Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-365/2025 01.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul borcunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona borclu olduğu 7013 (yeddi min on üç) manat və həmin pula əlavə olaraq 1500 (min beş yüz) manat, cəmi 8513 (səkkiz min beş yüz on üç) manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Kəlbəcər rayonunun Çaykənd kəndində qeydiyyatda olmaqla Göygöl şəhəri Həzi Aslanov küçəsi ev 71-də yaşayan Cavabdeh 2015-ci ildən tanıyır. Belə ki, Cavabdeh onun kiçik baldızı X3 ilə evli omuş, 2024-cü ilin sonunda ərarvad arasında ailə münasibətlərində narazılıqlar yaranmış və baldızı X3 ilə Cavabdeh aralarında olan nikahın pozulması üçün məhkəmǝyǝ müraciət etmişdir; o isə Cavabdeh ilə münasibətlərinin yaxşı olması səbəbindən ər-arvadın ailə işinə qarışmamışdır. Lakin Cavabdeh 2024-ci ilin avqust ayının 05-dən 2024-cü ilin oktyabr ayının sonunadək ayrı-ayrı vaxtlarda ondan cəmi 7013 (yeddi min on üç) manat kart köçürməsi yolu ilə borc pul almışdır. Bundan başqa, Cavabdeh ilə aralarındakı şifahi müqaviləyə görə danışıqları belə olmuşdur ki, cavabdehə verdiyi 7013 (yeddi min on üç) manat borc pula əlavə olaraq cavabdeh ona 1500 (bir min beş yüz) manat məbləğində əlavə pul verməlidir, ona görə ki, o, Elgünə kartla göndərdiyi borc pulları əmisi oğlu X1 faizlə alıb Elgünə göndərmişdir. Cavabdeh heyvandarlıq təsərrüfatı ilə məşğul olub xırdabuynuzlu heyvan saxlayırdı. O, cavabdehin və baldızı Vüsalənin danışığından bilirdi ki, Elgün özünə məxsus xırdabuynuzlu, eləcə də başqa şəxslərin iribuynuzlu və xırdabuynuzlu heyvanlarını payız-qış aylarında Ağcabədi, Bərdə, Tovuz vǝ Saatlı rayonlarının ərazilərində yerləşən fermalarda, yay aylarında isə yay otlaq sahələrində saxlayır. Bu səbəbdən cavabdehlə çox vaxt mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Elgün ona istifadə etdiyi telefonla zəng edib pula ehtiyacı olduğunu, istifadə etdiyi karta pul göndərməsini, onun göndərdiyi pulu borc pul kimi hesablamasını və borc aldığı pulu artıqlaması ilə geri qaytaracağını bildirmişdir. O, cavabdehə özündə pul olmadığını, lakin yaxınlarından alıb kart vasitəsi ilə göndərəcəyini demişdir. Elgün istifadə etdiyi kartları ona telefon vasitəsi ilə göndərmiş (Saatlı rayonunda fermada mal-qara saxlayan vaxt) və o, Elgünə bir neçə dəfə pul göndərmişdir. Cavabdeh onun etibarını qazanmaq üçün onun göndərdiyi pulu sonradan kart vasitəsilə özünə qaytarmış, lakin sonralar, yəni 2024-cü ilin avqust, sentyabr və oktyabr aylarında onun kartla köçürmə ilə göndərdiyi borc pulları və eləcə də istifadə etdiyi telefonlara yüklədiyi kontur pullarını ona qaytaracağına vəd versə də, bu günədək qaytarmamışdır. Sonuncu dəfə cavabdeh ondan pul göndərməsini xahiş edərkən ona olan 7000 (yeddi min) manat məbləğində borcunu hesabladığını və əlavə də nə olsa göndərəcəyini bildirmişdir; o da yenə başqasından cavabdeh üçün borc alıb göndərmişdir. Əvvəlcə Elgün baxdığı quzuların telefonla videosunu ona göndərib ki, quzular onundur, həmin quzuları satıb borc aldığı pulu qaytaracaqdır. Bundan başqa, bankdan kreditə pul götürüb ona verəcəyini bildirmiş, sonra da bankdan kredit götürə bilmədiyini, ona görə də özünə məxsus “Niva” markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili satıb borcunu verəcəyini, qalıq borc da nə qalsa, ǝmisi Abbasdan alıb borcunu tam ödəyəcəyini demişdir. Lakin cavabdehin vəd etdiyi həmin müddət keçməsinə baxmayaraq, cavabdeh borcu qaytarmamış, müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Göstərilən səbəbdən, o, ağır maddi vəziyyətə düşmüş, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, Cavabdeh kartla borc verdiyi 7013 (yeddi min on üç) manat borc pulların sübutlarını və ondan 7000 (yeddi min) manat borc aldığını və əlavə 1500 (bir min beş yüz) manat pulu qaytaracağını etiraf etməsi barədə telefonundan diskə köçürdüyü səs yazısını, sübutlarını məhkəmǝyǝ təqdim edir. Cavabdeh 06 mart 2025-ci il tarixdə məhkəməyə iddiaya qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, İddiaçı ona qarşı qaldırmış olduğu 8513 (səkkiz min beş yüz on üç) manat məbləğində pulun alınıb verilməsi tələbi ilə birmənalı razılaşmır, belə ki, belə şişirdilmiş rəqəmin yazılması şəxsi qərəzlik mövqeyindən irəli gəlir. İddiaçı ilə bacanaqdır. İddiaçının iddia tələbində göstərdiklərinin hamısı yalandır. Elçin ona pul verərkən aralarında heç bir şifahi müqavilə olmayıb. O, Elçinin əmisi oğlu X2 tanımır və özünün də hər hansı bank kartı olmamışdır; iddiaçının ona qarşı bu cür iddia tələbinin olmasını qəribə hesab edir. İddiaçının onun ailə münasibətlərinin pisləşməsindəndən istifadə edərək belə ifadələr işlədir. Onda (cavabdehdə) videoqeydlər vardır, həmin qeydlərdə iddiaçı ona 1500 (min beş yüz) manat pulu sələm kimi verdiyini bildirmişdir. Əslində onun iddiaçıya 8513 (səkkiz min beş yüz on üç) manat deyil, 4500 (dörd min beş yüz) manat borcu vardır. Odur ki, sadaladıqlarını nəzərə alaraq iş üzrə düzgün qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, cavabdeh iddiada göstərilən borcundan heç bir ödəniş etməmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçıdan borca ayrı-ayrı vaxtlarda hissə-hissə cəmi 4500 (dörd min beş yüz) manat borc pul götürmüş, həmin borcundan 2000 (iki min) manatını qaytarmış, 2500 (iki min beş yüz) manat isə borc olaraq qalmışdır. İddiaçı ona həmin məbləği faizlə (sələmə) vermiş, ona görə də ondan şişirdilmiş məbləğdə pul tələb edir. İddiaçıya olan 2500 (iki min beş yüz) manat borcunu ödəməyə razıdır. İddianın qismən-2500 (iki min beş yüz) manat hissədə təmin edilməsinə etiraz etmir. Mülki işin mübahisəsiz halı- iddianın predmeti olan pul tələbinin 2500 (iki min beş yüz) manat hissəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia qismən 4500 (dörd min beş yüz) manat pul tələbinə dair hissədə qanuni və əsaslı olduğundan-yəni həmin hissədə (pulun alınması ilə bağlı) iddia etiraf olunduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin ona 8513 (səkkiz min beş yüz on üç) manat pul borclu olduğunu bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş- iddiaçı tərəfindən məhkəməyə qəbzlər qismində “A4” formatlı kağız daşıyıcılarda təqdim edilmiş və mötəbərliyi olmayan yazılı materiallar və elektron daşıyıcıda təqdim edilmiş audioyazılar iddiaçı tərəfindən cavabdehə köçürüldüyü iddia olunan pul vəsaitinin həqiqətən Cavabdeh tərəfindən alınmasını təsdiq edən sübutlar olaraq qəbul edilə bilməz. Həmçinin tərəflər arasında öhdəlik barədə hər hansı razılaşmanın olmasını və ya öhdəliyin pozulmasını təsdiq edəcək sübut iş materiallarında aşkar olunmamışdır, cavabdeh də iddiaçıdan borca 4500 (dörd min beş yüz) manat pul aldığını etiraf etmiş, lakin həmin məbləğdən 2000 (iki min) manatını iddiaçıya qaytardığını bildirsə də, 2000 (iki min) manat məbləğdə borcu qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir- belə ki, hazırki halda borcun qaytarılması ilə bağlı hissədə sübutetmə yükü cavabdehin üzərinə düşür. Beləliklə, cavabdehin iddiaçıya 4500 (dörd min beş yüz) manat pul borcu olduğu öz təsdiqini tapmışdır. Belə olan halda Cavabdeh 4500 AZN (dörd min beş yüz manat) məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə - 4013 (dörd min on üç) manat pul tələbinə dair hissədə əsassız olduğundan-yəni həmin hissədə iddia sübutlarla təsdiq olunmadığından, həmin hissədə təmin edilməməlidir. İddia tələbi qismən təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 111 (yüz on bir) manat dövlət rüsumunun 65 (altmış beş) manat hissəsinin və 40 qəpik xidmət haqqının pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4500 AZN (dörd min beş yüz manat) məbləğdə əsas borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 65 AZN (altmış beş manat) hissəsinin və 40 qəpik bank xərcinin pul əvəzi, cəmi 4565,40 AZN (dörd min beş yüz altmış beş manat- 40 qəpik) məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-365/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-365/2025
01.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver