Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1275/2023 19.12.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “əri X3 ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, əri X3 18 iyun 2006-cı il tarixdə Rusiya Federasiyası Vladivastok şəhərinin Primorski vilayətində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri X6 18 iyun 2006-cı il tarixdə Rusiya Federasiyası Vladivastok şəhərinin Primorski vilayətində vəfat etmişdir. X2 şəhərində dəfn edilmişdir. Rusiya Federasiyasından gətirəndə ölümü barədə müəyyən sənədlər verilmişdir, məlumatsızlıqdan həmin sənədlərin ölüm haqqında şəhadətnamə olduğunu düşünmüşdür. Hazırda ondan ərinin ölümü haqqında şəhadətnaməni tələb edirlər. Maraqlı şəxsnə müraciət etmiş və əlində olan sənədləri qeydiyyat orqanına təqdim etmişdir. Lakin oradan bildirmişlər ki, onda olan sənədlər ölüm haqqında tibbi arayışın surətidir. Ölüm haqqında tibbi şəhadətnamənin əsli olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum əri X3 ölüm sənədini əldə etmək üçün çox vacibdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, əri X6 18 iyun 2006-cı il tarixdə Rusiya Federasiyası Vladivastok şəhərinin Primorski vilayətində vəfat etmişdir. X2 şəhərində İmamzadə qəbirstanlığında dəfn edilmişdir. Rusiya Federasiyasından gətirəndə ölümü barədə müəyyən sənədlər verilmişdir, məlumatsızlıqdan və savadsızlıqdan həmin sənədlərin ölüm haqqında şəhadətnamə olduğunu düşünmüşdür. Hazırda ondan ərinin ölümü haqqında şəhadətnaməni tələb edirlər. Maraqlı şəxsnə müraciət etmiş və əlində olan sənədləri qeydiyyat orqanına təqdim etmişdir. Ölüm haqqında tibbi arayış olmadığından və müddət keçdiyindən Maraqlı şəxs ölümün qeydə alınmasından imtina etmişdir. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum əri X3 ölüm sənədini əldə etmək üçün çox vacibdir. Ərizənin təmin edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən X4 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qohumudur. Ərizəçinin əri X1 Federasiyasında vəfat etmişdir. O, Gəncə şəhərinə gətirilmiş və İmamzadə qəbirstanlığında dəfn olunmuşdur. O, dəfn mərasimində iştirak etmişdir. Şahid olaraq, X3 18 iyun 2006-cı il tarixdə Rusiya Federasiyası Vladivastok şəhərinin Primorski vilayətində vəfat etməsini və Gəncə şəhəri İmamzadə qəbirstanlığında dəfn olunmasını təsdiq edir. Şahid qismində məhkəmə iclasında ifadə verən X10 ifadəsində bildirmişdir ki, o, ərizəçinin kürəkənidir, əvvəldən də qohum olmuşlar. Vəfat edən X3 qardaşı və bacısı onlarla yaxın qonşu olmuş və o, həm qonşu, həm də ki bir qohum olaraq mərhumun dəfn mərasimində iştirak etmişdir. O, şahid olaraq, X3 18 iyun 2006-cı il tarixdə Rusiya Federasiyası Vladivastok şəhərinin Primorski vilayətində vəfat etməsini və Gəncə şəhəri İmamzadə qəbirstanlığında dəfn olunmasını təsdiq edir. Şahid qismində məhkəmə iclasında ifadə verən X11 ifadəsində bildirmişdir ki, o, ərizəçinin uzaq qohumudur. Vəfat edən X3 dəfn mərasimində iştirak etmişdir. O, şahid olaraq, X3 18 iyun 2006-cı il tarixdə Rusiya Federasiyası Vladivastok şəhərinin Primorski vilayətində vəfat etməsini və Gəncə şəhəri İmamzadə qəbirstanlığında dəfn olunmasını təsdiq edir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 06 oktyabr 2023-cü il tarixli 350 nömrəli məktubdan görünür ki, X3 ölümü haqqında tibbi şəhadətnamənin əsli təqdim edilmədiyinə görə ölüm haqqında akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Kəlbəcər Rayon Abdullauşağı kənd soveti tərəfindən 29 dekabr 1956-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənməmiş fotosurətindən görünür ki, X7 29 dekabr 1956-cı ildə Kəlbəcər rayonunun Abdullauşağı kəndində doğulmuş, atası-X13 oğlu, anası-X12 qeyd olunmuşdur. İş materiallarında olan: Rusiya Federasiyasına aid pasportun təsdiqlənməmiş fotosurətindən oxunur ki, X6 xx.xx.1956-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kəndində doğulmuşdur (sənəd lazımi qaydada təsdiq olunmadığından və buna görə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinin tələbinə uyğun gəlmədiyindən, məhkəmə həmin fotosurəti hazırki mülki iş üzrə mötəbər sübut kimi qəbul etmir-hakimin qeydi). İş materiallarında olan: X3 adına ucaldılmış qəbirüstü xatirə daşının fotoşəklindən görünür ki, xatirə daşının üzərində X3 1956-cı ildə doğulduğu və 2006-cı il tarixdə vəfat etdiyi qeyd edilmişdir. İş materiallarında olan: Gəncə şəhəri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 19 dekabr 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, 29 dekabr 1956-cı ildə doğulmuş X6 23 iyun 2006-cı ildə vəfat etmiş, nəşi Gəncə şəhər İmamzadə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 29 dekabr 1956-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kəndində doğulmuş X6 18 iyun 2006-cı il tarixdə Rusiya Federasiyası Vladivastok şəhərinin Primorski vilayətində vəfat etmiş, Gəncə şəhəri İmamzadə qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 29 dekabr 1956-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kəndində doğulmuş X3 18 iyun 2006-cı il tarixdə Rusiya Federasiyası, Vladivastok şəhərinin Primorski vilayətində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 29 dekabr 1956-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kəndində doğulmuş X3 18 iyun 2006-cı il tarixdə Rusiya Federasiyası, Vladivastok şəhərinin Primorski vilayətində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1275/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1275/2023
19.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver