Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-620/2025 12.06.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul borcunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ondan borc aldığı 7000 (yeddi min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun həm bacısı oğlu, həm də kürəkəni olmuşdur. Cavabdeh 2024-cü ilin sentyabr ayında onlara gələrək maşın almaq istədiyini, lakin pulu çatmadığı üçün ala bilmədiyini bildirmiş, ondan borc pul istəmişdir. O da 9000 (doqquz min) manat məbləğində pulu gətirib cavabdehə vermişdir. Cavabdeh borcunu tez bir zamanda qaytaracağına dair vəd vermiş, bu barədə razılaşmışlar. Artıq beş aydan artıq olar ki, cavabdehlə qızı Türkan arasındakı münasibətlər pozulmuş və qızı cavabdehdən ayrılaraq onun yanına gəlmişdir. Buna görə də o, cavabdehdən özünün verdiyi 9000 (doqquz min) manat borcunu qaytarmasını istəmişdir. Cavabdeh borcundan 2000 (iki min) manatını ona qaytarsa da, qalan 7000 (yeddi min) manatı könüllü qaytarmaq istəmir. O, hər dəfə pulunu istədikdə cavabdeh müxtəlif bəhanələr gətirərək vaxtı uzadır. Ona görə də cavabdehin bu cür hərəkətlərindən yaşadığı ərazi üzrə Goranboy Rayon Polis Şöbəsinə şikayət etmiş, polis şöbəsindən ona işinin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu barədə Goranboy Rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarının surətini iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh aldığı pulu könüllü olaraq qaytarmaq istəmir. Qeyd edilən səbəblərdən, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin ondan borc aldığı 7000 (yeddi min) manat məbləğində pulun məhkəmə qaydasında alınıb ona verilməsini xahiş edir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir Cavabdeh 07 may 2025-ci il tarixdə iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, həm xalası, həm də qaynanası olan İddiaçı arvadının müalicəsi məqsədilə 2024-cü ilin sentyabr ayında 9000 (doqquz min) manat pul almışdır. Həmin pulu iddiaçı ona öz qızının, yəni cavabdehin arvadının müalicəsi üçün vermişdir. İddiaçıdan aldığı həmin 9000 (doqquz min) manatdan 2000 (iki min) manat sonradan iddiaçıya qaytarmış, qalan 7000 (yeddi min) manatdan da 2000 (iki min) qaytaracaqdır. Qalan 5000 (beş min) manat məbləğində pulu isə arvadının müalicəsinə xərcləmişdir (bu barədə yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Goranboy Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 qəbul etdiyi 03 mart 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış, törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 422 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı mülki tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olmasının izah olunması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçıya 7000 (yeddi min) borclu olduğu təsdiqini tapmış, belə ki, cavabdeh iddiaçıdan 2024-cü ilin sentyabr ayında 9000 (doqquz min) manat pul aldığını və həmin puldan sonradan iddiaçıya 2000 (iki min) manat) qaytardığını, qalan 7000 (yeddi min) manat pulu qaytarmadığını etiraf etmişdir. Belə olan halda Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçıa verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 7000 (yeddi min) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev.
Məhkəmə qərarları › İş №2(040)-620/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-620/2025
12.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver