Məhkəmə qərarları › İş №2(040)-301/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-301/2025

30.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-301/2025 30.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin tutularaq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X1 ilə 2018-ci ilin sentyabr ayında Silahlı Qüvvələrin Baş Klinik Hospitalında tanış olmuş, cavabdehlə heç bir şəxsi tanışlığı olmamışdır. Lakin cavabdeh öz xidməti mövqeyindən sui-istifadə edərək onunla münasibat yaradaraq dələduzluq yolu ilə əmlakını ələ keçirmək niyyətilə ilk öncə inamını qazanmağa çalışmışdır. Bu məqsədlə cavabdeh heç bir səlahiyyətə və real imkana malik olmadığı halda, öz geniş əlaqələrindən bəhs edərək, onu aldadaraq guya onu xəstəliklə pensiyaya çıxara biləcəyini və sair işlər görəcəyini bildirmişdir. Bu niyyətlə, cavabdeh, ondan 14000 (on dörd min) manat məbləğində pul istəmişdir. İddiaçı həmin məbləğdə pulun onda olmadığını bildirmiş, cavabdehə işi həll etməsi üçün əvvəlcədən 8000 (səkkiz min) manat, digər hissəni isə iş bitdikdən sonra verə biləcəyini bildirmişdir. Cavabdeh guya altı ay ərzində onun məsələsini həll edəcəyinə dair yalan vədlər vermişdir. O, hospitalda cavabdehin geniş əlaqələrinin olduğunu düşünərək cavabdehlə razılığa gəlmiş və orada onun telefon nömrələrini alaraq əlaqələrini genişləndirmişdir. Müvafiq müayinələrdən sonra 21 yanvar 2019-cu il tarixində iddiaçı xəstəliyinin artması səbəbilə həqiqətən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinədə olarkən cavabdehlə telefon vasitəsilə əlaqə saxlamış, cavabdeh yenidən ondan pulu istəyərək guya işi tezləşdirəcəyini bildirmiş, ona yalan vədlər vermiş və pulu almaq üçün müxtəlif yalanlar danışmışdır. Guya cavabdehin sayəsində məsələ həll olduqdan sonra onun əmək haqqının səksən-doxsan faizi məbləğində pensiya alacağını bildirərək inamından sui-istifadə etmişdir. Bundan təqribən iki-üç gün sonra cavabdehlə görüşərək onunla birlikdə həmin ərazidə yaxınlıqda yerləşən "Kapital Bank" filialına gedərək plastik bank kartı hesabından 8000 (səkkiz min) manat pulu çıxarmışdır. Daha sonra isə cavabdehlə birlikdə həmin hospitalın yaxınlığında yerləşən çayxanaların birinə gedərək orada 8000 (səkkiz min) manat pulu cavabdehǝ ǝlbəəl vermişdir. O, 31 may 2019-cu il tarixində hərbi-həkim komissiyasının qərarı ilə qanuni əsaslarla "sıradankənar hərbi xidmətə yararlıdır" kimi şəhadətləndirilmişdir. Cavabdeh onun inamından sui-istifadə edərək ona yalan vədlər vermiş və öz qanunsuz əməllərini davam etdirmək üçün onun külli miqdarda pulunu mənimsəmişdir. Cavabdeh ondan başqa bir çox şəxslərə də eyni hərəkətləri etmiş və nəticədə cavabdehin barəsində cinayət işi açılmışdır. Müvafiq araşdırmalar nəticəsində məlum olmuşdur ki, cavabdeh bu yollarla neçə-neçə vətəndaşların pullarını ələ keçirmişdir. Cinayət işi başladıldıqdan sonra iş məhkəməyə göndərilmiş və Bakı Hərbi Məhkəməsində 1-1(093)-9/2021 saylı iş üzrə cavabdeh və onunla əlbir olmuş digər şəxslərin barəsində 22 iyun 2021-ci il tarixli hökm çıxarılmışdır. Həmin hökmə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.2.2, 178.2.3, 178.2.4, 178.2.1, 32.4, 312.2 va 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Cavabdeh qəti olaraq 2000 (iki min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Onun (iddiaçının) hazırkı tələbində qeyd olunan hallar məhkəmə hökmündə də öz əksini tapmışdır. İddia tam qanuni və əsaslıdır. Dəfələrlə cavabdehə müraciət edərək onun pulunu qaytarmasını istəsə də, cavabdeh daha sonradan əlaqə nömrəsini dəyişərək yoxa çıxmışdır. O, sağlamlıq vəziyyəti ilə bağlı cinayət işi üzrə son məhkəmə iclaslarında iştirak edə bilməməsi səbəbilə mülki iddia verə bilməmişdir. Belə ki, iddiaçı sonradan hüquqi yardım almış və ona işin içində mülki iddia verə biləcəyi də izah edilmişdir. Onların mübahisəsinin həlli yalnız məhkəmə qaydasında mümkündür. Cavabdehdən onun halal pullarının alınaraq ona (iddiaçıya) ödənilməsi zəruridir. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı, mülahizəsi) məhkəməyə daxil olmamışdır. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 20 fevral 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı təxirə salınaraq 01 aprel 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 30 aprel 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarında olan: Bakı Hərbi Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 iyun 2021-ci il tarixli 1-1(093)-9/2021 saylı hökmünün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Cavabdeh o cümlədən İddiaçı 2019-cu ilin yanvar ayının sonlarında aldatma yolu ilə 8000 (səkkiz min) manat pul vəsaitini ələ keçirirək dələduzluq etmişdir; hökmün nəticə hissəsindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 178.2.2, 32.5, 178.2.3, 32.5, 178.2.4, 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona qəti olaraq 2000 (iki min) manat məbləğində cərimə cəzası təyin edilmişdir (Hökmdə İddiaçı Möhübbət oğlu zərərçəkmiş şəxs qismində deyil, şahid qismində tanınmışdır-hakimin qeydi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndində göstərilmişdir ki: 1. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin başlığı “Sübut etməkdən azad olmaq üçün əsaslar” adlanır. 82.4-cü maddədə qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iddia tələbinin əsaslılığı iş materiallarında olan sübutla- Bakı Hərbi Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 iyun 2021-ci il tarixli 1-1(093)-9/2021 saylı hökmündə öz təsdiqini tapmışdır. Bakı Hərbi Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 iyun 2021-ci il tarixli 1-1(093)-9/2021 saylı hökmündə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmasa da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarı iddianın əsaslı olduğunu təsdiq edir. Belə olan halda Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh cinayət əməli nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 8000 (səkkiz min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə alınsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar