Məhkəmə qərarları › İş №2(040)-281/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-281/2025

10.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-281/2025 10.03.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı X1 Cavabdeh qarşı “1400 (bir min dörd yüz) manat məbləğdə pul borcunun qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1400 (bir min dörd yüz) manat məbləğində borc pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə uzun müddətdir tanışdırlar; Nadirlə həm eyni kənddən, həm də uzaq qohumdurlar. Cavabdehin mülkiyyətində “Kamaz” markalı yük avtomobili olduğuna görə, razılaşmışlar ki, birgə pul qoyub ot kipi (pres) alveri ilə məşğul olsunlar. Pulu o (iddiaçı) vermiş və bir “Kamaz” yükü ot kipini Goranboy rayonunun Dəliməmmədli şəhərində 550 (beş yüz əlli) manata satmışlar. Cavabdeh təkbaşına gedib həmin pulu ot kipini satdıqları adamdan götürmüş və ona verməmişdir. Eyni zamanda alverdən qalan 850 (səkkiz yüz əlli) manat pul da cabadehdə idi. Onlar aralarında pulun hesabatını aparanda cavabdeh özü də etiraf etmişdir ki, ona (iddiaçıya) çatası pul 1400 (bir min dörd yüz) manat edir və həmin pulu verəcəkdir. Lakin dəfələrlə istəsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək həmin pulu verməkdən imtina edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə məhkəmə hazırlıq iclası 04 fevral 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 24 fevral 2025-ci il tarixə təxirə salınmış, məhkəmə baxış iclası 10 mart 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı 24 fevral 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında növbəti məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir İddiaçı 24 fevral 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddiasını qismən müdafiə edərək cavabdehin borcdan artıq 200 (iki yüz) manat ödədiyini və 1200 (bir min iki yüz) manat borcun qaldığını bildirmiş, iddianın 1200 (bir min iki yüz) manat hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 24 fevral 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçıya 1200 (bir min iki yüz) manat borcu qalıb (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia qismən - 1200 (bir min iki yüz) manat pul tələbinə dair hissədə qanuni və əsaslı olduğundan-yəni həmin hissədə iddia etiraf olunduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin ona 1400 (bir min dörd yüz) manat pul borclu olduğunu bildirsə də, məhkəmə iclasında cavabdehin ona 1200 (bir min iki yüz) manat borcunun qaldığını bildirmiş, cavabdeh də iddiaçıya 1200 (bir min iki yüz) manat borclu olduğunu etiraf etmişdir. Beləliklə, cavabdehin iddiaçıya 1200 (bir min iki yüz) manat pul borcu olduğu öz təsdiqini tapmışdır. Belə olan halda, Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı X1 xeyrinə 1200 (bir min iki yüz) manat manat məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar