Məhkəmə qərarları › İş №2(040)-1144/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1144/2024

16.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1144/2024 16.12.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1308 (min üç yüz səkkiz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, - Həsənov X2 müharibəsi veteranıdır, Zərdab rayonunun Gəlmə kəndində yaşayır və həmin kənddə şəxsi təsərrüfatında - əkinçilik və heyvandarlıqla məşğul olur. Məlumat üçün bildirir ki, cavabdeh Göyçay şəhər sakini Cavabdeh xx.xx.2024-cü il tarixdə ona yaxınlaşaraq meyvə-tərəvəz üçün yeşik bağlamaqdan ötəri həyətyanı sahəsində əkdiyi ağacları almaq istədiyini bildirmişdir. Bir yerdə gəlib həyətyanı sahəsində olan ağaclara baxmışlar. O, cavabdehǝ xəstə anasının müalicəsi üçün pul lazım olduğuna görə ağacları satacağımı bildirmişdir. O, cavabdehə aralarında olan razılaşmaya görə 30 ədəd əbrişim ağacı satmışdır. Ağacların ümumi dəyərinin 1308 manat olduğunu cavabdehə bildirmiş və razılaşmışlar. Sabahısı günü yəni, xx.xx.2024-cü il cavabdeh özü ilə fəhlə gətirərək yeşik bağlamaq üçün yararlı olan ağacların bir hissəsini maşına yığandan sonra dedi ki, qalan hissəsini sabah aparanda pulunu cəm verəcəkdir. Sabahısı günü qalan yükü də aparmış və demişdir ki, pulunu gətirəcəkdir. Cavabdehin söz verdiyi gündən bir neçə həftə keçəndən sonra o, Habilə zəng etmişdir. O, pulu bir-iki günə verəcəyini bildirmişdir. Cavabdeh söz verdiyi gün pulu gətirməmiş və yenə də onu aldatmışdır. O, yenə ona çoxsaylı telefon zəngləri etmiş, lakin, cavabdeh telefon zənglərinə cavab verməmişdir. Anası vəfat edəndən sonra başı anasının yas mərasiminə qarışmışdır. Anasının yas mərasimindən sonra o, cavabdehə zəng edərək pula ehtiyacının olduğunu bildirərək pulu verməsini tələb etmişdir. Cavabdeh borclu olduğu pulu gətirəcəyinə söz versə də yenə də onu aldadaraq borcu qaytarmamışdır. Bundan sonra o, məcbur olub "102" xidmətinə zəng etmişdir. Bundan sonra onu və cavabdehi Zərdab Rayon Polis Şöbəsinə çağırdılar. Cavabdeh Zərdab Rayon Polis şöbəsində ona borclu olduğu 1308 manat pulu 15 gün müddətinə qaytaracağına söz vermiş və öz izahatında da 15 gün müddətinə borclu olduğu 1308 manatı qaytaracağını qeyd etmişdir. Cavabdehin borcu qaytaracağı ilə bağlı 15 gün də bitmiş, lakin cavabdeh yenə onu və Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarını aldadaraq borclu olduğu 1308 manatı qaytarmamışdır. Onu da qeyd edir ki, aralarında olan razılaşmaya görə cavabdeh aldığı ağacların dəyəri olan 1308 manatı bir-iki günə verməli idi. Lakin cavabdehin söz verdiyi gündən altı aydan çox vaxt keçməsinə baxmayaraq borclu olduğu 1308 manat pulu bugünkü günə kimi ona qaytarmır. Cavabdehin qanunsuz hərəkətləri barədə onun tərəfindən "102" xidmətinə və Zərdab Rayon Polis Şöbəsinə etdiyi müraciətlərinin heç bir nəticəsi olmamışdır. Cavabdeh aralarında olan şifahi alğı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək 1308 manat borcu indiyədək ödəməmiş, bununla da şifahi alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə onun tərəfindən cavabdehlə dəfələrlə danışıqlar aparılmasına, şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh ona olan borcunu ödəməkdən yayınaraq onun şəxsi təsərrüfatına ziyan vurmuşdur. İş üzrə məhkəmə hazırlıq iclası 21 noyabr 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxış iclası 16 dekabr 2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh onu aldadaraq 1308 (min üç yüz səkkiz) manat dəyərində ağaclarını kəsərək apramış, pulunu isə indiyədək ödəməmişdir. Cavabdehdən pulunu tələb etdikdə qaytarmaqdan boyun qaçırmışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək ona olan borcunu ödəməkdən imtina etmişdir. Məhkəmədən əvvəl polisə müraciət etmiş, polis şöbəsində izahatı alınmış Cavabdeh ona 1308 (min üç yüz səkkiz) manat pul qaytarmalı olduğunu etiraf etmişdir. Zərdab Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X1 tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Cavabdeh özü də polis şöbəsində izahatında 1308 (min üç yüz səkkiz) manat pulu 15 aprel 2024-cü il tarixədək ödəyəcəyinə söz vermişdir. Lakin bugünədək onun pulunu qaytarmır. Hazırda iddiasını müdafiə edir, iddianın təmin edilməsini xahiş edir. İş materiallarında olan: Zərdab Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş, 09 aprel 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın məzmunundan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, “ailə üzvləri ilə birlikdə Qəbələ rayonunun Zarağan kəndində yaşayır. 04 yanvar 2024-cü il tarixdə Zərdab rayonuna gəlmişdir ki, kənd sakinlərindən həyətyanı sahədə olan ağacları alsın. O, həmin ağacları aldıqdan sonra Bakı şəhərində yerləşən parniklərə taxta yeşik hazırlanması üçün satmışdır. Həmin günü Zərdab rayonunun Gəlmə kəndinə ağac almaq üçün getmişdir. Həmin kənddə yaşayan Elşən adlı şəxsin həyətində əkdiyi ağacları satdığını öyrənmiş və onun yaşadığı ünvana getmişdir. Elşənlə danışdıqdan sonra həyətində olan ağaclara baxmış və onları taxta yeşiklər düzəldilən parniklərə satacağını bildirmişdir. O, həmin vaxt Elşənlə razılaşmış və həyətindən olan 30 ədəd ağacı kəsərək maşınlara yükləmişdir. Elşənə həmin ağacları satdıqdan sonra 1308 manat pul verəcəyi ilə razılaşmışdır. Həmin ağacları Bakı şəhərində yerləşən parnik sahibinə vermişdir. Parnik sahibi onun pulunu vermədiyi üçün o, Elşənin yanında yalançı çıxmış və onun pulunu verə bilməmişdir. Onun Elşənə 1308 manat pul borcu var və həmin pulu 15 aprel 2024-cü il tarixədək ödəyəcəyinə söz vermişdir. O, Elşənə qarşı heç bir dələduzluq etməmiş, onunla aralarında alqı-satqı olub və borclu qaldığını bildirmişdir”. Cavabdeh əməlində heç bir cinəyət və inzibati xəta hadisəsinin olması təsdiq edilmədiyindən, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan: Zərdab rayonu Gəlmə bələdiyyəsinin sədri tərəfindən verilmiş 09 yanvar 2024-cü il tarixli 02 nömrəli arayışdan görünür ki, Zərdab rayon Gəlmə kənd sakini İddiaçı həqiqətən həyətyanı sahəsindən 35 ədəd özü əkdiyi əbrişim ağacını kəsmiş və material hazırlamaq üçün Göyçay şəhərinə göndərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə mülki işin faktiki hallarına, tədqiq edilmiş sübutlara, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia tələbi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda, Cavabdeh 1308 (min üç yüz səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1308 AZN (bir min üç yüz səkkiz manat) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar