Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1591/2025 05.03.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “20000 manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə dair” ilk iddiası və Cavabdeh İddiaçı qarşı “10000 manat məbləğində borcun ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 20000 (iyirmi min) manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun doğma qardaşıdır. O, 2023cü ildə özünə məxsus yaşayış evini satmış və qərara gəlmişdir ki, evin pulunu hər hansı bir banka depozitə qoysun. “X1” ASC-nin şərtləri sərfəli olduğu üçün, o, evin pulunun bir hissəsini, yəni 20000 (iyirmi min) manatını qardaşı Cavabdeh adından "xxxx" ASC-yə depozitə qoymuş və bankla Cavabdeh arasında 04 avqust 2023-cü il tarixli BPM**********72 saylı və BPM**********13 saylı müqavilələr imzalanmış, eyni zamanda da hər iki müqavilə üzrə “Tam” və “Gold Tam” kartları verilmişdir. Bundan sonra qardaşı Cavabdeh ona "xxxx" ASC-də onun adından bütün əməliyyatların aparılması üçün etibarnamə vermişdir. Onlar öz aralarında razılığa gəlmişlər ki, cavabdeh etibarnaməni uzun müddətə verəcək, cavabdeh etibarnaməni Bakı şəhərindən alıb göndərmiş, o da qardaşına etibar etdiyi üçün etibarnamənin müddətinə baxmamışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh etibarnamənin müddətini 1 (bir) aylıq yazdırıb; sonradan isə cavabdeh kartları blok etdirmişdir. Hazırda, o, cavabdehdən "xxxx" ASC-də onun adından depozitə qoyduğu pulu tələb etsə də, cavabdeh müxtəlif bəhanələr edərək pulunu qaytarmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh 23 dekabr 2025-ci il tarixdə məhkəməyə iddiaya qarşı yazılı etiraz göndərərək, İddiaçı onun barəsində qaldırdığı iddianın əsassız hesab edilərək rədd edilməsini, təqdim olunmuş etibarnamənin və bank qəbzlərinin pul vəsaiti üzərində iddiaçıya mülkiyyət hüququ yaratmadığının nəzərə alınmasını, iş üzrə sübutların obyektiv və hərtərəfli araşdırılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, İddiaçı onun barəsində qaldırdığı iddia ilə razı deyildir. İddiaçı iddia ərizəsində bank hesabında olan pul vəsaitinin guya ona məxsus olduğunu iddia edir və bunu sübut etmək üçün 20 sentyabr 2023-cü il tarixli etibarnaməni və 04 avqust 2023-cü il tarixli "xxxx" ASC-yə məxsus mədaxil qəbzlərini təqdim etmişdir. Lakin göstərilən sənədlər iddiaçının iddiasını hüquqi baxımdan təsdiq etmir. Təqdim olunmuş etibarnamə pul vəsaiti üzərində mülkiyyət hüququ yaratmır, pulun iddiaçıya məxsus olduğunu təsdiq etmir, yalnız bir ay müddətinə (20 oktyabr 2023-cü il saat 23:59dək) bank əməliyyatlarının aparılması üçün məhdud səlahiyyat verir. Etibarnamədə pul vəsaitinin iddiaçıya məxsus olması, cavabdeh tərəfindən saxlanılması və ya geri gaytarılmalı olması barədə heç bir hüquqi müddəa mövcud deyildir. Pul vəsaiti onun tərəfindən Gəncə şəhərində bank hesabına mədaxil edilmiş, lakin bank kartı həmin vaxt dərhal təqdim olunmamışdır. Onun Bakı şəhərinə qayıtmalı olmağı səbəbindən, iddiaçı Gəncə şəhərində yaşadığından, kart hazır olduqdan sonra bankdan götürülməsi üçün ona məhdud müddətli etibarnamə verilmişdir. Pul vəsaitinin təhlükəsizliyi ilə bağlı yaranan narahatlıq səbəbilə bank hesabı sonradan onun tərəfindən bloklaşdırılmışdır. İddiaçı ərizəsində etibarnamənin guya Bakı şəhərindən ona göndərildiyini və etibarnamənin müddətinin bir ay olmasını sonradan gördüyünü qeyd etmişdir. Bu iddialar həqiqətə uyğun deyildir. Sözügedən etibarnamə tərəflərin birgə Bakı şəhərində notariusda birlikdə iştirakı ilə rəsmiləşdirilmişdir. İddiaçı etibarnamənin verilməsi zamanı şəxsən onum yanında olmuş, etibarnamənin mətnini, həcmini və bir ay müddətini yerindəcə görmüşdür. Belə olan halda iddiaçının etibarnamənin müddətini guya sonradan öyrənməsi barədə iddiası əsassızdır və reallığı əks etdirmir. Bu hal iddiaçının ərizəsində faktların təhrif edildiyini və subyektiv izah edildiyini göstərir. İddiaçı tərəfindən təqdim olunan 04 avqust 2023-cü il tarixli "xxxx" ASC-nin mədaxil qəbzləri yalnız pul vəsaitinin onun adına olan bank hesabına mədaxil edildiyini göstərir. Həmin qəbzlərdə pulun iddiaçıya məxsus olduğu, pulun müvəqqəti saxlanılması məqsədi ilə köçürüldüyü, pul üzərində iddiaçının mülkiyyət hüququnun olduğu barədə heç bir qeyd yer almamışdır. Cavabdeh İddiaçı qarşı 25 dekabr 2025-ci il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı tərəfindən qaldırılmış ilkin iddianın rədd edilməsini, İddiaçı onun xeyrinə 10000 (on min) manat borc məbləğinin tutulmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Süleyman oğlu tərəfindən ona qarşı irəli sürülmüş iddia əsassız və həqiqətə uyğun olmayan məlumatlara əsaslanır. İddiaçı iddia edir ki, guya o, onun (iddiaçının) 20000 (iyirmi min) manat pulunu götürmüşdür. Bu iddia reallığı əks etdirmir və heç bir hüquqi sübutla təsdiq olunmur. Əksinə, faktiki vəziyyət ondan ibarətdir ki, iddiaçının ona qarşı 10000 (on min) manat məbləğində borc öhdəliyi mövcuddur və borcu bu günədək qaytarılmamışdır. İddiaçı özünün borc öhdəliyini yerinə yetirmək əvəzinə, məsuliyyətdən yayınmaq məqsədilə ona qarșı əsassız iddia qaldırmışdır. Bununla yanaşı, iddiaçının davranışları, ziddiyyətli və reallığa uyğun olmayan iddialar irəli sürməsi, faktları davamlı şəkildə inkar etməsi iddiaçının psixi vəziyyətinin normal olması ilə bağlı ciddi şübhələr yaradır. Bu səbəbdən hesab edir ki, iddiaçının məhkəmədə iddia qaldırarkən və məhkəmə prosesində verdiyi izahatların düzgün qiymətləndirilməsi üçün onun psixi vəziyyətinin müvafiq qaydada yoxlanılması zəruridir. Bundan əlavə, iddiaçının onun bacısı oğluna qarşı da 20000 (iyirmi min) manat məbləğində borc öhdəliyi mövcuddur. Lakin iddiaçı həmin borcu da bu günədək qaytarmamış, borc öhdəliklərini sistemli şəkildə icra etməkdən yayınmışdır. Bu hallar onun davranışlarının ardıcıl olmamasını və irəli sürdüyü iddiaların etibarlılığına ciddi şübhələr yarandığını göstərir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsini qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh ilə 12 yanvar 2026-cı il tarixli hazırlıq və 05 mart 2026-cı il tarixli məhkəmə baxışı iclaslarının gedişatı zamanı tərəflərin razılığı ilə “VhatsApp” mobil tətbiqi vasitəsi ilə virtual (görüntülü) əlaqə saxlanılmış, həmin virtual əlaqələr zamanı Cavabdeh ilk iddianı qəbul etməyərək və qarşılıqlı iddianı müdafiə edərək ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: “X1” ASC tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli BPM**********13 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh məxsus ******************** nömrəli hesaba 10000 (on min) manat mədaxil edilmişdir. İş materiallarında olan: “X1” ASC tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli BPM**********72 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh məxsus ******************** nömrəli hesaba 10000 (on min) manat mədaxil edilmişdir. İş materiallarında olan: “X1” ASC tərəfindən verilmiş 25 sentyabr 2023-cü il tarixli BPM**********73 nömrəli balansdankənar məxaric orderindən görünür ki, Cavabdeh məxsus ödəniş kartları 20 sentyabr 2023-cü il tarixli etibarnaməyə əsasən İddiaçı verilmişdir. İş materiallarında olan: “X1” ASC ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2023-cü il tarixli BPM**********72 saylı Tam kart müqaviləsindən görünür ki, Cavabdeh 5 il müddətinə 15000 (on beş min) manat kredit limiti olan Tam kart verilmişdir. İş materiallarında olan: “X1” ASC ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2023-cü il tarixli BPM**********13 saylı Tam kart müqaviləsindən görünür ki, Cavabdeh 5 il müddətinə 15000 (on beş min) manat kredit limiti olan Tam kart verilmişdir. İş materiallarında olan: Bakı şəhəri 20 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 20 sentyabr 2023-cü il tarixli AR-İİİ № 163226 nömrəli etibarnamədən görünür ki, Cavabdeh onun “X1” ASC-nin Gəncə filialı və bütün filiallarında nümayəndəsi olmağı, adına olan hesabdan istifadə etməyi, adına hesab açmağı, hesabı bağlamağı, sərəncam verməyi, hesablar üzrə bütün bank əməliyyatlarını aparmağı (mədaxil, məxaric, köçürmə), həmçinin faizləri və əsas məbləğini almağı, pul məbləğləri almağı, qoymağı, müqaviləyə xitam verməyi, əməliyyatlar aparmağı, plastik kartı və pin kod paketini almağı, bununla əlaqədar onu təmsil etməyi, lazımi sənədləri almağı, toplamağı, təhvil verməyi, ərizə ilə müraciət etməyi, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə 1 (bir) ay müddətinə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsindən görünür ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, ilk iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehin ona 20000 (iyirmi min) manat məbləğində maddi ziyan vurduğunu bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, həmçinin iddiasının dəlillərini təsdiq edən sübut iş materiallarında və məhkəmə icraatı zamanı aşkar olunmamışdır, cavabdehin iddiaçıya maddi ziyan vurması məhkəmə icraatında öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia tələbi də əsassız olduğundan rədd edilməlidir. Belə ki, Cavabdeh öz qarşılıqlı tələbini və əsası kimi istinad etdiyi mübahisəli halları sübut etməmiş, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1591/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1591/2025
05.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver