Məhkəmə qərarları › İş №2(040)-531/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-531/2024

14.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-531/2024 14.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əsassız əldə olunmuş 670 (altı yüz yetmiş) manat məbləğdə pul vəsaitinin qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 670 (altı yüz yetmiş) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, metal qəbulu sexində fəhlə işləyir. Onun tanıdığı Cavabdeh 09 may 2023-cü il tarixdə metal qəbulu sexinə gələrək Goranboy rayonunda 670 (altı yüz yetmiş) manat dəyərində dəmir olduğunu ona bildirmiş, sonra onunla birlikdə taksi vasitəsilə Goranboy rayonuna getmişdir. Cavabdeh Goranboy rayonunda bir binanın qarşısında pulu ondan alıb getmişdir. Onu saatlarla gözləsə də geri gəlməmişdir. O da bu barədə 11 may 2023-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edərək müraciət etmişdir. Goranboy Rayon Polis Şöbəsində müstəntiq Ömər İsmayılov tərəfindən onun və Cavabdeh izahatı alınaraq araşdırma aparılmışdır. Buna baxmayaraq Cavabdeh onu bıçaqla vurmaqla hədələyib pulu vermək istəmir. Hal-hazırda 670 (altı yüz yetmiş) manat pulu ona verməyib. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli 2(040)-531/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılması qərara alınmış, İddiaçı həmin qərardaddan şikayət vermiş, Kəlbəcər Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli 2(040)-531/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi, iş üzrə məhkəmə baxış iclasının 14 oktyabr 2024-cü il tarixə təyin edilməsi qərara alınmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh onu aldadaraq 670 (altı yüz yetmiş) manat pulunu almış və bugünədək aldığı pulu qaytarmamışdır. Cavabdehdən pulunu tələb etdikdə qaytarmaqdan boyun qaçırmışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək və ona hədə-qorxular gələrək bugünədək pulunu geri qaytarmamışdır. Məhkəmədən əvvəl polisə müraciət etmiş, polis şöbəsində izahatı alınmış Cavabdeh ondan 500 (beş yüz) manat pul aldığını və ehtiyacı olduğu üçün 500 (beş yüz) manatı xərclədiyini etiraf etmişdir. Goranboy Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi polis baş leytenantı X2 tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Cavabdeh özü də ona iltizam yazaraq borclu olduğu pulu üç hissəyə bölərək 250 manat, 250 manat və 170 manat olmaqla qaytaracağını qeyd etmişdir. Lakin bugünədək onun pulunu qaytarmır. Hazırda iddiasını müdafiə edir, iddianın təmin edilməsini xahiş edir. İş materiallarında olan: Goranboy Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş, 21 may 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın məzmunundan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, “rəsmi olaraq heç yerdə işləmir, əvvəl Mingəçevir şəhərində metal qəbulu sexində İddiaçı ilə birlikdə işləmişdir. 09 may 2023-cü il tarixdə saat 20 radələrində Telman ilə birlikdə Goranboy şəhərinə gəlmiş, Goranboy şəhərində İddiaçı ona 500 (beş yüz) manat pul vermişdir. O, metal satan Feruz adlı şəxsə zəng etmiş, Feruz Goranboy şəhərində beş mərtəbə adlanan yerdə evində olduğunu demiş, Feruzun evinə getmiş, ona zəng etmiş, lakin Feruz zənginə cavab verməmişdir. Bundan sonra Telmanın yanına getmək istəmiş, lakin Telmanı tapmamışdır. Daha sonra Mingəçevir şəhərinə getmiş, ehtiyacı olduğu üçün Telmanın verdiyi 500 (beş yüz) manatı xərcləmişdir”. Seyidov X1 Eşqin Qurban oğlu ilə barışdığına görə toplanmış materialda cinayət tərkibinin olmaması müəyyən edildiyindən, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan: Cavabdeh adından yazıldığı qeyd edilən iltizamdan görünür ki, o, - Cavabdeh borclu olduğu İddiaçı 10 iyul 2023-cü il tarixdə 250 manat, 20 iyun 2023cü il tarixdə 250 manat pul ödəyəcəyini, həmçinin, qalan 170 manat borcunu 05 iyul 2023cü il tarixdə ödəyəcəyini, əks halda cinayət məsuliyyətinə cəlb olunmasına razı olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1 - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; - 1092.1.2 - əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. -1092.2-ci maddəsinə görə, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə mülki işin faktiki hallarına, tədqiq edilmiş sübutlara, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh hüquqi əsas olmadan İddiaçı hesabına 670 (altı yüz yetmiş) manat varlanmışdır (əsassız varlanma). Odur ki, iddiaçı cavabdehdən hüquqi əsas olmadan əldə etdiklərini geri qaytarmağı tələb etməkdə haqlıdır. Belə olan halda, Cavabdeh 670 (altı yüz yetmiş) manat məbləğdə pul vəsaiti alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 670 (altı yüz yetmiş) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar