Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-46/2025 07.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1193 (min yüz doxsan üç) manat məbləğində pulun və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri, 4-cü mikrorayon bina 15, mənzil 56-da yaşayır. Uzun müddətdir ki, uşaq geyim paltarlarının satışı ilə məşğuldur. Yaşadığı ünvanın qonşuluğunda yaşayan normal qonşuluq münasibətində olduğu Zərifə xx.xx.2023-cü il tarixdə geyim ǝşyaları satdığı mağazaya gələrək onunla bir qonşu kimi bir neçə dəqiqə söhbət etdikdən sonra himayəsində olan iki az yaşlı uşaqlarına geyim paltarları almaq istədiyini, nağd şəkildə pulunu verə bilməyəcəyini və hər ay 200-300 manat olmaqla hissə-hissə qaytaracağını bildirmişdir. O, bununla razılaşmış, sonra Zərifə mağazadan xoşuna gələn geyim əşyalarını seçib götürmüşdür. Zərifənin götürdüyü geyim əşyalarının dəyəri isə 1363 manat təşkil edirdi. Bundan sonra da Zərifə götürdüyü malın pulundan xx.xx.2024-cü il tarixdə cəmi 150 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü ildə 10 manat və xx.xx.2024-cü ildə isə 10 manat ödəniş etmişdir. Zərifə 320 manat pul ödəmişdir. Artıq 7 ay müddətdir ki, Zərifə adlı şəxs ondan götürdüyü geyim paltarlarının pulunu və ya özünü qaytarmamışdır. Dəfələrlə Zərifə adlı şəxsdən götürdüyü geyim əşyalarının və ya dəyərinin qaytarılmasını tələb etsə də müxtəlif bəhanələr edərək qaytarmaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh barəsində Gəncə şəhəri X1nə şikayət ərizəsi ilə müraciət etmiş, Polis şöbəsi tərəfindən Cavabdeh dəvət olunub izahatı alınmış və Zərifə ona olan borcunu etiraf etmişdir. X1 tərəfindən onların məsələsi mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Dəfələrlə cavabdehdən ona olan borcunu qaytarmasını tələb etsə də müxtəlif bəhanələr edərək ödəməkdən yayınır. Ona görə də mübahisənin məhkəmə yolu ilə həll olunması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 21 oktyabr 2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə qarşı etiraz ərizəsi göndərərək, iddia tələbini qismən, 400 (dörd yüz) manat hissədə qəbul etdiyini, əslində onun iddiaçıya 1193 manat deyil, ümumilikdə 400 manat borcunun qaldığını, maddi imkanının olmamasına görə borcunu vaxtında ödəyə bilmədiyini, iddiaçının özünün də iddia ərizəsində onun müxtəlif vaxtlarda 150 və 10 manat olmaqla hissə-hissə ödəniş etdiyini qeyd etdiyini, İddiaçı onun çarəsizliyindən və maddi sıxıntılarından istifadə edərək qəsdən və düşünülmüş şəkildə ondan 1193 manat pul tələb etdiyini, borclu tərəf olaraq öhdəliklərindən boyun qaçırmadığını, lakin maddi sıxıntıları və imkansızlığı səbəbindən ödəniş edə bilmədiyini qeyd etmiş, ona görə də iddia tələbinin qismən, yəni 400 (dörd yüz) manat hissədə təmin edilməsini, iddianın qalan hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh 04 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı 07 yanvar 2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə təqdim edərək, hal-hazırda cavabdehdən 1113 (min yüz on üç) manat tələb etdiyini qeyd etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh ona olan borcundan ödənişlər etmiş, hazırda Cavabdeh ona 1113 (min yüz on üç) manat borcu qalmışdır. Cavabdehin özü də ona pul borclu olduğunu etiraf etmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iştirak etdiyi 04 dekabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçının qeyd etdikləri doğrudur, onun həqiqətən iddiaçıya 1193 (min yüz doxsan üç) manat borcu olmuşdur, həmin borcundan ödəniş etmişdir, hazırda iddiaçıya 1163 (min yüz altmış üç) manat borcu qalır. İddiaçıya olan 1163 (min yüz altmış üç) manat borcunu imkanı olduqca hissə-hissə ödəyəcəkdir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borc tələbinə dair hissədə əsaslı olduğundan -yəni həmin hissədə iddia etiraf olunduğundan təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin ona 1193 (min yüz doxsan üç) manat pul borclu olduğunu bildirmiş, cavabdeh isə 04 dekabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddiaçıya 1163 (min yüz altmış üç) manat borclu olduğunu etiraf etmişdir. Daha sonra iddiaçı iddia tələbini azaldaraq cavabdeh tərəfindən ona ödənişlər olunduğunu bildirərək, hazırda cavabdehin 1113 (min yüz on üç) manat borcunun qaldığını qeyd etmişdir. Beləliklə, cavabdehin iddiaçıya 1113 (min yüz on üç) manat pul borcu olduğu öz təsdiqini tapmışdır. Belə olan halda, Cavabdeh 1113 (min yüz on üç) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa, dövlət rüsumuna dair hissədə iddia qismən təmin edilməli, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun 31,13 (otuz bir manat 13 qəpik) hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Nazim qızından 1113 (bir min bir yüz on üç) manat əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 31,13 manat (otuz bir manat-13 qəpik) hissəsinin pul əvəzi, cəmi 1144,13 manat (min bir yüz qırx dörd manat-13 qəpik) məbləğdə pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-46/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-46/2025
07.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver