993-cü il tarixdə yaşadığı Kəlbəcər rayonunun Qaraçanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən rayonun işğalı zamanı itkin düşmüş şəxs qismində Azərbaycan Respublikası Əsir və İtkin Düşmüs, X6 Əlaqədar Dövlət Komissiyasının qeydiyyatındadır və axtarışdadır. İş materiallarında olan: Maraqlı şəxs1 tərəfindən Ərizəçi verilmiş 16 iyul 2025-ci il tarixli 5-55/3-3-1140/2025 nömrəli arayışdan görünür ki, onun atası 1906-cı ildə doğulmuş X1 Qarabağ müharibəsi dövründə, 03 aprel 1993-cü il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən rayonun işğalı zamanı itkin düşmüşdür. İş materiallarında olan: Maraqlı şəxs2 tərəfindən Ərizəçi verilmiş 23 iyul 2025-ci il tarixli 211 nömrəli məktubdan görünür ki, 1906-cı ildə doğulmuş atası-X3 ölümü haqqında akt qeydinin Maraqlı şəxs2 arxivində və Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti aktlarının qeydiyyat informasiya sistemində aşkar edilmədiyi bildirilmiş, atası-X3 ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Əsir və İtkin Düşmüs, X6 Əlaqədar Dövlət Komissiyası tərəfindən Şahid2 verilmiş 08 sentyabr 2025-ci il tarixli 19-3/2- 673/2025 nömrəli arayışdan görünür ki (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), həqiqətən o, 02 aprel 1993-cü il tarixdən 08 may 1995-ci il tarixədək erməni girovluğunda saxlanılmışdır. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, ərizəçinin atası- 1906 ildə doğulmuş X3 1993-cü ilin 10 aprel tarixindən sonra sağ olması barədə məlumat yoxdur. Tətbiq edlməli olan hüquq normaları: -41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. -41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. -41.4-cü maddəsinə əsasən, bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. -313-cü maddəsindən görünür ki, şəxsin ölmüş elan edilməsinə dair ərizədə şəxsin ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. -314.1-ci maddəsindən görünür ki, hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. -315.2-ci maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 1906-cı ildə doğulmuş X7 ölmüş elan edilməli və 10 aprel 1993-cü il tarixi şəxsin ölüm günü sayılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçinin atası-1906-cı ildə doğulmuş X7 ölmüş elan edilsin və 10 aprel 1993-cü il tarixi onun ölüm günü sayılsın. Bu qətnamə X3 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar