Məhkəmə qərarları › İş №2(040)-130/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-130/2025

19.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-130/2025 19.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “nənəsi (atasının anası) X1 ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, nənəsi (atasının anası) X1 24 sentyabr 1991-ci ildə erməni işğalçıları tərəfindən Ağdərə rayonunun İmarət-Qərvənd kəndində vəhşicəsinə yandırıması faktınını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi sonradan dəqiqləşdirmə ərizəsi verərək, nənəsi (atasının anası) X1 24 sentyabr 1991-ci ildə erməni işğalçıları tərəfindən Ağdərə rayonunun İmarət-Qərvənd kəndində yandırılaraq öldürülməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1970-ci ildə Ağdərə rayonunun İmarət-Qərvənd kəndində doğulmuşdur. Birinci Qarabağ müharibəsi dövründə, yəni 24 sentyabr 1991-ci ildə erməni işğalçıları Ağdərə rayonunun İmarət-Qərvənd kəndinə hücum edərək, bütün evlər kimi onun da evini içərisində olan bütün sənədləri və əşyaları ilə birlikdə yandırmış, həmin vaxt nənəsi (atasının anası) X4 da yanmış, evdən çıxa bilməmişdir. Bu fakt Tərtər rayonu Çardaxlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 iyul 2024-cü il tarixli 183 nömrəli arayışla təsdiq edilir. Həmin vaxtdan 2022-ci ilədək olan müddət ərzində atası X5 nənəsinə ölüm sənədi ala bilməmişdir. Sonradan atası X5 04 fevral 2022-ci ildə vəfat etmişdir. O, mərhum nənəsinin birinci dərəcə üzrə vərəsəsidir. Ona görə də, nənəsi (atasının anası) X1 24 sentyabr 1991-ci ildə erməni işğalçıları tərəfindən Ağdərə rayonunun İmarət-Qərvənd kəndində yandırılaraq öldürülməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, maraqlı şəxslər- Tərtər və Kəlbəcər şöbələrinin, Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi və bibisi (öldüyü bildirilən şəxsin qızı) Maraqlı şəxs4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə maraqlı şəxslərin və ya onların nümayəndələrinin iştiraklarıı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, o, xx xxxxxx 1970-ci ildə Ağdərə rayonunun İmarət- Qərvənd kəndində doğulmuşdur. Birinci Qarabağ müharibəsi dövründə, yəni 24 sentyabr 1991-ci ildə erməni işğalçıları Ağdərə rayonunun İmarət-Qərvənd kəndinə hücum edərək, bütün evlər kimi onların da evinin içərisində olan bütün sənədləri və əşyaları ilə birlikdə yandırmış, həmin vaxt nənəsi (atasının anası) X4 da yanmış, evdən çıxa bilməmişdir. Bu fakt Tərtər rayonu Çardaxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 iyul 2024-cü il tarixli 183 nömrəli arayışla təsdiq edilir. Həmin vaxtdan 2022-ci ilədək olan müddət ərzində atası X5 nənəsinə ölüm sənədi ala bilməmişdir. Sonradan atası X5 04 fevral 2022-ci ildə vəfat etmişdir. O, mərhum nənəsinin birinci dərəcədən olan vərəsəsidir. Qeyd olunan ölüm faktını təsdiq edən sənədi başqa cür əldə edə bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum nənəsi X1 ölüm sənədini əldə etmək üçün çox vacibdir. Ərizənin təmin edilməsini, nənəsi X1 24 sentyabr 1991-ci ildə Ağdərə rayonunun İmarət-Qərvənd kəndində erməni işğalçıları tərəfindən vəhşicəsinə yandırılaraq öldürülməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 ifadəsində bildirmişdir ki, o, ərizəçinin həmkəndlisidir. Ərizəçinin nənəsi X2 da tanıyırdı. Eyni kənddə yaşayırdılar. Onların kəndi ermənilərə yaxın idi. Alovgilin evi də çayın qırağında yerləşirdi. Erməni işğalçıları 24 sentyabr 1991-ci ild Ağdərə rayonunun İmarət-Qərvənd kəndinə hücum edib evləri taladıqdan sonra yandırdılar; həmin vaxt X4 da evin içərisində yanaraq ölmüşdür. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə eyni kənddəndir. Yaşadıqları Ağdərə rayonunun İmarət-Qərvənd kəndi erməni kəndləri ilə həmsərhəd idi; kənd mühasirə altında idi. 22 sentyabr 1991-ci ildən 24 sentyabr 1991-ci ilə kimi erməni işğalçıları kəndə hücum etdilər; evlərə girib əşyaları götürür, daha sonra isə evləri yandırırdılar. Həmin ərəfədə erməni silahlıları Alovgilin də evinə daxil olub nənəsi evdə olarkən evi yandırmışdılar; nənə X4 həmin vaxt yanaraq ölmüşdür. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs3 tərəfindən Ərizəçi ünvanlanmış 15 noyabr 2024-cü il tarixli 3-16-5/7-Ə/2-753-15/24 nömrəli məktubdan görünür ki, X1 ölüm haqqında tibbi şəhadətnamə və məhkəmə qərarı əsasında aparıldığından ölüm faktının müəyyən edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs3 tərəfindən verilmiş 15 noyabr 2024-cü il tarixli xx/xx-1234 nömrəli arayışdan görünür ki, X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 15 noyabr 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi akşar olunmamışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs2 tərəfindən verilmiş 25 iyul 2008-ci il tarixli Az-İİ №113576 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1970-ci ildə Ağdərə rayonunun İmarət-Qərvənd kəndində doğulmuş, atası-X6, anası-X3r. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən 04 fevral 2022-ciil tarixdə verilmiş “AZ-İİ № 249196” nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04 fevral 2022-ci ildə Yevlax rayon Qaraməmmədli kəndində kəskin miokard infarkt diaqnozu ilə ölmüşdür; bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 fevral 2022-ci ildə 73 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan: Tərtər RİHB-nın Çardaxlı KİƏDN təırəfindən verilmiş 19 iyul 2024-cü il tarxili 183 saylı arayışdan görünür ki, 24 sentyabr 1991-ci ildə erməni işğalçıları Ağdərə rayonunun İmarət-Qərvənd kəndinə hücum edən zaman məcburi köçkün olan Ərizəçi yaşadığı ev əşyaları ilə birlikdə yandırılmışdır. Həmin vaxtı onun qoca nənəsi X4 evdən çıxa bilməmiş və erməni işğalçıları tərəfindən qəddarcasına yandırılmışdır. Onlara məxsus sənədlərdə yanmışdır. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 24 sentybar 1991-ci ildə erməni işğalçıları Ağdərə rayonunun İmarət-Qərvənd kəndinə hücum edərək bütün evləri içərisində olan bütün sənədlər və əşyalar ilə birlikdə yandırmış, həmin vaxt nənəsi (atasının anası) X4 da evin içərisində yanaraq ölmüşdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 12 yanvar 1989-cu ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bəzirxana kəndində doğulmuş X1 05 oktyabr 2024-cü ildə Azərbaycan Respublikasının Şəmkir rayonunun Kür qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçinin nənəsi (atasının anası) X1 24 sentyabr 1991-ci ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kəndində erməni silahlıları tərəfindən yandırılaraq öldürülməsi faktı müəyyən edilsin. Bu qətnamə X1 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar