Məhkəmə qərarları › İş №2(040)-477/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-477/2025

08.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-477/2025 08.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cinayət əməli nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh əvvəllər tanımamışdır. Onunla həmkəndlisi Rəşid adlı şəxsin vasitəsi ilə tanış olmuşdur. Oğlu Vüqarın əlilliyə görə aldığı sosial müavinətin kəsildiyini eşidən Rəşid onun yaşadığı ünvana gələrək oğlunun müavinətini bərpa edə biləcək şəxsi tanıdığını və həmin şəxsə 4000 (dörd min) manat verəcəyi təqdirdə oğlu Vüqarın müavinətinin bərpa olunacağını bildirmişdir. O da razılaşmışdır. 06 iyun 2022-ci il tarixdə Rəşid və əvvəlcədən tanımadığı Elsevər adlı şəxs Ağdam rayonu Sarıcalı kəndində yerləşən yaşadığı evə gəlmişdilər. Həmin vaxt Elsevər Rəşidin yanında ona 4000 (dörd kin) manat verəcəyi təqdirdə oğlunun pensiyasının bərpa olunacağını ona bildirmişdir. O da Cavabdeh 4000 (dörd min) manat pul vermişdir. Lakin ondan 4000 (dörd min) manat aldığı vaxtdan 1 il keçsə də, öz vədinə əməl etməmişdir. Bu səbəbdən də o, 07 iyun 2023-cü il tarixdə Ağdam Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bu barədə məlumat vermişdir. Müraciəti əsasında Cavabdeh barəsində Ağdam Rayon Polis X1 Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. İbtidai istintaq dövründə təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə aldığı 4000 (dörd min) manat pulun 3000 (üç min) manatını ona qaytarmışdır. Qalan pulu ödəmədiyindən istintaq tamamlandıqdan sonra cinayət işi baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh məhkəmə istintaqı zamanı ona 1000 (min) manatın 200 (iki yüz) manatını qaytarsa da, 800 (səkkiz yüz) manatını qaytarmamışdır. Cavabdeh Ağdam Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 1(013)-38/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ev dustaqlığında olduğu 03 ay 04 gün müddət və tutulduğu 02 gün müddətin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla 6 ay 12 gün müddəti ona təyin edilmiş ümumi cəza müddətindən çıxarılmış və üzərində qəti olaraq 02 il 02 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. O, cinayət işinə məhkəmədə baxılan zaman savadsızlıqdan mülki iddia verməmişdir. Cavabdeh dələduzluq yolu ilə aldığı pulun 800 (səkkiz yüz) manatını bu günə kimi qaytarmamışdır. Bu səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür. Hesab edir ki, Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada alınıb ona verilməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında şəxsən və ya nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun olaraq izahat vermiş və iddiasının təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: Ağdam Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 noyabr 2024-cü il tarixli, 1(013)-38/2024 saylı hökmünün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Cavabdeh o cümlədən, İddiaçı 2022-ci ilin iyun ayının əvvəllərində aldatma yolu ilə 4000 (dörd min) manat pul vəsaitini ələ keçirərək dələduzluq etmiş, həmin məbləğdən 3200 (üç min iki yüz) manatını qaytarsa da, 800 (səkkiz yüz) manatı borc olaraq qalmışdır; hökmün nəticə hissəsindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinmiş, onun barəsində qəti olaraq 02 il 02 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin başlığı “Sübut etməkdən azad olmaq üçün əsaslar” adlanır. 82.4-cü maddədə qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iddia tələbi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda Cavabdeh vurduğu 800 (səkkiz yüz) manat borc məbləğində ziyanın əvəzi alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 800 (səkkiz yüz) manat məbləğində əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi, cəmi 830 (səkkiz yüz otuz) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar