Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1198/2025 05.11.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əsassız əldə olunmuş pul vəsaitinin qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehdan 11705 (on bir min yeddi yüz beş) manat əsas borcun və 126 (yüz iyirmi altı) manat dövlət rüsumu məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu ərazisində fərdi qaydada dəmir qapılarının yığılması, qaynaq işləri ilə məşğuldur. 2024-cü il aprel ayında Qusar rayonunda sosial evlər üçün nəzərdə tutulmuş 129 ədəd dəmir qapıları "xxxx" MMC-yə hazırlayaraq təhfil vermişdir. Həmin şirkət ödəniş məbləği olan 18705 (on səkkiz min yeddi yüz beş) manat pulu yalnız hesaba köşrülmə yolu ilə ödəyəcəklərini bildirmişdirlər. O, əvvəlcədən tanıdığı Cavabdeh ilə əlaqə saxlayaraq pulun köçrülməsində (rəsmi bank hesabı, rekvizitləri olan bir MMC vasitəsi ilə qeyd olunan məbləği almağa, uyğun şirkət taparaq) köməklik göstərməyi xahiş etmişdir. Cavabdeh elə bir şirkətin olduğunu və köçrülmə yolu ilə pulunun alınmasının müqabilində 700 (yeddi yüz) manat pul ödəmək lazım olduğunu bildirmişdir. Hazırkı iş üzrə Cavabdehla razılığa gəlinmiş, köçrülmə edildikdən sonra tələb etdiyi 700 (yeddi yüz) manat pulunu götürəcəkdi. Cavabdeh özü pul köçürülməsi üçün şirkət taparaq lazım olan pul köçrülməsini edərək qeyd olunan 18705 (on səkkiz min) manat məbləğdən ilkin olaraq 08 aprel 2024-cü il tarixində 5000 (beş min) manat, 15 aprel 2025-ci il tarixində 3705 (üç min yeddi yüz beş) manat və 19 aprel 2024-cü il tarixində isə 10000 (on min) manat, ümümilikdə 18705 (on səkkiz min yeddi yüz beş) manat Asimanın tapdığı fərdi sahibkarın hesabına köçürülmüşdür. Onun xidmət haqqının (dəmir qapılar üçün) ödənilmiş 18705 (on səkkiz min yeddi yüz beş) manat məbləği Asimandan tələb etdikdə Cavabdeh 7000 (yeddi min) manat onun kart hesabına göndərmiş, qalan hissəyə hesaba sərəncam (həbs) qoyulduğunu bildirmişdir. Dəfələrlə Asimana zəng vuraraq pulun qalan hissəsi olan 11705 (on bir min yeddi yüz beş) manat pulun ödənilməsini tələb etsə də, Asiman həftə sonu, yaxın günlərdə ödəyəcəyini bildirərək süründürməçiliyə yol vermişdir. Cavabdeh kiminlə hansı qaydada, hansı danışıqlar apardığı, necə razılaşdığını bilməmiş və həmin adamları tanımamışdır. Asiman qalan pulu ödəyəcəyinə vəd verib vaxt uzatmasından ona bəlli olmuşdur ki, hazırki iş üzrə cavabdeh etimadından sui-istifadə etməkdədir. Məcburiyyət qarşısında Abşeron Rayon Polis İdarəsinə rəsmi şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma zamanı cinayət işi rədd olunsa da, 18705 (on səkkiz min yeddi yüz beş) manat pulun sifarişçi tərəfindən Asimanın tapdığı fərdi sahibkarın hesabına tam ödənildiyi, hesaba hər hansı həbs qoyulmadığı, Asimanın və onun tanışı istintaqda pula ehtiyac olduğundan götürüb xərclədiyini etiraf etmişdir. Polisin qərarında orada danışılanlar tam qeyd olunmasa da, Cavabdeh ona ödənilməli olan 11700 (on bir min yeddi yüz) manat pulun işlədiyi şirkət tərəfindən başqa yerə xərcləndiyi üçün ona ödəyə bilmədiyini tam etiraf edib və bu da Cavabdeh ona borclu olmasını sübut edən danılmaz faktdır. Eyni zamanda Asimanın dediyi sözlər, eləcə də ona göndərdiyi "Vhatsapp" yazı və səs qeydləri polisə təqdim olunmuşdur və hal hazırda da o səs yazıları mövcuddur. Polisin qərarında qeyd olunan şirkət və onların sahiblərini tanımır, onun həmin şəxslə sövdələşmə və iş birliyi olmayıb. Dəfələrlə Cavabdeh telefonla pulunun qaytarılmasını xahiş etsə də, vəd verməkdən başqa heç bir müsbət nəticə olmamışdır. Hesab edir ki, pul tələbinə dair mübahisəli məsələ məhkəmə müstəvisində öz ədalətli həllini tapmalıdır və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh 16 sentyabr 2025-ci il tarixdə məhkəməyə iddiaya qarşı yazılı etiraz göndərərək bildirmişdir ki, İddiaçı 11705 (on bir min yeddi yüz beş) manat tələbi ilə ona qarşı iddia qaldırmışdır. Qaldırdığı iddiaya öz etirazını bildirir. O, fərdi qaydada fəaliyyət göstərir. Doğrudur gördüyü işə uyğun fəaliyyət göstərdiyi şirkət tərəfindən ona 18705 (on səkkiz min yeddi yüz beş) manat köçürülməsi nəzərdə tutulmuşdur. Onun fəaliyyət göstərdiyi şirkətə dövlət tərəfindən ölkəmizdə COP-29 keçirilməsinə hazırlıq mərhələsində Bakı şəhərində 57 ədəd evin bərpa və təmir olunması onlara tapşırılmışdır. İddiaçı veriləcək 18705 (on səkkiz min yeddi yüz beş) manat pulun 1309 (min üç yüz doqquz) manatı dövlət vergisinə köçürülmüşdür. Həmin vaxt iddiaçıya məxsus obyekt yanarkən gecə ilə ona pul üçün zəng etmiş o, iddiaçıya 600 (altı yüz) manat vermişdir. 7000 (yeddi min) manat bir dəfə, 4500 (dörd min beş yüz) manat ikinci dəfə, 400 (dörd yüz) manat üçüncü dəfə, 500 (beş yüz) manat dördüncü dəfə, sonra hissə-hissə 2396 (iki min üç yüz doxsan altı) manat iddiaçıya pul ödəmişdir. Onun iddiaçıya 2000 (iki min) manat borcu qalıb. Sonra xəstələnmiş, Rusiyaya getmiş, iddiaçı ilə telefon əlaqəsi yarada bilməmişdir. Onun iddiaçıya 11705 (on bir min yeddi yüz beş) manat borcu yoxdur. Həmin pulları o, 2024-cü ilin ilk aylarında vermişdir. Bu barədə iddiaçı Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etsə də, onun əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin qaldırılmaması barədə qərar qəbul edilmişdir. Sual olunur İddiaçı müəyyən işin görülməsi üçün və onunla gördüyü işin müqabilində Fərhada 18705 (on səkkiz min yeddi yüz beş) manat alıb veriləcəyi barədə müqavilə vardırmı? Onlar birbirlərini tanıdıqlarından Fərhadın razılığı ilə o, Fərhada kömək etmişdir. Özü bilir ki, fərdi sahibkar kimi onu hesabına çoxlu pullar qazanmışdır. Bugün onun barəsində pul tələbi ilə iddia qaldırır. İddiaçının 1 (bir) manatı ona lazım deyildir. Lakin ona ödədiyi pulu danmaqda düzgün etmir. Qeyd etdiyi kimi onun iddiaçıya 2000 (iki min) manat borcu qalmışdır. O, hal-hazırda fərdi sahibkar kimi fəaliyyət göstərir, üç-dörd nəfər işçisi var. Həmin işçilərlə onun arasında əmək müqaviləsi varmı? Araşdırılsın. Aylıq gəlirindən dövlətə vergi ödəyirmi? 18705 (on səkkiz min yeddi yüz beş) manatdan dövlət vergisini ödəmişdirmi? O, belə bilir ki, ödəməmişdir. Ona görə də hesab edir ki, İddiaçı ona qarşı 11705 (on bir min ueddi yüz beş) manat tələbi ilə qaldırdığı iddia rədd olunmalı, olan 2000 (iki min) manat borcunun olması barədə qətnamə qət edilməlidir. İddiaçı gördüyü işin müqabilində haqqını alsa da, əsassız olsa da, onun hesabına ikinci dəfə varlanmaq istəyir. Qanunvericiliyin tələbinə uyğun görüləcək işin haqqını borcludan o, vaxt vəzifəsinin icrasını tələb edə bilər ki, tərəflər arasında müəyyən bir işin görülməsi üçün razılaşma barədə müqavilə olsun və bu öz təsdiqi qanunvericiliyin tələbinə uyğun tapmış olsun. Aralarında iddiaçı ilə belə bir hal olmamışdır. Hesab edir ki, hörmətli hakim etirazında qeyd etdiklərini nəzərə alıb, iddiaçının mülahizəsi əsasında yox, faktiki təqdim edə biləcəyi sübutları araşdırıb hüquqi qiymət verməlidir. İddiaçı ona qarşı 11705 (on bir min yeddi yüz beş) manat tələbi ilə qaldırdığı iddianın rədd olunmasını, onun iddiaçıya 2000 (iki min) manat borcunun olması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İş üzrə məhkəmənin hazırlıq iclası 01 oktyabr 2025-ci il tarixdə tərəflərin iştirakı ilə keçirilmiş, məhkəmə baxışı iclası 05 noyabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 11705 (on bir min yeddi yüz beş) manat borcdan 705 (yeddi yüz beş) manat hissəsi cavabdehə çatacaq pul idi. Cavabdeh məhkəmədə iddia qaldırıldıqdan sonra borcundan 340 (üç yüz qırx) manat ödəniş etmişdir. Odur ki, hazırda cavabdehin ona 10660 (on min altı yüz altmış) manat borcu vardır. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh iştirak etmiş olduğu 01 oktyabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, o, 14 oktyabr 2024-cü il tarixdə Abşeron Rayon Polis İdarəsində müstəntiqə verdiyi izahatda 11700 (on bir min yeddi yüz) manat borclu olduğunu bildirmişdir- bu doğrudur. Bununla belə, o, 14 oktyabr 2024-cü il tarixdən sonra iddiaçıya müxtəlif vaxtlarda kartdan-karta köçürmə yolu ilə 9000 (doqquz min) manatdan artıq pul ödəmişdir; onun hazırda iddiaçıya 2000 (iki min) manat borcu qalır (bu barədə yazılı izahatını da məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 icraatında olan HK-1/7897 saylı material üzrə qəbul etdiyi 14 oktyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı ərizə ila rayon polis idarəsinə müraciət edərək 19 aprel 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Aberon Rayon Polis İdarəsinin inzibati binasının yaxınlığında X3 tərəfindən aldanılaraq 11705 (on bir min yeddi yüz beş) manat pulunun ələ keçirilməsini göstərmişdir. Bundan başqa müəyyən edilmişdir ki, 11705 (on bir min yeddi yüz beş) manat pul vəsaiti fərdi sahibkar X4 tərəfindən qəbul edilmişdir. İlkin təhqiqat zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, o fərdi qaydada dəmir qapıların istehsalı ilə məşğul olur. "xxxx" MMC üçün Qusar rayonunda inşa edilmiş fərdi yaşayış binasına ümumi dəyəri 18705 (on səkkiz min yeddi yüz beş) manat olan 129 ədəd dəmir qapı düzəltmiş, şirkət tərəfindən ona gördüyü işin müqabilində 18705 (on səkkiz min yeddi yüz beş) manat pulu nağd verə bilmədiklərini, lakin hər hansı bir şirkətin hesabına köçürmə yolu ilə göndərə biləcəklərini bildirmişlər. Sonradan o, əvvəllər tanıdığı və onunla bir neçə dəfə bu cür köçürmələr etdiyi Asiman adlı şəxslə onun istifadəsində olan ***-***-**-** nömrasi ilə əlaqə saxlayıb ona "xxxx" MMC şirkəti ilə iş gördüyünü və gördüyü iş müqabilində ona 18705 (on səkkiz min yeddi yüz beş) manat pul köçürülməli olduğunu bildirmişdir. Asiman ona köçürməni etmək üçün onun tanıdığı şirkət olduğunu və görəcəyi iş üçün ondan 700 (yeddi yüz) manat pul istədiyini bildirmişdir. Bundan sonra o, "xxxx" MMC şirkəti ilə Asimanı əlaqələndirmiş və 06 aprel 2024-cü il tarixdə "xxxx" MMC-nin direktoru X5 ilə Asimanın tapdığı fərdi sahibkar X4 arasında Tikinti xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin pul 08 aprel 2024-cü il tarixda 5000 (beş min) manat, 15 aprel 2024-cü tarixdə 3705 (üç min yeddi yüz beş) manat və 19 aprel 2024-cü il tarixdə 10000 (on min) manat, ümumilikdə isə 18705 (on səkkiz min yeddi yüz beş) manat pul fərdi sahibkar X1 hesabına köçürülmüşdür. Bundan sonra o, Asimanla əlaqə saxlayıb pulu istədikdə sonuncu ona həmin puldan 7000 (yeddi min) manat onun kart hesabına göndərmiş, lakin pulun qalan hissəsini 11705 (on bir min yeddi yüz beş) manat pulu hesaba sərəncam qoyulduğu üçün pulu məxaric edə bilmədiyini bildirmişdir. O, dəfələrlə onunla əlaqə saxlayıb pulu istəsə də, Asiman süründürməçiliklərə yol verib ona həftənin sonu və digər həftənin sonu verəcəyi kimi vədlər verərək pulu verməkdən yayınmışdır. Əsas şikayət və tələbi Asimanın ona qalıq 11705 (on bir min yeddi yüz beş) manat pulun ödənilməsindən ibarətdir. İlkin təhqiqat zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, 2024-cü ilin aprel ayında Fərhad ona zəng edərək Qusar rayonunda inşa edilən sosial evlərə qapı sitarişini bildirmişdir. Həmçinin qapıların pulunu köçürmə vasitəsi ilə ala biləcəyini bildirərək ona kömak etməyini xahiş etmişdir. O da sifarişi işlədiyi şirkət vasitəsi ilə qəbul edə biləcəyini, ödəniləcək məbləğdən dövlət vergisi pulunu çıxıb sifarişi əsasən ödəniləcək məbləğin nağd şəkildə ödəyəcəyini demişdir. Onlar razılaşmışlar. Bundan sonra "xxxx" MMC tərəfindən işlədiyi X4 şirkətindən 08 aprel 2024-cü il tarixdə 5000 (beş min) manat, 15 aprel 2024-cü tarixdə 3705 (üç min yeddi yüz beş) manat, 19 aprel 2024-cü il tarixdə 10000 (on min) manat sifarişə əsasən pul köçürülmüşdür. O, həmin məbləğdən 7000 (yeddi min) manatı Fərhada ödəmişdir. Qalan pul vəsaiti şirkət tərəfindən başqa yerlərə xərcləndiyi üçün ona verilməmişdir. O da bu səbəbdən Fərhada sifarişə əsasən verməli olduğu 11700 (on bir min yeddi yüz) manat pulu ona qaytara bilməmişdir. Bundan sonra bir neçə dəfə ona şirkət tərəfindən pul veriləcəyi bildirilsə də, pul verilmədiyi üçün o da Fərhadın pulunu ödəyə bilməmişdir. O, dəfələrlə Fərhadın pulunu qaytaracağını vəd etsə də, şirkət tərəfindən ödəniş olmadığı üçün Fərhadın pulunu qaytara bilməmişdir. Qərarın nəticə hissəsində: İddiaçı müraciəti əsasında toplanmış materialda tərkibi yaranmadığı üçün cinayət işinin başlanmasının rədd olunması, İddiaçı 11705 (on bir min yeddi yüz beş) manat pul tələbinə dair mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. İş materiallarında olan: 14 avqust 2025-ci il tarixli “Birbank” ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfinfən məhkəmədə iddia qaldırılması üçün 125,12 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1 - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2 - əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. -1092.2-ci maddəsinə görə, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir; “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə mülki işin faktiki hallarına, iş materiallarında olan sübutlara, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, iddia qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh hüquqi əsas olmadan İddiaçı hesabına 10660 (on min altı yüz altmış) manat varlanmışdır (əsassız varlanma). Odur ki, iddiaçı cavabdehdən hüquqi əsas olmadan əldə etdiklərini geri qaytarmağı tələb etməkdə haqlıdır. Cavabdeh iştirak etmiş olduğu 01 oktyabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddiaçıya olan 11700 manat borcundan 9000 (doqquz min) manatdan artıq hissəsini iddiaçıya ödədiyini bildirsə də, bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda, Cavabdeh 10660 (on min altı yüz altmış) manat məbləğdə pul vəsaiti alınıb iddiaçıya verilməlidir. İddia qalan hissədə-1045 (min qırx beş) manat pul tələbinə dair hissədə qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 121,98 (yüz iyirmi bir manat-98 qəpik) hissəsinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Cavabdeh İddiaçı xeyrinə 10660 (on min altı yüz altmış) manat əsas borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 121,98 (yüz iyirmi bir manat-98 qəpik) hissəsinin pul əvəzi, cəmi 10781,98 (on min yeddi yüz səksən bir manat-98 qəpik) məbləğdə pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 10660 (on min altı yüz altmış) manat əsas borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 121,98 (yüz iyirmi bir manat-98 qəpik) hissəsinin pul əvəzi, cəmi 10781,98 (on min yeddi yüz səksən bir manat-98 qəpik) məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1198/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1198/2025
05.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver