Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-621/2025 10.06.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (yaxın qohumu) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul borcunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 18900 (on səkkiz min doqquz yüz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, müddətdən artıq həqiqi hərbi qulluqçu kimi N saylı hərbi hissənin “komando” birliyində xidmət etmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “Cəsur döyüşçü”, “Suqovuşaının azad edilməsi” medalları, Azərbaycan Respublikasının Baş nazirinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikası Prezidenti adından müdafiə nazirinin əmri ilə “Qüsursuz xidmətə görə 3-cü dərəcəli” medalı ilə təltif edilmişdir. 2023-cü ildə keçirilən antiterror əməliyyatları zamanı kəllə-beyin travması almışdır; o, hətta hazırda da xəstəliyi ilə bağlı nitq qabiliyyətini tamamilə itirmişdir. Hazırki iddianı da nümayəndəsi olan atası onun adından yazmışdır. 12 oktyabr 2023-cü il tarixdə onun nitqində olan qüsurdan istifadə edən hazırki cavabdeh- hərbçi yoldaşı, gizir Cavabdeh, baş gizir Eşqin Quliyev və baş leytenant, bölük komandiri X1 ilə əlbir olub onu “Kapitalbank”a zamin durmaq adı ilə apararaq onun adına 18900 (on səkkiz min doqquz yüz) manat kredit götürüblər. Cavabdeh həmin krediti ödəmədiyinə görə o özü ödəmək məcburiyyətində qalmışdır. Cavabdehlə atasının “Vhatsapp” yazışmalarında krediti ödəyəcəyinə dair vəd versə də, ödəniş etməmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş və onu məhkəmə iclasında nümayəndəsi (atası) Nümayəndə etibarnamə əsasında təmsil etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı 08 iyun 2025-ci il tarixdə məhkəməyə yazılı vəsatət göndərərək, hazırda səhhətində yaranmış problemlərlə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixatriya Xəstəxanasında müalicə aldığını, müalicənin şərtləri ilə əlaqədar olaraq sənədlərin alınmasında, ümumiyyətlə heç bir sənədləşmə işində iştirak edə bilmədiyini bildirmiş, iş üzrə onun adına “Kapital bank”ın Goranboy filialından 12 oktyabr 2023-cü il tarixində verilmiş 18900 (on səkkiz min doqquz yüz) manat kredit üzrə sənədlərin məhkəmə işinə əlaqvə edilməsi üçün həmin bankın filialına məhkəmə sorğusu göndərilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət 10 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında müzakirə edilmiş, sorğu edilməli olan məlumatlar hazırki mülki işin mahiyyəti üçün əhəmiyyət kəsb etmədiyinə görə vəsatət rədd edilmişdir. İddiaçı nümayəndəsi (yaxın qohumu) Nümayəndə iştirak etdiyi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh İddiaçı ilə eyni hərbi hissədə xidmət etmişdir. Cavabdeh onun oğluna yaxınlaşaraq anasının onkoloji xəstə olduğu üçün pul lazım olduğunu bildirmiş, onun oğlundan kredit götürmək üçün zamin olmasını xahiş etmişdir. Ancaq oğlunun xəstəliyindən istifadə edərək onun adına 18900 (on səkkiz min doqquz yüz) manat məbləğində kredit götürmüş, həmin məbləğin 1000 (bir min) manatını baş leytenant, bölük komandiri Eşqin Babazadənin bank kartına göndərmişlər. Odur ki, 18900 (on səkkiz min doqquz yüz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddiaçının izahatını və iş materiallarını araşdırmaqla hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. İddiaçı cavabdehin ona 18900 (on səkkiz min doqquz yüz) manat pul borclu olduğunu bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, həmçinin tərəflər arasında öhdəlik barədə hər hansı razılaşmanın olmasını və ya öhdəliyin pozulmasını təsdiq edəcək sübut iş materiallarında aşkar olunmamışdır; cavabdehin iddiaçıya borclu olduğu məhkəmə icraatında öz təsdiqini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (eyni zamanda “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-621/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-621/2025
10.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver