Məhkəmə qərarları › İş №2(040)-450/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-450/2025

01.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-450/2025 01.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “pul borcunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat borcun və ödənilmiş 34 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o cavadehi tanıyır, cavabdeh 19 may 2022-ci il tarixdə ona qəbz verərək 22 may 2022-ci il tarixdə borc aldığı 2000 (iki min) manat pulu qaytaracağını bildirmişdir. Cavabdeh buna baxmayaraq ondan borc götürdüyü pulu ödəməmişdir. O, dəfələrlə borcunu ödəməyi təklif etməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr edərək borcunu ödəməkdən imtina edmişdir. Mütəmadi olaraq müxtəlif bəhanələr edərək borclarını ödəməkdən yayınmışdır. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı 01 may 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək, səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. İddiaçı cavabdehin ona 2000 (iki min) manat pul borclu olduğunu bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, həmçinin tərəflər arasında öhdəlik barədə hər hansı razılaşmanın olmasını və ya öhdəliyin pozulmasını təsdiq edəcək sübut iş materiallarında aşkar olunmamışdır; cavabdehin iddiaçıya borclu olduğu məhkəmə icraatında öz təsdiqini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat dövlət rüsumu onun özünə aid edilməklə dövlət büdcəsində saxlanılsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə ( “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar