Məhkəmə qərarları › İş №2(040)-386/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-386/2024

28.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-386/2024 28.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 12 oktyabr 2023-cü ildə doğulmuş X1 üçün 100 (yüz) manat alimentin ödənilməsinə dair Maraqlı şəxs ilə aralarında 05 fevral 2024-cü il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 07 yanvar 2023-cü il tarixdə el adəti ilə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə 12 oktyabr 2023-cü il tarixdə X6 adlı bir uşaqları doğulmuşdur. Aralarında rəsmi nikah olmadığına görə Maraqlı şəxs qeydiyyat şöbəsində uşağın atası olmasını təsdiq etmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə almışlar. Cavabdehlə bir müddət mehriban yaşasalar da sonradan aralarında narazılıqlar yaranmış, bu səbəbdən də ayrılmışlar. Ayrıldıqdan sonra Maraqlı şəxs uşağına maddi köməklik göstərməmişdir. Bu səbəbdən aliment tələbi ilə bağlı mübahisənin həll edilməsi üçün Goranboy 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. 05 fevral 2024-cü il tarixdə mediasiya prosesində Maraqlı şəxs ilə aliment barəsində razılığa gəlmişlər. Barışıq sazişinə əsasən Maraqlı şəxs övladı X1 üçün hər ay 100 (yüz) manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh Rəhimov X3 tələblərini pozaraq, hər ay 100 (yüz) manat aliment ödəməli olduğu halda, alimenti ödəmir, yəni üzərinə götürdüyü öhdəliyi tam icra etmir. Maraqlı şəxs aylıq aliment ödənişini mediasiya prosesində aralarında bağlanmış barışıq sazişinin tələblərinə uyğun olaraq ödəmədiyindən, barışıq sazişini məhkəmə qaydasında təsdiq etdirmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, Maraqlı şəxs aliment tələb etmək üçün qanunvericiliyin tələbinə görə Goranboy 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. O və Maraqlı şəxs 05 fevral 2024-cü il tarixdə mediasiya prosesində iştirak etmişlər. Onlar övladları X5 təyin olunacaq alimentin miqdarı barədə ümumi razılığa gəlmişlər. Maraqlı şəxs övladları 12 oktyabr 2023-cü il təvəllüdlü X1 üçün 100 (yüz) manat aliment ödəməyi öhdəsinə götürmüşdür və onlar bu barədə 05 fevral 2024-cü il tarixli MŞG/MT032/2024-00193 saylı barışıq sazişi bağlamışlar. Lakin cavabdeh Rəhimov X3 tələblərini pozaraq alimenti ödəmir. Ona görə də 05 fevral 2024-cü il tarixdə Maraqlı şəxs ilə aralarında mediasiya prosesində bağlanmış MŞG/MT032/2024-00193 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Ərizəçi ilə aralarında bağlanmış 05 fevral 2024-cü il tarixli barışıq sazişini qəbul edir. Övladına görə ayda 100 (yüz) manat aliment ödəməyə razıdır. Barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. İş materiallarında olan: Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 yanvar 2024-cü il tarixdə verilmiş AZ-İV № 929518 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiq edilmişdir- hakimin qeydi) görünür ki, X6 12 oktyabr 2023-cü ildə doğulmuş, atası- Maraqlı şəxs, anası- Ərizəçidır. İş materiallarında olan: Goranboy 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X7 tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 05 fevral 2024-cü il tarixli MŞG/MT032/2024-00193 nömrəli barışıq sazişinin 2-ci bəndindən görünür ki, Maraqlı şəxs övladı X1 üçün 100 (yüz) manat alimentin Ərizəçi ödənilməsi barədə qarşılıqlı razılıq əldə etmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.7-ci maddəsinə əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. -26.1-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər:26.1.1. nikahın davam etdirilməsi şərtləri;26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi;26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. -34.1-ci maddəsinə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan, mediasiya prosesində bağlanmış barışıq sazişindən müəyyən olunur ki, tərəflər birgə münasibətlərindən 12 oktyabr 2023-cü ildə doğulmuş X2 üçün ata Maraqlı şəxs hər ay 100 (yüz) manat aliment məbləğinin tutularaq ana Ərizəçi ödənilməsi barədə razılığa gəlmişlər- alimentin ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə etmişlər. Ərizədən görünür ki, Maraqlı şəxs sazişin tələblərini pozaraq öhdəlikləri könüllü şəkildə icra etməmişdir. Ona görə ərizə təmin edilərək 05 fevral 2024-cü il tarixli MŞG/MT032/2024-00193 nömrəli barışıq sazişi məcburi icra olunması üçün təsdiq edilməlidir. Hazırki qətnamə əsasında alimentin hesablanması 05 fevral 2024-cü il tarixdən-barışıq sazişinin bağlandığı tarixdən hesablanmalıdır. İş üzrə Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar (barışıq sazişinin və onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün əsaslar) aşkar edilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 05 fevral 2024-cü il tarixli MŞG/MT032/2024-00193 nömrəli barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilsin. 05 fevral 2024-cü il tarixdən hesablanmaqla, 12 oktyabr 2024-cü ildə doğulmuş X2 üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aylıq aliment Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sisteminə elektron qaydada daxil etmək yolu ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar