Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-633/2025 05.06.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi”əri X2 ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, əri X2 19 fevral 2025-ci ildə Bakı şəhəri Surxanı rayonu Bülbülə qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri X3 19 fevral 2025-ci ildə müvəqqəti məskunlaşdıqları Suraxanı rayonunun Bülbülə qəsəbəsində vəfat etmiş, təcili tibbi yardım çağırsalar da, təcili tibbi yardım gələndə əri artıq vəfat etmişdi. Təcili və X1 stansiyasının 11 saylı bölməsinin təcili tibbi yardım briqadasının verdiyi xəbərdarlıq vərəqəsini xəstəxanaya təqdim etsə də, ölüm haqqında tibbi şəhadətnaməni ona verməmişlər. Kəlbəcər Rayon Xəstəxanasından da bildirmişlər ki, ölüm halı təcili tibbi yardım gəldiyi vaxta qədər baş verdiyinə görə, həmin xəbərdarlıq vərəqəsinə əsasən tibbi şəhadətnamə verilmir. O, özündə olan sənədlərlə Maraqlı şəxsnə müraciət etmiş, həmin qurum tərəfindən ona bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnaməni vermək onların imkanları xaricindədir. Odur ki, yoldaşının ölümünü təsdiq etdirmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmasına baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək ərinin ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 ifadəsində bildirmişdir ki, ərizəçi ilə uzaq qohumdurlar. O, 19 fevral 2025-ci il tarixdə qohumu X2 yaşadığı mənzilə çatdıqda Qabil Əşrəfov artıq ölmüşdü. Şahid olaraq, X2 19 fevral 2025-ci il tarixdə Bakı şəhəri Surxanı rayonu Bülbülə qəsəbəsi 3-cü mədən küçəsi ev 015-də vəfat etməsini təsdiq edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, X3 onun dayısıdır.19 fevral 2025-ci il tarixdə bibisi onlara zəng edərək dayısının səhhətinin pisləşdiyini bildirmiş, onlar həmin ünvana çatdıqda artıq dayısı ölmüşdü. Şahid olaraq, X2 19 fevral 2025-ci il tarixdə Bakı şəhəri Surxanı rayonu Bülbülə Bülbülə qəsəbəsi 3-cü mədən küçəsi ev 015-də vəfat etməsini təsdiq edir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 02 aprel 2025-ci il tarixli 103 nömrəli məktubdan görünür ki, Ərizəçi əri X2 ölümü haqqında tibbi şəhadətnaməni təqdim etmədiyi üçün ölüm haqqında akt qeydinin tərtib edilməsi imkanları xaricindədir. Ölüm faktının təsdiq edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Qaraçanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 04 mart 2025-ci il tarixdə verilmiş məktubdan görünür ki, nümayəndəliyin Xoləzəy kənd sakini X3 19 fevral 2025-ci il tarixdə müvəqqəti məskunlaşdığı Suraxanı rayonu Bülbülə qəsəbəsində vəfat etmişdir. İş materiallarında olan: Bakı şəhər Təcili və X1 Stansiyasının 11 saylı bölməsi tərəfindən verilmiş 19 fevral 2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası 19 fevral 2025-ci il tarixdə saat 21:40-da Bülbülə qəsəbəsi İİİ mədən ev 015 ünvanına gəlmiş, X2 (yaş: 52) təcili tibbi yardım briqadası gələndək öldüyü (həkimə qədər ölüm) müəyyən edilmişdir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, ərizəçinin əri- 15 yanvar 1973cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Xoləzəy kəndində doğulmuş X3 19 fevral 2025-ci il tarixdə Bakı şəhəri Surxanı rayonu Bülbülə qəsəbəsində vəfat etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 15 yanvar 1973-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Xoləzəy kəndində doğulmuş X2 19 fevral 2025-ci ildə Azərbaycan Respublikasının Bakı şəhəri Surxanı rayonu Bülbülə qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçinin əri- 15 yanvar 1973-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Xoləzək kəndində doğulmuş X2 19 fevral 2025-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərinin Suraxanı rayonunun Bülbülə qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X2 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-633/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-633/2025
05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver