Məhkəmə qərarları › İş №2(040)-453/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-453/2025

14.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-453/2025 14.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “pul borcunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4300 (dörd min üç yüz) manat məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Qarabağ veteranıdır və cavabdehi xidmət etdiyi hərbi hissənin yeməkxanasında işlədiyi vaxtdan tanıyır; o, cavabdehin qardaşı Zaminlə eyni hərbi hissədə xidmət etmişdir. Cavabdeh 2022-ci ilin may ayında onun yanına gələrək anasının xəstə olduğunu və müalicə üçün pul lazım olduğunu bildirmişdir. O, cavabdehə kredit kartında pul olduğunu, hər ay ödəməsi şərtilə həmin pulu ona verə biləcəyini bildirmişdir. Cavabdeh buna razı olmuş və o (iddiaçı) kredit kartındakı balansı artıraraq cavabdehə 3700 (üç min yeddi yüz) manat pul vermişdir. Cavabdeh bir neçə ay ödəniş etdikdən sonra həmin hərbi hissədən çıxıb getmiş, həmin vaxtdan pulu ödəməmişdir; həmin pullar onun əmək haqqından çıxılmağa başlamışdır. O, cavabdehlə bu barədə dəfələrlə danışmasına baxmayaraq, cavabdeh müxtəlif bəhanələr danışmışdırbu barədə onların “Whatsapp” yazışmaları var, iş yoldaşları şahiddir. O, məhkəməyə sübutlarını təqdim edəcəkdir. O, dəfələrlə cavabdehə borcunu ödəməsini təklif etsə də, cavabdeh müxtəlif bəhanələr edərək borcunu ödəməkdən imtina edir. Buna görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi Nümayəndə 29 aprel 2025-ci il tarixli hazırlıq iclasında iddianın həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə nüraciət edərək göstərmişdir ki, nümayəndəsi olduğu İddiaçı Cavabdeh qarşı pul tələbinin miqdarını azaldır, cavabdehdən 1800 (min səkkiz yüz) manat pul tələb edir. Cavabdeh 29 aprel 2025-ci il tairxdə iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, İddiaçı ona qarşı iddiasını qismən -1800 AZN (bir min səkkiz yüz manat) hissədə qəbul edir, iddiaçıya olan 1800 AZN (bir min səkkiz yüz manat) pul borcunu ödəyəcəkdir (bu barədə yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçıya 1800 AZN (bir min səkkiz yüz manat) borclu olduğu təsdiqini tapmış, cavabdeh iddiaçıya 1800 AZN (bir min səkkiz yüz manat) borcunun olduğunu etiraf etmişdir. Belə olan halda Cavabdeh 1800 AZN (bir min səkkiz yüz manat) məbləğində pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1800 AZN (bir min səkkiz yüz manat) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar