Məhkəmə qərarları › İş №2(040)-54/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-54/2025

06.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-54/2025 06.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul borcunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 49 (qırx doqquz) manatın, cəmi 2949 (iki min doqquz yüz qırx doqquz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1952-ci ildə Yevlax şəhərində doğulmuş, hazırda da Yevlax şəhəri, R.Balakişiyev küçəsi, ev 13-də yaşayır. 18 noyabr 2022-ci il tarixdə Cavabdeh 4600 (dörd min altı yüz) manat məbləğində borc pul vermişdir. Bu barədə aralarında müqavilə imzalanmış, həmin müqavilə onun və cavabdeh tərəfindən imzalanmışdır. Müqavilənin məzmunu aşağıdakı kimidir: “Mən İddiaçı 18 noyabr 2022-ci il tarixdə Yevlax şəhərində şahid X1 iştirakı ilə Cavabdeh 4600 (dörd min altı yüz) manat məbləğində borc pul verdim. Mən Cavabdeh 18 noyabr 2022-ci il tarixdə Yevlax şəhərində İddiaçı 4600 (dörd min altı yüz) manat məbləğində pulu borc olaraq aldım. Mən- Cavabdeh aldığım 4600 manat məbləğində borcun 2000 (iki min) manat hissəsini 18 fevral 2023-cü ilədək, qalan 2600 (iki min altı yüz) manat hissəsini isə 18 sentyabr 2023-cü il tarixədək qaytaracağam”. Bundan sonra Cavabdeh ona bir neçə dəfəyə (hissə-hissə) cəmi 1700 (min yeddi yüz) manat pul qaytarmışdır. Yekunda cavabdehin ona cəmi 2900 (iki min doqquz yüz) manat borcu qalmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh borc olaraq 4600 (dörd min altı yüz) manat pul vermişdir. Cavabdeh ona olan borcundan 2000 (iki min) manatını qaytarmış, qalan 2600 (iki min altı yüz) manat məbləğdə pulu isə qaytarmamışdır. Hazırda Cavabdeh ona 2600 (iki min altı yüz) manat borcu qalmışdır. Cavabdehin özü də ona pul borclu olduğunu etiraf edir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçıdan həqiqətən borca 4600 (dörd min altı yüz) manat pul götürmüş, borcundan 2000 (iki min) manatını qaytarmışdır. Hazırda iddiaçıya 2600 (iki min altı yüz) manat borcu qalır. İddiaçıya olan 2600 (iki min altı yüz) manat borcunu imkanı olduqca hissə-hissə ödəyəcəkdir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2022-ci il tarixli müqavilədə qeyd olunur ki: “Mən İddiaçı 18 noyabr 2022-ci il tarixdə Yevlax şəhərində şahid X1 iştirakı ilə Cavabdeh 4600 (dörd min altı yüz) manat məbləğində borc pul verdim. Mən Cavabdeh 18 noyabr 2022-ci il tarixdə Yevlax şəhərində İddiaçı 4600 (dörd min altı yüz) manat məbləğində pulu borc olaraq aldım. Mən- Cavabdeh aldığım 4600 manat məbləğində borcun 2000 (iki min) manat hissəsini 18 fevral 2023-cü ilədək, qalan 2600 (iki min altı yüz) manat hissəsini isə 18 sentyabr 2023-cü il tarixədək qaytaracağam”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən - 2600 (iki min altı yüz) manat pul tələbinə dair hissədə qanuni və əsaslı olduğundan-yəni həmin hissədə iddia etiraf olunduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin ona 2900 (iki min doqquz yüz) manat pul borclu olduğunu bildirsə də, məhkəmə iclasında cavabdehin ona 2600 (iki min altı yüz) manat borcunun qaldığını bildirmiş, cavabdeh də iddiaçıya 2600 (iki min altı yüz) manat borclu olduğunu etiraf etmişdir. Beləliklə, cavabdehin iddiaçıya 2600 (iki min altı yüz) manat pul borcu olduğu öz təsdiqini tapmışdır. Belə olan halda, Cavabdeh 2600 (iki min altı yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumunun 46 (qırx altı) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2600 (iki min altı yüz) manat əsas borc və iddiaçı tərəfindən ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumunun pul əvəzi, cəmi 2646 AZN (iki min altı yüz qırx altı manat) məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar