Məhkəmə qərarları › İş №2(040)-619/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-619/2025

29.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-619/2025 29.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 7385 (yeddi min üç yüz səksən beş) manat məbləğində pulun, ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 20 sentyabr 2023-cü il tarixdə Goranboy rayon Qaraçinar kəndində məskunlaşmış əslən Kəlbəcər rayonunun İlyaslar kəndindən olan Cavabdeh ona məxsus olan kafedə nisyə çörək yeyərkən ona bildirmişdir ki, N saylı hərbi hissənin 3-cü taborunda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur. Həmin hərbi hissədə gizir vəzifəsində xidmət etməyə adam lazım olduğunu bildirdi. Yaxınları, qohumlanı varsa köməklik edə biləcəyini bildirdi. O da həmin vaxt ona bildirmişdir ki, qardaşı oğlu müddətli həqiqi hərbi xidmətini başa vurub, müharibə veteranıdır. Ona köməklik edə bilərmi?. Rövşən “köməklik edərəm, amma bir az xərciniz çıxacaq” demiş, o da nə qədər xərcləri çıxacağını soruşduqda, 6000 (altı min) manat olduğunu demişdir. O, razılaşmış və 6000 (altı min) manatı şahidləri Cənnət Muradov və Şahid1la birlikdə Rövşənə vermişdir. Bir müddətdən sonra cavabdeh kafeyə gələndə işin düzəlib-düzəlməməsi barədə yaxınlaşıb soruşmuşdur. Cavabdeh işin düzələcəyini demişdir. Həmin vaxtlarda kafeyə gələndə Cavabdeh yoldaşı ilə 1385 (min üç yüz səksən beş) manatlıq yemək yeyib, həmdə pul alıb ki, onların işinə lazımdır. Hal-hazıradək nə iş düzəltməyib nədə pulu qaytarmayıb. Hər dəfə pulunu istəyəndə ona ***-***-**-**; ***-***-**-** nömrələrlə zəng vuraraq hədə-qorxu gələrək “səni güllələyəcəm, məndən şikayət etsən bildirəcəm ki, iş düzəltmək üçün deyil, sələmə verilib pul” deyərək pulunu qaytarmaqdan imtina edir. O, bugünə qədər cavabdehə verdiyi borc pulu dəfələrlə istəsə də, cavabdeh könüllü olaraq aldığı borcu qaytarmaq istəmir. Hər dəfə də onu aldadır, ona hədə-qorxular gəlir. Dəfələrlə cavabdehlə telefonda danışaraq pulu istəmişdir. Həmin telefon danışıqlarında cavabdehin ona borclu olduğunu sübut edən faktlar var, məhkəməyə təqdim edir. Sonra o, Azərbaycan Respubilkasının Müdafiə nazirinin müavini- Quru Qoşunların komandirinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə, Azərbaycan Respublikasının Baş Prokuroruna, Azarbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Tərtər rayon Hərbi Prokuroruna ərizə ilə müraciətlər etmişdir. Daxil olan məktubları məhkəməyə təqdim edəcəkdir. Kəlbəcər Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2(040)-810/2024 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh tərəfindən Kəlbəcər Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2(040)-810/2024 saylı qiyabi qətnaməsinin ləğvinə dair 18 mart 2025-ci il tarixdə ərizə verilmiş, Kəlbəcər Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2(040)-619/2025 saylı qərardadı ilə Kəlbəcər Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2(040)-810/2024 saylı qiyabi qətnaməsi ləğv edilmiş və mülki iş təzələnərək mahiyyəti üzrə 29 aprel 2025-ci il tarixə baxılmağa təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, o, əvvəllər iddiaçıdan faizlə (sələmə) 300 (üç yüz) manat pul götürmüş və götürdüyü pulu da faizi ilə birlikdə qaytarmışdır. İddiaçının hazırda ondan pul tələb etməsi həqiqəti əks etdirmir, belə ki, iddiaçının iddia tələbində ona pul verildiyini göstərdiyi vaxtda, yəni 20 sentyabr 2023-cü il tarixdə, o, Qarabağda keçirilən xüsusi əməliyyatlarda iştirak etmək üçün döyüş təyinatlı rayonlarda olmuşdur. Bununla bağlı şahidləri və sübutları da vardır. Döyüşdə olduğu müddətdə iddiaçıdan necə pul ala bilərdi? İddiaçının bildirdikləri tamamilə şər və böhtandan ibarətdir. O, iddia tələbində göstərilən vaxtda iddiaçıdan pul almamışdır və iddiaçıya da heç bir borcu yoxdur. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, o, 2020-ci ilin sentyabr ayından müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (“MAXE”) kimi xidmət etmiş, hazırda ehtiyatdadır. Vətən müharibəsində və bir sıra hərbi əməliyyatlarda iştirak etmişdir. 2023-cü ilin sentyabr ayının 17-si hərbi əməliyyatlarda iştirak etmək üçün onlar, yəni onun özü, Rövşən və digər döyüş yoldaşları Ağdərə rayonuna yollanmışlar, sentyabr ayının 19-u döyüş başlamış, növbəti gün yəni, sentyabr ayının 20-si günorta saatlarında döyüş başa çatmışdır. Onlar 2023-cü ilin sentyabr ayının 30-dək Ağdərə rayonunda olmuş, sentyabr ayının 30-u isə hərbi hissəyə qayıtmışlar. O, şahid olaraq, Cavabdeh 2023-cü ilin sentyabr ayının 17-dən sentyabr ayının 30-dək hərbi əməliyyatlarla əlaqədar Ağdərə rayonunda olmasını təsdiq edir. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı (məhkəmə hərbi hisənin nömrəsini qətnamədə açıqlanmasını məqsədəmüvafiq hesab etmir-hakimin qeydi) hərbi hissəsində hərbi qulluqçu olmaqla taqım komandiri, baş gizirdir. 2023-cü ilin sentyabr ayının 17-si hərbi əməliyyatların başlaması ilə əlaqədar Ağdərə rayonuna yollanmışlar, Rövşən də onun tabeliyində olan taqımın sürücüsü olmuşdur. Onlar 2023-cü ilin sentyabr ayının 30dək Ağdərə rayonunda olmuşlar. Cavabdeh 2023-cü ilin sentyabr ayının 17-dən sentyabr ayının 30-dək hərbi əməliyyatlarla əlaqədar Ağdərə rayonunda olmasını təsdiq edir. İş materiallarında olan, məhkəmənin sorğusuna əsasən Goranboy Rayon Polis Şöbəsi rəisinin 28 oktyabr 2024-cü il tarixli 3-13-75/2—21312/24 saylı məktubuna əlavə olunaraq məhkəməyə göndərilmiş: Goranboy Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X1 tərəfindən qəbul edilmiş 08 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda Cavabdeh izhatı olaraq göstərilir ki, Cavabdeh 2022-ci ilin noyabr ayında İddiaçı əməkhaqqı kartını verib 20 faiz sələm ödəmək şərti ilə 1200 (bir min iki yüz) manat borc aldığını və İddiaçı onun əməkhaqqı kartından 07 mart 2023-cü il tarixədək hər ay 1317 (bir min üç yüz on yeddi manat) olmaqla cəmi 5268 (beş min iki yüz altmış səkkiz) manat pul çıxarmış, 07 mart 2023-cü il tarixdə İddiaçı məxsus kafeyə gedib orada İddiaçı 3600 (üç min altı yüz) manat pul verdiyini və İddiaçı öz kartını geri istəyəndə Ağanın ona Bakı şəhərinə getmək üçün tələsdiyini, kartı Bakı şəhərindən gəldikdən sonra qaytaracağını bildirmiş, bundan sonra dəfələrlə Ağadan özünün maaş kartını geri iustəsə də, Ağa özünün başqa yerdə olduğunu və gələndə kartını özünə qaytaracağını bildirmişdir. Bundan sonra, o, 2023-cü ilin aprel ayınadək maaş kartına köçən əməkhaqqınıl başqa karta yönəldib çıxarmışdır. 07 aprel 2023-cü il tarixdə İddiaçı təkrar 3000 manat (əslində izahatın özündə 300 manat göstəribhakimin qeydi) 20 faizlə sələmə pul götürmüş, həmin pulu maddi imkanı zəif olduğuna görə ödəyə bilməmişdir. Polisdə aparılmış həmin araşdırmanın nəticəsi olaraq Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı pulu almaq üçün mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan, məhkəmənin sorğusuna əsasən Goranboy Rayon Polis Şöbəsi rəisinin 28 oktyabr 2024-cü il tarixli 3-13-75/2—21312/24 saylı məktubuna əlavə olunaraq məhkəməyə göndərilmiş: Cavabdeh 27 may 2024-cü il tarixdə Goranboy Rayon Polis Şöbəsində (təhqiqatçı E.Qurbanov) verdiyi izahatın fotosurətindən görünür ki, Cavabdeh izahatında 07 aprel 2023-cü il tarixdə İddiaçı təkrar aldığı borcun miqdarını Goranboy Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X1 tərəfindən qəbul edilmiş 08 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda göstərildiyi kimi 3000 (üç min) manat deyil, əslində 300 (üç yüz) manat göstərmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı (məhkəmə hərbi hisənin nömrəsini qətnamədə açıqlanmasını məqsədəmüvafiq hesab etmir-hakimin qeydi) hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarışdan görünür ki, əmrdə “Qarabağ iqtisadi zonasının inzibati ərazisində keçirilməsi planlaşdırılan xüsusi əməliyyatlarda iştirak etmək məqsədi ilə hərbi hissənin aşağıda adları qeyd olunan hərbi qulluqçuları 17 sentyabr 2023-cü il tarixdən döyüş təyinatı rayonlara çıxmış hesab edilsinlər: ...MAHHXHQ çavuş Cavabdeh” göstərilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı (məhkəmə hərbi hisənin nömrəsini qətnamədə açıqlanmasını məqsədəmüvafiq hesab etmir-hakimin qeydi) 290 nömrəli əmrindən çıxarışdan görünür ki, əmrdə “Qarabağ iqtisadi zonasının inzibati ərazisində keçirilən xüsusi əməliyyatlarda iştirak etmək məqsədi ilə döyüş təyinatı rayonlara getmiş hərbi hissənin aşağıda adları qeyd olunan hərbi qulluqçuları 30 sentyabr 2023-cü il tarixdən gəlmiş hesab edilsinlər və qazan təminatına qoyulsunlar: ...MAHHXHQ çavuş Cavabdeh” göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmiş, həmçinin tərəflər arasında öhdəlik barədə hər hansı razılaşmanın olmasını və ya öhdəliyin pozulmasını təsdiq edəcək sübut iş materiallarında aşkar olunmamışdır. Bundan əlavə, iddiaçının cavabdehə 6000 (altı min) manat pul verməsini iddia etdiyi vaxtda (20 sentyabr 2023-cü il) Cavabdeh hərbi əməliyyatlarda iştirak etməsi (17 sentyabr 2023-cü ildən 30 sentyabr 2023-cü il tarixədək) və bununla bağlı sübutları məhkəməyə təqdim etməsi, həmçinin cavabdehin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri iddiaçının tələbinin tam əsassız olduğunu təsdiq edir. Belə olan halda, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə ( “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar