Məhkəmə qərarları › İş №2(040)-565/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-565/2025

26.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-565/2025 26.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əsassız əldə olunmuş pul vəsaitinin qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1500 (min beş yüz) manat məbləğində pulun və ödədiyi 40 (qırx) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2023-cü ilin aprel ayının 16-da Cavabdeh fermada onun yanında çoban işləmək istədiyini bildirmişdir. Cavabdeh fermada onun yanında bir gün qalandan sonra qaynatasının ona 15 (on beş) baş qoyun verdiyini və 5 (beş) baş qoç satdığını bildirmiş, həmin qoyunları da fermada saxlamaq istədiyini ona bildirmişdir. Daha sonra fermada olan digər çobanlar Elşad Məmmədov, Mərdan Quliyev və Röfətin yanında 5 (beş) baş qoç almaq üçün ondan 1500 (min beş yüz) manat pul istəmiş və əgər niyyəti alınmasa aldığı pulun borc və yaxud əmək haqqı kimi hesablanmasını təklif etmişdir. Cavabdeh həmin vaxtı adları qeyd olunan çobanların yanında ondan 1500 (min beş yüz) manat pulu alıb getmiş və sonradan bir daha fermaya gəlməmiş, o, cavabdehə məxsus telefon nömrələrinə dəfələrlə zəng vursa da, cavabdeh onun telefon zənglərinə cavab verməmişdir. O, 2023-cü ilin may ayının 1-də Cavabdeh bacanağı Zaur İsmayılov adlı şəxslə görüşüb qohumu Rüstəm barədə polis şöbəsinə şikayət edəcəyini bildirmiş, bundan sonra Cavabdeh qohumu Zaurla birlikdə onunla əlaqə saxlayaraq görüşüb borcunu bir ay ərzində qaytaracağına dair vəd vermişdir. Həmçinin cavabdeh onda olan cib dəftərçəsində qeyd apararaq 2023-cü ilin may ayının 15-nə kimi 700 (yeddi yüz) manat və may ayının 31-nə kimi 794 (yeddi yüz doxsan dörd) manat borcunu ödəyəcəyinə dair öhdəlik götürərək imza etmişdir. Lakin Cavabdeh verdiyi vədə əməl etməmiş və onun zənglərinə cavab verməyərək 1500 (min beş yüz) manat borcunu qaytarmadığına görə, o, məcburiyyət qarşısında Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Göygöl Rayon Polis Şöbəsində ərizəsi araşdırıldıqdan sonra mübahisəsinin mülki xarakterli olması və bunun üçün məhkəməyə müraciət etməsi barədə ona qərar verilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir və Cavabdeh 1500 (min beş yüz) manat pulun alınıb ona qaytarılmasını tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir Cavabdeh 23 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, İddiaçı ona qarşı iddiasını qəbul edir, 1500 (min beş yüz) manat əsas borcu və 40 (qırx) manat dövlət rüsumunu ödəməyə razıdır (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Göygöl Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Elmir Qarayev tərəfindən qəbul edilmiş, 11 iyul 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın məzmunundan görünür ki, X1 izahatında bildirmişdir ki, “2023-cü ilin aprel ayında Göygöl rayonunun Çaylı kəndində fermanı işlədən Kamandar adlı şəxsin yanında çoban işləmişdir. Həmin tarixdə Kamandar fermaya kömək məqsədilə Rüstəm adlı şəxsi gətirmişdir. Rüstəm adlı şəxs bir gün səhər tezdən gəlmiş və axşam briqader Kamandar, çobanlardan Mərdan, Röfət və o həyətdə yığışmışdır. Rüstəm Kamandara yaxınlaşaraq qaynatasının 15 baş xırdabuynuzlu heyvanı ona pay verdiyini, gətirib həmin fermada saxlayacağını bildirmişdir. Kamandar Rüstəmə bəri başdan 1500 (min beş yüz) manat olan əmək haqqısını vermişdir.” İddiaçı ilə Cavabdeh arasındakı mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1 - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2 - əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. -1092.2-ci maddəsinə görə, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir; “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə mülki işin faktiki hallarına, tədqiq edilmiş sübutlara, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh hüquqi əsas olmadan İddiaçı hesabına 1500 (min büş yüz) manat varlanmışdır (əsassız varlanma)- cavabdeh iddianı etiraf etmişdir. Odur ki, iddiaçı cavabdehdən hüquqi əsas olmadan əldə etdiklərini geri qaytarmağı tələb etməkdə haqlıdır. Belə olan halda, Cavabdeh 1500 (min beş yüz) manat məbləğdə pul vəsaiti alınıb iddiaçıya verilməlidir. Həmçinin, iddia tələbi təmin edildiyinə görə, iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun pul əvəzi də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1500 AZN (bir min beş yüz manat) məbləğdə əsas borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 40 AZN (qırx manat) dövlət rüsumunun pul əvəzi, cəmi 1540 AZN (bir min beş yüz qırx manat) pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar