Məhkəmə qərarları › İş №2(040)-532/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-532/2024

09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-532/2024 09.07.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 7300 (yeddi min üç yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə müəllim kimi çalışdığı 69 saylı orta məktəbdən tanışdır, ibtidai sinif müəllimi kimi onun yaxın qohumuna dərs demişdir, aralarında yaxşı münasibət yaranmışdır. Həmin yaxşı münasibətlərinə görə də Cavabdeh 2022-ci ilin əvvəllərində ona lotereya oynamağı, oyunun baş tutması üçün ona başqa oyunçuları da cəlb etməyi xahiş etmişdir. O da bu işi özü üçün də sərfəli hesab edib cavabdehin təklifini qəbul etmişdir. Onlar 10 nəfərin iştirakı ilə müxtəlif məbləğlərdə 3 lotereya oyunu oynamışlar. Bu oyunların birində 5900 (beş min doqquz yüz) manat, ikincisində 500 (beş yüz) manat, üçüncüsündə isə 300 (üç yüz) manat oynanılmışdır. Cavabdeh onu və təşkil etdiyi oyunçuları aldadırmış. Həmin vaxt onun pula zəruri ehtiyacı olmuşdur. Ona görə də fırıldağını əvvəlcədən planlaşdırıb ona oyun üçün verdikləri pulu mənimsəmişdir. Belə ki, elə ilk aydan yığdığı puldan heç kəsin pulunu verməmişdir. Oyunçular və o pullarını geri tələb edəndə Sevil müxtəlif bəhanələr gətirib onları başından etmişdir. O, cavabdehin dələduzluq və ya mənimsəmə cinayəti törətməsi barədə polis orqanına ərizə verib onun məsuliyyətə alınmasını xahiş etmiş, lakin məsələ mülki xarakterli olduğundan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar çıxarılmışdır. Ona görə də Cavabdeh lotereya oynama adı ilə mənimsədiyi 6700 (5900+500+300=6700) manat pulu məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. İddiaçı 07 may 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində cavabdehdən tələb edilən borcun səhvən 7300 (yeddi min üç yüz) manat qeyd edildiyini, əslində isə Cavabdeh 6700 (altı min yeddi yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh lotereya oyunu təşkil edərək onun 6700 (altı min yeddi yüz) manat pulunu mənimsəmişdir. O, cavabdehin onu aldatdığını sonradan başa düşmüşdür. Dəfələrlə pulunun qaytarılmasını tələb etsə də cavabdeh müxtəlib bəhanələr gətirərək onun pulunu qaytarmaqdan imtina etmişdir. O, cavabdehin dələduzluq və ya mənimsəmə cinayəti törətməsi barədə polis orqanına ərizə verib onun məsuliyyətə alınmasını xahiş etmiş, lakin məsələ mülki xarakterli olduğundan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar çıxarılmışdır. Hazırda pulunu cavabdehdən tələb edir. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan: Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi, polis leytenantı X2 tərəfindən 02 sentyabr 2023-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan: Cavabdeh tərəfindən 12 iyun 2024-cü il tarixdə məhkəməyə göndərilən teleqramdan görünür ki, Cavabdeh İddiaçı ona qarşı pul tələbinə dair iddiasını qəbul etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. İddiaçı cavabdehin ona 6700 (altı min yeddi yüz) manat pul verməli olduğunu bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, həmçinin tərəflər arasında öhdəlik barədə hər hansı razılaşmanın olmasını və ya öhdəliyin pozulmasını təsdiq edəcək sübut iş materiallarında aşkar olunmamışdır; cavabdehin iddiaçıya hər hansı zərər vurması və ya borclu olduğu məhkəmə icraatında öz təsdiqini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “6700 (altı min yeddi yüz) manat pul tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə ( “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar